RU

Pakistanda 27 sentyabr - Anım Günü ilə bağlı konfrans keçirilib

27 sentyabr-Anım Gününün beşinci ildönümü münasibətilə Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən nüfuzlu universitetlərindən Milli Elm və Texnologiya Universitetindəki (NUST) Heydər Əliyev Auditoriyasında "27 sentyabr - Anım Günü: Şanlı qəhrəmanlıq" mövzusunda konfrans keçirilib.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizə dərin ehtiramın ifadəsi olan tədbirdə xarici ölkələrin səfirləri, senatorlar, elm adamları, NUST-ün müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin təmsilçiləri, KİV və QHT nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən dualar oxunub, ölkəmizə və xalqımıza əmin-amanlıq, sülh, inkişaf və tərəqqi arzulanıb. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və anım günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, 2020-ci il sentyabrın 27-də ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük İkinci Qarabağ Müharibəsindən bəhs edərək  Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığı Vətən müharibəsinin nəticəsində ölkəmizin BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etdiyini iştirakçıların diqqətinə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycan 44 gün davam edən Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb. O əlavə edib ki, 19-20 sentyabr 2023-cü il tarixində 24 saatdan da az müddət ərzində həyata keçirilən antiterror tədbirləri çərçivəsində ölkəmizdə tam suverenliyimiz bərpa olunub. Beləliklə də bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.

Səfir qardaş Pakistanın istər keçmiş münaqişə, istərsə də Vətən Müharibəsi dövründə Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi mənəvi və siyasi dəstəyinin dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusilə diqqətə çatdırıb.

Diplomat hazırda Qarabağ və Şərqi Zəngəzur rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında danışaraq, Böyük Qayıdış proqramı çərçivəsində əhalinin öz ata yurdlarına təhlükəsiz şəkildə qayıtması, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində uğurla həyata keçirilən işlər barədə iştirakçılara müfəssəl məlumat verib.

Bununla yanaşı Xəzər Fərhadov Cənubi Qafqazda və ümumilikdə regionda davamlı sülhün, rifahın və təhlükəsizliyin təmin olunmasında ölkəmizin növbəti uğurları barədə də danışıb.

Daha sonra hələ Pakistan Senatının Müdafiə Daimi Komitəsinin sədri olduğu dövrdə Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasında Azərbaycanın mövqeyinə xüsusi dəstək vermiş Muşahid Hüseyn, həmçinin, NUST-ün prorektoru Məhəmməd Arif Malik, Bəhriə Universitetinin sosial elmlər fakültəsinin dekanı Adam Saudun, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəmin və digər şəxslərin çıxışları dinlənilib. Qeyd olunub ki, beş il öncə başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsinin səbəbləri və nəticəsi, düşmənin sonadək Azərbaycanın bütün ərazilərindən qovulması və erməni işğalına son qoyulması, həmçinin uzun illər bölgə üçün böyük təhlükə mənbəyinə çevrilmiş münaqişənin Azərbaycanın müzəffər Ordusunun Zəfər yürüşü nəticəsində uğurla və ədalətlə həll edilməsi Cənubi Qafqaz və bütövlükdə regionda davamlı sülhə, rifaha və təhlükəsizliyə misilsiz töhfə verəcək.

Sonda tələbələri və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad

 

Избранный
6
2
xalqqazeti.az

3Источники