Gələcəkdə normadan artıq vergi toplayan regionların müəyyən faizlərinin həmin bölgələrdə qalması təmin edilsin. Bu vəsaitlər bölgələrdə abadlıq, quruculuq işlərinə və o cümlədən şəhid və qazi ailələrinin müraciətlərinə, şəhər infrastrukturunun inkişafına yönəldilə bilər. Bu həm də regionlar arasında sağlam rəqabət mühiti yaradar.
Modern.az xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
S. Novruzov Naxçıvan Muxtar Respublikası ilə bağlı da bir neçə məqamı qeyd edib:
“Cənab Prezidentin 2023-2027-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Bu proqram çərçivəsində dörd əsas sahə üzrə tədbirlər nəzərdə tutulur: Azad iqtisadi zonanın yaradılması, Turizmin inkişafı, su təchizat sisteminin qurulması, Yeni elektrik və alternativ enerji sistemlərinin təmin olunması.
Bu layihələrin icrası üçün ayrılan vəsaitlərin səmərəli istifadəsi məqsədilə mərkəzi qurumlar sənədləşmə işlərində Naxçıvana texniki dəstək göstərməlidir ki, layihələrin həyata keçirilməsi sürətlənsin. Zəngəzur dəhlizinin əsas keçid nöqtəsi Naxçıvan Muxtar Respublikasıdır. Hazırda orada yollar bağlıdır. Gələcəyi nəzərə alaraq, biz artıq bu gündən həmin bölgədə infrastruktur layihələrini həyata keçirməyə başlamalıyıq” – deyə komitə sədri bildirib.