RU

Gələn il üçün BÜDCƏ PROQNOZU – Ən çox gəlir bu sahədən ƏLDƏ OLUNACAQ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bu günümüzün bir başqa enerjisi var.
 

44 günlük Vətən müharibəsində Azərbaycan sadəcə yeni bir tarix yaratmadı, həm də milli qürurumuzu, birliyimizi və gələcəyə olan inamımızı bərpa etdi. Onu qeyd edim ki, bu tarixi qələbəmizdə neftimizin də payı var.


Növbəti beşillikdə də Azərbaycan öz inkişafında yeni bir mərhələyə hazırlaşır. Bəs bu hansı mərhələdir?

İqtisadiyatımızda yeni mərhələ

Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi qeyri-neft sektorudur.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı zamanı bu fikirləri səsləndirib.

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır.

Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir", - deyə dövlət başçısı qeyd edib.
 

Prezident İlham Əliyev bildirib ki, bu gün dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin kredit reytinqini qaldırıb və bu, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. “Biz heç kimdən asılı deyilik”, deyə dövlət başçısı xüsusi olaraq vurğulayıb və əlavə edib ki, iqtisadi müstəqillik isə təbii olaraq siyasi müstəqilliyi də gücləndirir.
 


Qeyd edim ki, hazırda dünyanın 70-dən çox ölkəsində neft hasilatı həyata keçirilir, amma nefti olan heç də hər ölkə onun sevincini hiss edə bilməyib. Bir sıra ölkələr isə hasilatın azalması ilə üzləşdikdə xaosa, hərc-mərcliyə düşüb və iqtisadi böhranla qarşılaşıb.

Hətta elələri olub ki, hasilatın ən yaxşı vaxtında belə onun gəlirlərindən faydalana bilməyib.

Azərbaycana gəldikdə isə müxtəlif fikirlər ola bilər, amma bir məsələ var ki, hər il xeyli dəyişikliklərin şahidi oluruq: yaradırıq, qururuq və irəliyə getməyə can atırıq. Özü də, əgər fikir vermisinizsə, hər zaman edirik, bunların neftin neçəyə satılması ilə hansısa bağlılığı da yoxdur. Əslində çox yaxşı haldır.

Postneft dövrünə keçid

Yola saldığımız həftə Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi” müzakirəyə çıxarılarkən Azərbaycan hökumətinin gələn ildən başlayaraq qarşıdakı beşillikdə “neftsiz dövrə” keçidə fokuslandığını müşahidə etdik.

Neftsiz dövr o demək deyil ki, artıq neft gündəmdən çıxır və ya hasilatı kəskin azalır.

Bunun qayəsi odur ki, iqtisadiyyatın sonrakı illərində neft sözün əsil mənasında arxa plana keçir və büdcəyə, iqtisadi proseslərə təsir imkanları get-gedə daralmağa başlayır. 
 

Amma cəmiyyətin bir hissəsi düşünür ki, neft gəlirləri olmasa batarıq. Reallıqda isə batdığımız vaxtlar 90-cı illərin ilk yarısı idi, özü də neftdən hansısa hiss ediləsi gəlirlərimizin olmadığı zaman.


Azərbaycanda neft hasilatının dinamikasına diqqət etsək, görərik ki, 1995-ci ildə Azərbaycan 9,1 milyon tondan bir qədər çox neft hasil edirdi. Cəmi 15 ilə, yəni 2010-cu ildə Azərbaycan hasilatın zirvəsinə qalxa bildi – 50,8 milyon ton göstəricisi ilə. Sonrakı 15 ildə isə artıq hasilatın təqribən 23 milyon ton azalması dövrünü yaşamışıq. Bu dövrdə neftin 3 dəfə kəskin ucuzlaşması və elə o qədər də kəllə-çarxa çıxan qiymətləri ilə də rastlaşmışıq.

Yəni nə “fəlakət” var onu da yaşamışıq: 1998-ci ildə neftin 9 dollara satıldığını da görmüşük, 2020-ci ilin aprelində 15 dollara satdığımız neft də olub. Amma elə həmin il də elliklə ayağa qalxıb ZƏFƏR yazdığımız tarix də olub.

