“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
25 yaşlı norveçli futbolçu avqust ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 3 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
Haland karyerasında dördüncü dəfə bu mükafata layiq görülüb. O, 2022-ci ilin avqustunda, 2023-cü ilin aprelində və 2024-cü ilin avqustunda da Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.
Bu mövsümün ilk mükafatçısı isə Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 155 oyun, 136 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 45 oyuna 48 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.