RU

Ağdamda "PeşəFest" keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi "PeşəFest" bu dəfə Ağdam rayonunda keçirilib.

Qaziler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Peşə öyrən, gələcəyini qur!" devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Ağdam və ətraf rayonlardan dövlət və özəl qurumların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festivalın açılış mərasimində çıxış edən V.Həsənov əmək bazarında aktual olan peşələrin gənclərə və yeniyetmələrə tanıdılmasında "PeşəFest"in xüsusi rolunu, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.

S.Əliyev "PeşəFest"in məqsədini diqqətə çatdıraraq, gənclərin maarifləndirilməsinin və düzgün peşə seçiminin həm onların gələcəklərini, həm də əmək bazarının balanslı inkişafını təmin etdiyini vurğulayıb.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.

Festivalda Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ "DOST Evi" filialının benefisiarları da iştirak edərək musiqi nömrələri təqdim ediblər.

Festivalın təşkil olunacağı digər ünvan və tarixlər isə belədir:

• İmişli – 1 oktyabr / Heydər Əliyev parkı

• Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı

• Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı

• Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı

• Xaçmaz – 13 oktyabr / Zəfər parkı

• Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park

"PeşəFest"də 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

Festival iştirakçıları bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Избранный
8
13
qaziler.az

10Источники