Türkiyə Müdafiə Nazirliyi noyabrın 12-dən etibarən inventarda olan bütün “Lockheed C-130 Hercules” hərbi yük təyyarələrinin uçuşlarını dayandırıb. Nazirliyin açıqlamasına görə, bu qərar, noyabrın 11-də baş vermiş ağır aviaqəzanın səbəbləri tam araşdırılana qədər ehtiyat tədbiri kimi qəbul olunub.
Musavat.com xatırladır ki, qəza Gürcüstanın Siqnaxi bölgəsində, Gəncədən Türkiyəyə qayıdan “C-130” təyyarəsinin qəzaya uğraması nəticəsində baş verib. Təyyarədə olan 20 hərbi qulluqçunun hamısı şəhid olub. Qəza zamanı gövdədə parçalanma, trayektoriyada qəfil dəyişmə və yüksək enmə sürəti qeydə alınıb. Təyyarənin qara qutuları Türkiyəyə gətirilib və araşdırmalar davam edir.
Texniki nasazlıq ehtimalı əsas versiyadır
Rəsmi qərarın məntiqi göstərir ki, hadisənin səbəbi texniki və mexaniki nasazlıqla bağlıdır. Əgər qəza insani səhv və ya hava şəraiti ilə əlaqəli olsaydı, Türkiyə Müdafiə Nazirliyi inventarda olan bütün “C-130” təyyarələrinin uçuşlarını eyni anda dayandırmazdı. Bu addım yalnız təyyarənin müəyyən texniki komponentində – məsələn, mühərrik sistemində, hidravlikada və ya struktur hissədə – problem ehtimalı olduqda atılır.

Qəza ilə bağlı yayılan ilkin məlumatlara görə, təyyarə 57 yaşında olub, əvvəlcə Səudiyyə Ərəbistanına məxsus olub və daha sonra Türkiyə inventarına daxil edilib. Bəzi mənbələrdə gövdə korroziyası və ya quyruq seqmentinin uçuş zamanı ayrılması kimi versiyalar irəli sürülür. Bu ehtimallar da texniki xətti təsdiqləyir.
Nazirliyin addımı Türkiyə Hərbi Hava Qüvvələrinin sistemli təhlükəsizlik yanaşmasını əks etdirir. Bütün “C-130”lar texniki baxışdan keçəcək, nasazlıq riski olan hissələr dəyişdiriləcək və yalnız bundan sonra uçuşlar bərpa olunacaq.

Manipulyativ versiyalar – informasiya savaşının elementi
Hadisədən dərhal sonra bəzi sosial media səhifələri və xarici media resursları qəzanı fərqli rakurslarda təqdim etməyə çalışıblar. Bəziləri “sabotaj”, “raket zərbəsi” və “pilot səhvi” kimi versiyaları tirajlayaraq hadisənin mahiyyətini təhrif ediblər. Lakin rəsmi məlumatlar bu cür iddiaları tam təkzib edir.
Ekspertlər bildirirlər ki, bu versiyalar faktlara deyil, emosional manipulyasiyaya əsaslanır. Türkiyə ordusunun son illərdə qazandığı hərbi-texnoloji nailiyyətlər, xüsusilə də yerli müdafiə sənayesinin güclənməsi bəzi dairələrin qıcıq və qısqanclıq reaksiyasını doğurur. Belə hallarda hər bir hadisə psixoloji-informasiya hücumunun alətinə çevrilir.
Bu səbəbdən “C-130” qəzası ətrafında yaradılan “alternativ versiyalar” ictimai fikri çaşdırmaq, Türkiyənin müdafiə sisteminə inamı sarsıtmaq məqsədi daşıyır. Halbuki hadisənin rəsmi izahı sadə və məntiqlidir – təyyarədə texniki problem yaranıb, araşdırma bu istiqamətdə aparılır.
“C-130” uçuşlarının dayandırılması böhranın yox, əksinə, məsuliyyətli idarəetmənin göstəricisidir. Türkiyə Müdafiə Nazirliyi riskləri gizlətmək əvəzinə, ictimaiyyəti açıq şəkildə məlumatlandırır, hərbi hava donanmasının tam texniki yoxlanışını təşkil edir. Bu, NATO standartlarına uyğun təhlükəsizlik protokoludur.

Gələcəkdə araşdırmanın nəticələri təyyarə parkının yenilənməsi, istismar müddətlərinin azaldılması və texniki nəzarətin gücləndirilməsi istiqamətində qərarlara səbəb ola bilər.
Faktlar göstərir ki, “C-130” qəzası texniki nasazlıq səbəbindən baş verib. Nazirliyin qərarı və aparılan araşdırmalar da bu versiyanı təsdiqləyir. Digər fərziyyələr — sabotaj, pilot səhvi və ya xarici təsir barədə iddialar — sübutdan məhrumdur və sadəcə informasiya manipulyasiyası xarakteri daşıyır.
Türkiyənin Müdafiə Nazirliyi hadisəyə çevik, şəffaf və peşəkar reaksiya göstərib. Bu isə bir daha göstərir ki, Türkiyə ordusunun təhlükəsizlik mexanizmləri işləkdir, manipulyativ səs-küy isə həqiqətin qarşısında dağılır.
Musavat.com