RU

TRAMP ABŞ nin STRATEGİYASINI KÖKÜNDƏN DƏYİŞDİ Ağ Ev Rusiya ilə strateji sabitliyi prioritet elan edir

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəd Ağ Evin saytında yerləşdirilib və Tramp administrasiyasının xarici siyasət vizyonunu əks etdirir. Şərhçilərin qeyd etdiyinə görə, strategiya əvvəlki administrasiyanın yanaşmalarından bir sıra fundamental məqamlarda kəskin şəkildə fərqlənir.

Sərhədlərin qorunması və Qərb yarımkürəsi – strategiyanın mərkəzi xətti

33 səhifəlik sənəddə ABŞ-nin milli təhlükəsizliyinin əsas elementi kimi ölkənin xarici sərhədlərinin qorunması göstərilir. Vaşinqton Qərb yarımkürəsində öz maraqlarını prioritet hesab edir və bölgədəki ölkələrlə münasibətlərin gələcəyinin onların “xarici təsirlərə – xüsusilə Çinə müqavimət göstərə bilmə qabiliyyətindən” asılı olacağı bildirilir.

ABŞ bölgədə güclü hərbi iştirakını qorumaqda qərarlıdır. Sənəddə deyilir ki, bu iştirak: dəniz yollarına nəzarət, qeyri-qanuni və arzuolunmaz miqrasiyanın qarşısını almaq, insan alverinin və narkotik ticarətinin azaldılması üçün zəruri sayılır.

Vaşinqtonun yeni yanaşması: ABŞ yalnız öz maraqlarına toxunan məsələlərə müdaxilə edəcək

Sənəddə bildirilir ki, ABŞ dünya lideri kimi digər ölkələrdəki proseslərə biganə qala bilməz, lakin Vaşinqton yalnız birbaşa Amerika maraqlarına təsir edən məsələlərə müdaxilə edəcək. ABŞ artıq heç bir ölkəyə demokratiya ilə bağlı öz standartlarını tətbiq etməyi hədəfləməyəcək.

Strategiyada Qərbin “ənənəvi dəyərlərinin qorunması” xüsusi vurğulanır. Miqrasiya isə Qərb ölkələrinin “identikliyinə real təhlükə” kimi təqdim olunur. Bu kontekstdə sənəd Avropa İttifaqını açıq şəkildə tənqid edir.

Çin: ədalətli ticarət və Tayvan məsələsində qırmızı xətt

Çinlə bağlı əsas vurğu daha ədalətli ticarət əlaqələrinin qurulmasıdır. Tramp administrasiyası Asiya-Sakit okean regionunda müharibənin qarşısını almaq istədiyini, Tayvan məsələsində status-kvonun dəyişdirilməsinə, yəni Çinin adanı güc yolu ilə ələ keçirməsinə qarşı olduğunu açıqlayır.

Ukrayna: Atəşkəs və Avropa-Rusiya qarşıdurması risklərinin azaldılması ABŞ üçün “kilid maraq”dır

Sənəddə açıq şəkildə bildirilir ki, ABŞ üçün ən vacib maraqlardan biri Ukraynada atəşkəsə nail olmaq və Rusiya ilə Avropa ölkələri arasında hərbi qarşıdurma riskini azaltmaqdır. Vaşinqtonun hədəfi Ukraynanın “yaşama qabiliyyəti olan dövlət kimi mövcudluğunu təmin etməkdir”.

Strategiyanın diqqətçəkən məqamlarından biri Rusiyaya qarşı demək olar ki, heç bir tənqidin olmamasıdır. Əvəzində sənəddə bir sıra Aİ ölkələrinin hökumətləri ittiham olunur: söz azadlığını və siyasi müxalifəti boğmaqda, populist qüvvələrə qarşı repressiv siyasətdə, Ukrayna müharibəsinin nəticəsi ilə bağlı “reallığı əks etdirməyən gözləntilərdə”.

Sənəddə deyilir: “Avropalıların çoxu sülh istəyir, lakin bu istək hökumətlərin siyasətində əks olunmur, çünki onlar demokratik prosesləri zəiflədirlər”.

Bundan başqa, sənəd iddia edir ki, kütləvi miqrasiya səbəbindən bir sıra Aİ və NATO ölkələri ‘identikliyini itirib qeyri-avropalaşa bilər’. Bu isə ABŞ ilə gələcək münasibətləri sual altına qoya bilər.

Vaşinqton bildirir ki, Avropada strateji sabitliyin bərpası üçün Rusiyayla razılaşmalar vacibdir. Bu istiqamətdə böyük diplomatik səylərin lazım olacağı vurğulanır. NATO-ya dair isə sənəddə deyilir ki, alyansa “daimi genişlənən bir qurum kimi baxılmamalıdır”.

Sənəddə Rusiya ilə bağlı ayrıca fəsil yoxdur – Moskva yalnız Avropa ilə münasibətlər kontekstində xatırlanır.

“Avropanın problemləri öz içindədir”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens hələ fevralda Münhen Təhlükəsizlik Konfransında Avropa hökumətlərini “söz azadlığını və demokratik prosesləri məhdudlaşdırmaqda” ittiham edirdi. Avropa liderləri isə Tramp administrasiyası ilə açıq qarşıdurmadan qaçır və transatlantik birliyə sadiq olduqlarını bildirirlər.

Onların bir çoxu ABŞ-nin tələblərinin, xüsusilə hərbi xərclərin artırılması çağırışının əslində Avropanın strateji müstəqilliyinə töhfə verdiyini deyir.

Rasim Əliyev

“AzPoltika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
70
50
azpolitika.info

10Источники