RU

Muxtar Babayev: Bakıda başlanan müsbət ənənə qlobal iqlim gündəliyinə töhfə verəcək

BAKI, 15 noyabr. TELEQRAF

"İqlim şəffaflığı Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm rol oynayır. İqlim şəffaflığı istiqamətində yaradılan əməkdaşlıq mühitinin əhəmiyyəti var və Bakıda başlanan bu müsbət ənənə qlobal iqlim gündəliyinə töhfə verməyə davam edəcək".

Teleqraf xəbər verir ki, bunu COP29-un sədri Muxtar Babayev Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər Konfransı çərçivəsində Azərbaycanın COP29 Prezidentliyinin təşəbbüsü və COP30 Prezidentliyinin tərəfdaşlığı ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqunda deyib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, xarici işlər nazirinin müavini və COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev, COP30-un Prezidenti Adre Laqo, UNFCCC-nin İcraçı katibi Simon Stiell, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnger Andersen, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələri, Çin Xalq Respublikası, Böyük Britaniya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Anqola, Tuvalu və digər ölkələrin ətraf mühit nazirləri və nazir müavinləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri və digər yüksəksəviyyəli rəsmilər iştirak və çıxış ediblər.

Nazirlər iclası zamanı Paris Sazişinin dayanıqlı icrasının əsas mexanizmlərindən biri olan Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework-ETF) 10-cu ildönümü ərəfəsində əldə edilən tərəqqinin qiymətləndirilməsi, COP29 zamanı ilk dəfə təqdim edilən “İkiillik Şəffaflıq Hesabatlarının (BTR)”, əhəmiyyəti, onların hazırlanması ilə bağlı qarşıya çıxan çətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına verdiyi dəyər yüksək qiymətləndirilib, bu istiqamətdə göstərilən liderliyin və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) qlobal iqlim gündəliyində şəffaflığın gücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev isə çıxışında Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığının və hesabatlılığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə diqqət çəkib. O, Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) çərçivəsində müxtəlif ölkələrə BTR-ların hazırlanması prosesində göstərilən dəstəyi qeyd edərək, iqlim şəffaflığının siyasi gündəlikdə saxlanılması üçün yüksək səviyyəli görüşlərin davam etdirilməsinin vacibliyini bildirib. Y.Rəfiyev Azərbaycan tərəfindən əsası qoyulan bu müsbət təcrübənin gələcək COP tədbirlərində də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Избранный
12
8
teleqraf.com

9Источники