Azərbaycanda ictimai nəqliyyatda tarif dəyişikliyi iqtisadi əsaslandırma ilə izah olunsa da, onun sosial ölçüləri, xüsusən də aşağı gəlirli qruplara təsiri barədə düşünmək zəruridir. Çünki ictimai nəqliyyat təkcə hərəkət vasitəsi deyil, həm də vətəndaşın gündəlik həyat keyfiyyətinə, təhsil və məşğulluq imkanlarına birbaşa təsir göstərən amildir.
Artımın səbəbləri arasında yanacaq, texniki xidmət, amortizasiya və işçi xərclərinin yüksəlməsi göstərilir. Lakin sosial baxımdan bu, şagirdlər, tələbələr, təqaüdçülər, aztəminatlı ailələr və gündəlik nəqliyyatdan istifadə edən insanlar üçün real əlavə xərclər yaradır. Gediş haqqındakı 10 qəpik fərq, ay ərzində 10–20 manatlıq əlavə yük deməkdir ki, bu da minimum əməkhaqqı və təqaüd artımı ilə kompensasiya olunmur.
Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycanda bələdiyyələrin balansında ictimai nəqliyyat yoxdur. Deməli, sosial tənzimləmə və güzəşt siyasəti bələdiyyə səviyyəsində deyil, mərkəzi icra hakimiyyəti orqanlarının tənzimləməsi çərçivəsində həyata keçirilməlidir. Bu, məsuliyyətin tam şəkildə dövlət strukturlarının üzərinə düşməsi deməkdir.
Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə ictimai nəqliyyat tarifləri artırılarkən sosial diferensiallaşdırma prinsipi əsas götürülür. Almaniyada tələbələr üçün semestr bileti sistemi mövcuddur. Onlara bir dəfə ödəniş etməklə semestr ərzində limitsiz səyahət hüququ verilir. Sosial yardım alanlar üçün “Sozialticket” adlanan endirimli kartlar tətbiq olunur.
Fransada gəlir səviyyəsinə uyğun endirimlər müəyyən edilir, çoxuşaqlı ailələr və tələbələr üçün ayrıca güzəştlər verilir. Böyük Britaniyada 65 yaşdan yuxarı şəxslər üçün ictimai nəqliyyat tam pulsuzdur, gənclər üçün isə 30 faizlik endirim kartları tətbiq edilir. Türkiyədə 65 yaşdan yuxarı və əlilliyi olan şəxslər nəqliyyatdan pulsuz istifadə edirlər, tələbələr üçün isə 50 faizlik endirim sistemi tətbiq olunur.
Bu təcrübə göstərir ki, qiymət artımı ilə paralel olaraq sosial balanslaşdırıcı mexanizmlər qurulmadıqda, ictimai nəqliyyat öz mahiyyətini, yəni “ictimai xidmət” prinsipini itirir. Azərbaycan üçün belə mexanizmlər dövlətin mövcud idarəetmə strukturları çərçivəsində həyata keçirilə bilər. Bunun üçün bir neçə istiqamət real və praktik görünür.
Əvvəla, tələbələr, təqaüdçülər, əlilliyi olan şəxslər, şəhid ailələri və aztəminatlı ailələr üçün güzəştli və ya subsidiyalı kartlar hazırlanmalıdır. “ASAN Login” və “myGov.az” kimi platformalar üzərindən vahid sosial status bazası yaradılaraq bu güzəştlərin elektron şəkildə tanınması mümkündür. Məsələn, tələbə öz “BakıKart”ını ASAN hesabına bağladıqda sistem avtomatik olaraq onun statusunu tanıyıb endirim tətbiq edə bilər.
Digər istiqamət kimi, aylıq və ya müəyyən sayda səfəri əhatə edən abunə biletlərinin tətbiqi mümkündür. Bu model gündəlik istifadə edən vətəndaşlar üçün daha sərfəlidir və müəyyən dərəcədə sosial ədalət prinsiplərinə xidmət edir. Məsələn, 50 səfərlik kartın qiyməti 25 manat olarsa, hər gedişin orta dəyəri 50 qəpik səviyyəsinə düşə bilər. Eyni zamanda, pik saatlardan kənar dövrlərdə endirimli tariflər tətbiq edilə bilər. Tarif artımından əldə edilən gəlirin bir hissəsinin “sosial nəqliyyat fondu” kimi xüsusi hesaba yönəldilməsi də məqsədəuyğundur. Bu fondun vəsaiti aşağı gəlirli qrupların nəqliyyat xərclərinin kompensasiya edilməsinə sərf oluna bilər.
İctimai nəqliyyatın qiymət siyasəti, əslində, sosial dövlət anlayışının praktik göstəricisidir. Dövlətin vətəndaş qarşısında məsuliyyəti ondan ibarətdir ki, iqtisadi rasional baxış bucağı sosial ədalət prinsiplərinə uyğun gəlsin. Tarif artımı labüd ola bilər, lakin bu artım güzəşt və balanslaşdırıcı mexanizmlərlə müşayiət olunmadıqda, nəticədə ictimai xidmətin əsas prinsipi – hamı üçün əlçatanlıq prinsipi pozulur.
Azərbaycanda nəqliyyat sektorunda aparılan islahatlar və rəqəmsallaşma meyilləri sosial yönümlü addımlarla tamamlanarsa, həm iqtisadi dayanıqlılıq, həm də ictimai ədalət paralel şəkildə təmin oluna bilər. Çünki ictimai nəqliyyat təkcə insanların bir nöqtədən digərinə getməsi üçün vasitə deyil. Bu, eyni zamanda sosial bərabərliyin, ictimai məsuliyyətin və ədalət ölçüsünün göstəricisidir.
Elçin Mirzəbəyli
Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü