RU

“İlham Əliyev Azərbaycanın Avropa üçün əvəzolunmaz tərəfdaş imicini formalaşdırıb”

"Prezident İlham Əliyev uzun illərdir yürütdüyü balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursu ilə Azərbaycanı regional güc, eyni zamanda qlobal siyasətdə ciddi tərəfdaş kimi formalaşdırıb. Onun rəhbərliyi ilə Azərbaycan yalnız enerji sahəsində deyil, eyni zamanda nəqliyyat, təhlükəsizlik və diplomatiya istiqamətlərində də mühüm təşəbbüslərlə çıxış edir.

Avropa Siyasi Birliyi Zirvəsinə dəvət də İlham Əliyevin qitə liderləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti sübutudur".

Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib.

EFSANE.jpg

O qeyd edib ki, Prezidentin bu tədbirdə iştirakı Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərindəki fəallığını göstərir:

"Əsas məqsəd Avropa dövlətləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətləri daha da inkişaf etdirməkdir. Prezident İlham Əliyevin çıxışlarında daim diqqətə çatdırdığı əsas tezis Azərbaycanın daxili işlərinə müdaxilə olunmaması və əməkdaşlığın qarşılıqlı maraqlara söykənməsi prinsipial mövqe kimi təqdim olunur. Azərbaycan bu gün Avropa üçün bir sıra vacib sahələrdə əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Azərbaycan-Avropa münazibətlərində enerji təhlükəsizliyi məsələsi xüsusi olaraq diqqəti çəkir. Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində açar rola malikdir".

Siyasi şərhçi vurğulayıb ki, Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı sayəsində Azərbaycan qitənin enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır:

"Azərbaycan-Avropa arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan "Orta Dəhliz"in – Çin ilə Avropa arasında alternativ nəqliyyat marşrutunun əsas bəndlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri bu baxımdan Avropanın diqqət mərkəzindədir. Sülh və təhlükəsizlik təşəbbüsləri "qoca qitə"nin diqqət mərkəzindədir.

Azərbaycanın bölgədə uzunmüddətli sülhə yönələn bu təşəbbüsləri, xüsusən Ermənistanla normallaşma prosesi həm regional, həm də qlobal sabitlik üçün vacibdir. İlham Əliyevin bu istiqamətdə atdığı ardıcıl və konstruktiv addımlar Avropa dövlətləri tərəfindən də dəstəklənməkdədir.

Həmçinin nəzərə alaq ki, Azərbaycan mədəni və siyasi dialoqun ən böyük örnəyini təqdim edir. Ölkəmiz multikulturalizm və dini tolerantlıq sahəsində nümunəvi ölkə kimi Avropada tanınır. Bu da onu Avropa Siyasi Birliyi çərçivəsində dialoq üçün vacib tərəfdaş edir".

Xalidə GƏRAY
Musavat.com

Избранный
20
50
musavat.com

10Источники