RU

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ başlayır » AzadMedia.az



Məşhur Məmmədov,
Millət vəkili


Noyabrın 15–16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı qismində yer alması həm ölkəmizin regional siyasətində, həm də bütövlükdə türk-islam coğrafiyasının strateji gələcəyində yeni səhifə açdı. Bu səfər artıq təkcə diplomatik protokol hadisəsi deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında böyük siyasi, iqtisadi və geosiyasi körpünün formalaşmasının rəsmi təsdiqi kimi qiymətləndirilməlidir.

Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması, Özbəkistan Baş naziri Abdulla Aripovun iştirakı, fəxri qarovul dəstəsinin düzülməsi iki ölkə arasında əlaqələrin nümunəvi səviyyədə olduğunu göstərir.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında təkbətək görüşdə müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin dinamik inkişafı xüsusi vurğulandı. Ötən illərdə hər iki liderin qarşılıqlı səfərləri, sənaye, nəqliyyat, ticarət, humanitar sahələrdə imzalanan yeni sənədlər Azərbaycan–Özbəkistan münasibətlərini artıq regionlararası əməkdaşlığın aparıcı modeli səviyyəsinə yüksəldib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlığı həm mədəni, həm də siyasi baxımdan böyük rəmzi məna daşıyır. Mərkəz islam dünyasının elmi, mədəni, intellektual irsinin müasir dövrdə sistemli şəkildə təqdim edildiyi unikal layihədir.

Dövlətimizin başçısı buradakı çıxışında böyük diqqət çəkən fikirlər səsləndirdi. İslamofobiyanın artdığı, dinə qarşı hücumların sistemləşdiyi dövrdə Özbəkistanın bu cür möhtəşəm mərkəz yaratması, Azərbaycanın da bu ideoloji xətti dəstəkləməsi islam dünyasının birliyinin zəruriliyini göstərir. Bu, həm də Prezident İlham Əliyevin illərdir apardığı — islama qarşı ayrı-seçkiliklə mübarizə, İslam həmrəyliyinin gücləndirilməsi siyasətinin məntiqli davamıdır.

Daşkənddə keçirilən “Gələcəyin İrsi” beynəlxalq mükafatının təqdimat mərasimində Prezident İlham Əliyevin iştirakı və Xalq artisti Alim Qasımovun bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın mədəni diplomatiyasının yüksələn xətt üzrə inkişaf etdiyini bir daha sübut etdi. Bu fakt həm də ölkəmizin mədəniyyətinin türk-islam coğrafiyasında xüsusi yerini təsdiqləyir.

Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü region üçün dönüş nöqtəsi oldu. Bir-birinin ardınca bütün dövlət başçıları — Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tamhüquqlu qoşulmasını tarixi addım kimi dəyərləndirdilər.

Azərbaycan artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu rəsmi statusla icra edəcək. Nəticədə regionlararası əməkdaşlıq vahid platformada formalaşacaq, nəqliyyat, logistika, energetika və təhlükəsizlik sahələrində yeni tərəfdaşlıq imkanları açılacaq, Türk Dövlətləri Təşkilatında inteqrasiyanın daha da dərinləşməsinə real töhfə veriləcək.

Özbəkistan lideri Mirziyoyevin qeyd etdiyi kimi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü körpü quracağıq. Azərbaycanın bu formata qoşulması regionumuzun qlobal səslənməsini daha da gücləndirəcək.

Bu qiymətləndirmə Azərbaycanın regional güc kimi qəbul olunduğunun bariz göstəricisidir.

Zəngəzur dəhlizinə yeni baxış da görüşün yaddaqalan hadisələrindən oldu.
Qırğızıstan Prezidenti Sadır Japarovun çıxışında səsləndirdiyi mühüm fikirlər strateji məna daşıyır.
Bu yanaşma Zəngəzur dəhlizinin artıq təkcə regional yox, qlobal nəqliyyat arteriyası kimi qəbul edildiyini göstərir. Beləliklə, Azərbaycanın nəqliyyat-logistika potensialı Mərkəzi Asiyanın lider dövlətləri tərəfindən açıq şəkildə strateji dəyər kimi tanınır.

Ölkə rəhbəri İlham Əliyev çıxışında Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın qardaşlıq bağlarına, ortaq tarixə, mənəvi irsə, geosiyasi hədəflərin uyğunluğuna xüsusi diqqət çəkdi. Dövlət başçısının vurğuladı ki, Azərbaycan–Mərkəzi Asiya xətti təsadüfi əməkdaşlıq deyil, uzunmüddətli strateji konsepsiyadır.

Daşkənd görüşü ilə Azərbaycan yalnız bir platformaya qoşulmadı, regionda yeni siyasi reallığın formalaşmasına rəsmən mühüm tərəfdaş kimi daxil oldu. Bu qərar həm ölkəmizin beynəlxalq nüfuzunun nəticəsidir, həm də Prezident İlham Əliyevin son iki onillikdə həyata keçirdiyi balanslı, ağıllı, çoxistiqamətli və güclü xarici siyasətin məntiqi davamıdır.

Bu gün Azərbaycan Türk dünyasının vahidliyində aparıcı missiya daşıyır, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpünün mərkəzinə çevrilir, qlobal nəqliyyat xəritəsinin əsas oyunçularından biridir və islam dünyasının ideoloji və mədəni aspektlərində ciddi lider rolu oynayır.

Daşkənddə qəbul edilən tarixi qərar ölkəmizin siyasi çəkisinin, diplomatik nüfuzunun və Prezident İlham Əliyevin liderlik gücünün növbəti təsdiqi kimi qiymətləndirilməlidir.

Избранный
16
50
azadmedia.az

10Источники