Fransa Baş naziri Sebasten Lekornu vəzifəyə təyin olunmasından bir ay sonra bu gün günü sonunda yeni hökumət kabinetinin bir hissəsini təqdim edəcək.
News365.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, hökumət rəhbəri nazirlərin tam siyahısını iki mərhələdə elan etmək qərarına gəlib. Bununla yanaşı, nazirlərin sayı əvvəlki baş nazir Fransua Bayrunun hökumətinə nisbətən xeyli az olacaq. KİV-in məlumatına əsasən, əvvəlki 35 nazirlik portfeli əvəzinə cəmi 20–25 vəzifə paylanacaq.
Qəzetin məlumatına görə, daxili işlər naziri Bryuno Retayo, ədliyyə naziri Jerald Darmanen və xarici işlər naziri Jan-Noel Barro öz vəzifələrində qalacaqlar. Həmçinin mədəniyyət naziri Raşida Dati, səhiyyə naziri Katrin Votren və dənizaşırı ərazilər naziri Manyuel Valsın da postlarında qalacağı gözlənilir. Lakin hazırda müdafiə naziri postunun kimə veriləcəyi sual altındadır. Lekornu baş nazir təyin olunmazdan əvvəl bu vəzifəni icra edirdi. Məlumata görə, bu posta, yayılan şayiələrə baxmayaraq, ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Tyerri Byurkar iddia etmir. Bununla belə, ehtimal edilir ki, həmin vəzifəyə keçmiş baş nazir və hazırkı təhsil naziri Elizabet Born təyin oluna bilər.
Xatırladaq ki, sentyabrın 8-də Fransa Milli Məclisi (parlamentin aşağı palatası) Fransua Bayrunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərib. Buna səbəb Bayrunun təklif etdiyi sərt iqtisadi qənaət tədbirləri, o cümlədən sosial ödənişlərin azaldılması ilə bağlı planlar olub. Səsvermədən bir gün sonra Bayru istefa verib, bundan sonra Prezident Emmanuel Makron Sebasten Lekornunu baş nazir təyin edib.