Neft gəliri azalan illərdə

Azərbaycanın maliyyə naziri Sahil Babayev büdcə müzakirələri zamanı bildirib ki, ölkənin neft gəliri olmasa, nə baş verəcəyi hər zaman sual olunan mövzudur:

Onun sözlərinə görə, hökumət indiyə qədər qeyri-neft sektorunda vergi yükünü ciddi artırmadan keçinib və mütəmadi olaraq aparılan islahatlar sayəsində büdcəyə neftdən kənar sektordan gələn gəlirləri artırıb. Nazir özü bu halı iqtisadiyyatın inkişafının yaxşı göstəricisi kimi qiymətləndirib.

Hökumət üzvləri mütəmadi olaraq cəmiyyət üçün açıqlayırlar ki, neftdən kənar sektorlardan nə qədər vergi yığılır və sair. Amma o rəqəmlər, özü də milyard gösətricili saylar, sözün açığı əksər vaxt orta əmək haqqından aşağı gəliri olanlara nə bir şey deyir, nə də onları inandırmağa yetərli olmur. Mən isə bunu neft faktoru ilə izah etməyə çalışacam.

Beləliklə, 2011-ci ildə Neft Fonduna neft-qaz sazişlərinin icra edilməsi layihələri çərçivəsində nə az, nə çox düz 19,3 mlrd dollardan çox vəsait daxil olmuşdu. 2014-ci ildə bu göstərici artıq 15,7 mlrd dollara qədər azaldı. Ötən il isə artıq bu maddə üzrə gəlirlərimiz 6,74 mlrd dollara qədər endi. Bu il isə neftin daha aşağı qiymətlərində ola bilsin 6 mlrd dollardan da aşağı bir gəlir olsun.

Yəni 14 ildə Neft Fonduna neft-qaz gəlirlərindən daxilolmaların pik dövründən olan qazancımız artıq 3,2 dəfədən çox azalıb. Amma Neft Fondunun aktivləri buna baxmayaraq azalmayıb. Heç Azərbaycan iqtisadiyyatı geriləməyib.

Sadəcə bir ətrafa baxmaq yetər ki, bu ötən illəri müqayisə edib görəsən ki, Azərbaycanın sosial-iqtisadi vəziyyəti, vətəndaşlarının sosial rifahı və görülən tikinti-quruculuq işlərinin miqyası dövlətin neft-qaz mənfəətinin dəfələrlə azalması fonunda pisləşibmi?

Yox, reallıqda uğur varsa, demək neftdən kənarda əldə edilənlər hesabına vəziyyətin pisləşməsinin qarşısı alınıb.

Hökumət isə iqtisadiyyatın neftdən kənar sektorlarında yeni imkanlardan bəhrələnmək niyyətindədir. Maliyyə naziri Sahil Babayev dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığını minimuma endirmək niyyətinin ciddi olduğunu vurğulayır.

2026-cı ildə Neft Fondunun gəlir və xərcləri 7,7 milyard ABŞ dolları səviyyəsində balanslaşdırılmaqla yanaşı Neft Fondundan büdcəyə köçürmələrin 2025-ci illə müqayisədə 1 milyard dollar həcmidə azaldılması planlaşdırılır.

Gələn ilin büdcə proqnozu

Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4% azalacağı, qeyri neft-qaz ÜDM-in 5% artımı proqnozaşdırılır. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 42,6 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57,4 faizi və ya təqribən 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşməlidir.

Gələn ilin dövlət büdcəsi layihəsinin hazırlanmasında ölkə iqtisadiyyatının cari vəziyyəti qiymətləndirilməklə yanaşı xarici amillər də nəzərə alınıb və müxtəlif makroiqtisadi ssenarilər nəzərdən keçirilib.

Məhz bu baxımdan dünyada yaşanan təlatümlü risklər nəzərə alınmaqla Azərbaycan neftinin orta ixrac  qiyməti 5 dollar azaldılaraq 65 dollardan hesablanıb. Bunun nəticəsində neft şirkətlərinin büdcəyə ödənişləri də müvafiq olaraq azalmaya meyli olub.
 

Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1 faizini və ya 12 mlrd 835 milyon manatını Dövlət Neft Fondundan köçürmələr, 21,9 faizini və ya 3,6 mlrd manatını neft şirkətlərinin vergi ödəmələri təşkil edəcək. Bu sektorda ən iri vergi ödəyicisi isə 1,7 mlrd manat proqnozla SOCAR-ın büdcə ödənişləri tutmalıdır.


