RU

SİMDNX-da Zəfər Gününün 5 illiyi münasibətilə görüş keçirilib

SİMDNX-da Zəfər Gününün 5 illiyi münasibətilə görüş keçirilib

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

SİMDNX-dən verilən məlumata görə, tədbirdə Xidmətin rəhbər heyəti, şöbə və sektor müdirləri, həmçinin SİMDNX-də fəaliyyət göstərən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini Tural Abbasov bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən qürurverici səhifələrindən biridir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə xalqımızın milli birliyinin, siyasi iradəsinin və ədalətin təntənəsidir:

“Beş il əvvəl xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə xalqımızın birliyinin, milli iradəsinin və ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bu Zəfərlə qürur duyur.”

Tural Abbasov qeyd edib ki, Qələbənin əsasını dövlətin məqsədyönlü ordu quruculuğu siyasəti, güclü iqtisadi potensial və xalqla dövlətin sarsılmaz birliyi təşkil edir.

O həmçinin şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb:

“Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti olaraq biz də bu siyasətə sadiq qalırıq. Xidmətimizdə şəhid ailələrinin üzvlərinin və qazilərin işlə təmin olunması, onların bilik və təcrübələrindən faydalanması üçün bütün zəruri şərait yaradılıb. Onlar həm fədakarlıqları, həm də peşəkarlıqları ilə kollektivimiz üçün nümunədirlər.”

Görüş zamanı Vətən müharibəsi iştirakçıları və qazilər döyüş xatirələrini bölüşüb, 8 Noyabr Zəfərinin xalqımız üçün mənəvi əhəmiyyətindən danışıblar. Onlar şəhidlərin ruhuna ehtiramlarını bildirərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir daha dərin hörmətlə yad olunması və “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi ilə yekunlaşıb.

Избранный
7
17
afn.az

10Источники