RU

Rusiya Moldovanı İTİRDİ – Moskva revanş planı HAZIRLAYIR?

Məlum olduğu kimi Moldovada başa çatan parlament seçkiləri rusiyayönümlü qüvvələrin məğlubiyyətilə yekunlaşıb.
 

Səslərin 99,5 faizinin hesablanması fonunda prezident Maya Sandunun Qərbyönümlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 49,93 faizlə seçki marafonunun qalibi olub. İkinci yerə isə 24,32 faizlə sosialist-kommunistlərdən ibarət rusiyapərəst "Vətənpərvərlər Bloku" çıxıb.


Daha bir Avropameyilli Alternativ Partiyası 8 faiz səslə üçüncü olub. Rumıniyaya birləşmənin tərəfdarı olan Vasile Kostyukun milli-konservativ "Evdə Demokratiya" bloku 5,64, populist Renato Usatın "Bizim Partiya” təşkilatı isə 6 faizə qədər səs toplayıb. 

Moldovadakı seçkinin nəticəsi Rusiyanın bölgəyə təsirinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.

Hərçənd ki, Rusiya tanınmayan Dnestyanıda hərbi qüvvə saxlamaqla bölgəni hələ də təhdid altında saxlayır. Digər tərəfdən, Rusiya özünə bağlı qüvvələrin təbliğatına geniş dəstək verib. Buna rəğmən rusiyapərəst qüvvələr ağır məğlubiyyətə düçar oldular.

Təcrübə göstərir ki, bir çox hallarda Rusiya mövqeyini itirmək ərəfəsində olduğu ölkələrdən qisas almaq yolunu seçir.

Görəsən, yaranmış vəziyyətdə Moskva Moldovadan necə qisas alacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiya mövcud vəziyyətə görə, qisas almaq deyil, dərs götürmək, qənaətlər çıxarmaq barədə düşünməlidir:

“Sandu komandasının qələbəsində ikili vətəndaşlıq amili rol oynayıb. Məsələ ondadır ki, Moldovada yaşayan əsas kontingent şərqpərəst, rusiyapərəstdir. Çünki çörəkləri oradan çıxır, əsas bazarları da Rusiya və digər postsovet ölkələridir. Sandunun komandası isə məhz Qərbdə yaşayan soydaşlarının hesabına qələbə çalıb.

Moldovanın əksər insanları ikili vətəndaşlığa sahibdir. Onların Moldova vətəndaşlığı ilə bərabər Rumıniya vətəndaşlığı da var. Bu da onlar üçün müəyyən imtiyazlar vəd edir, Avropa İttifaqı ölkələrinə gediş-gəliş zamanı əziyyət çəkmir, Qərb ölkələrində müəyyən imkanlar əldə edirlər”.

Moskva mövcud vəziyyətlə barışmalıdır.

Həmsöhbətimizin fikrincə, Moldova seçicisini sözügedən qənaətə gəlməyə məhz Qərbdəki imkanların daha cəlbedici olması sövq edib:

“Digər tərəfdən, Sandu komandasına rəqib olan qüvvələr daha çox oliqarxlardır ki, bu isə insanlarda bir o qədər də təqdir olunmur. Məğlub olanların günahı özlərindədir. Onlar təbliğat, təşviqat işini düzgün qura, elektoratı səfərbər edə bilməyiblər. Məğlublar acı nəticədən yeni nəticələr çıxarmalıdır ki, gələcəkdə anoloji vəziyyətlə üzləşməsinlər. Moskva da bununla barışmalıdır”.

Rüfət Sultan, Bizim.Media  

Избранный
31
1
bizim.media

10Источники