Azəri-Çıraq-Günəşli üzrə konsorsium iştirakçılarının ödəyəcəkləri mənfəət vergisinin 300 mln manat, Şahdəniz qaz-kondensat layihəsi iştirakçılarının isə 1,6 mlrd manat olacağı planlaşdırılır.

“Azəri-Çıraq-Günəşli”dən söz düşmüşkən, qeyd edim ki, bu günlərdə AÇG-nin operatoru bp şirkəti müqavilə sahəsindən çıxaracağı ilk təbii qazın vaxtını açıqlayıb. Məlumata görə, cari ildə “Qərbi Çıraq” platformasından ilk qaz hasilatı quyusu təhlükəsiz şəkildə qazılaraq tamamlanmış və buradan ilk qazın çıxarılması gələn ilin I yarısında gözlənilir.

BP-nin məlumatında sevindirici başqa bir xəbər isə, neft laylarının altında Qırmakıaltı lay dəstində yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunun aşkar edilməsidir ki, burada artıq 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.

Səmt qazına gəlincə isə cari ilin yanvar-sentyabr aylarında bp Azərbaycan tərəfinə hasilatın pay bölgüsü sazişinin müddəalarına uyğun olaraq 2,1 mlrd kubmetr səmt qazı təhvil verib.

Bu, həmin o qazdır ki, mətbuatımızda adı “pulsuz verilən mavi yanacaq” kimi tanınır.  

Xərclərin azaldılması

Azərbaycan hökuməti isə hazırda elə imkanları arayır ki, onun realaşması nəticəsində qaz layihələri üzrə gələcək xərcləmələrini azalda bilsin. Noyabrın 3-də Birləşmiş Ərəb Əmirliklərində keçirilən ADIPEC sərgi və konfransında yerli ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.

Bu, hələ kommersiya sazişi olmadığından ona görə Azərbaycan layihəsindən nə qədər pay almaq məsələsi açıqlanmayıb. Ümumilikdə isə BƏƏ 2024-2025-ci illərdə Xəzərdə bir neçə qaz layihəsinə qoşulub.
 

Qeyd edək ki, ötən il ADNOC şirkətinin Abşeron qaz-kondensat yatağında 30% paya malik olması üzrə alqı-satqı müqaviləsi yekunlaşdırıldı. Bu ilin mayında isə ərəb şirkəti Xəzərin o tayında, Türkmənistandakı “Blok-1” dəniz qaz-kondensat layihəsində 38% paya sahib çıxdı.


İndi isə Cənub Qaz Dəhlizinə marağını ortaya qoyması bu şirkətin Azərbaycan infrastrukturu ilə Xəzər qazının Avropaya nəqli üçün geniş imkanlar açır. O cümlədən də Azərbaycan üçün.

Çünki XRG ilə əməkdaşlıq nəticəsində Azərbaycan əvvəla Şahdəniz və ixrac boru kəmərləri layihələrinə xərcləmələrini azaltmaq imkanı qazanır, ikincisi isə Türkmənistan qazının daşınması üçün potensial imkana malik olur.

SOCAR-ın Xəzərin o tayına ümidləri

Onu deyim ki, Azərbaycan özünün Türkmənistana marağını təkcə dolayısı ilə deyil, həmçinin birbaşa yolla həyata keçirir.
 

Həmin tədbir çərçivəsində “Emirates National Oil Company” şirkətinin törəmə müəssisəsi olan Dragon Oil, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun ticarət qolu olan SOCAR Trading arasında əməmkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd neft və qaz sektorunda gələcək birgə layihələr üçün imkanları, o cümlədən kəşfiyyat, hasilat və marketinq sahələrində əməkdaşlığı gücləndirməyi hədəfləyir.


Qeyd edim ki, Dragon Oil artıq 25 ildən çoxdur ki, Türkmənistanda neft hasilatı ilə məşğuldur və çıxardığı xammalın bir hissəsini də dünya bazarlarına məhz Azərbaycan vasitəsi ilə çıxarır.

Bu baxımdan SOCAR-Dragon Oil əməkdaşlığının geniş perspektivləri açıla bilər, nəticədə SOCAR təkcə uzaq ölkələrdə deyil, həmçinin Xəzəryanı ölkələrin layihələrində də öz mövqeyini möhkəmlədər.

Bizim.Media

Избранный
40
1
bizim.media

2Источники