RU

WP: Ukrayna üzrə davamlı sülh sazişinin konturları formalaşmağa başlayıb...

Vaşinqton və Kiyev təhlükəsizlik zəmanətləri, demilitarizasiya zonası və mümkün ərazi dəyişikliklərini müzakirə edir…

Poliqon xəbər verir ki, The Washington Post qəzeti Ukrayna üzrə potensial davamlı sülh sazişinin əsas konturlarının tərəflər arasında aparılan danışıqlarda artıq formalaşmağa başladığını yazıb. Nəşrin məlumatına görə, danışıqlar həm təhlükəsizlik təminatlarını, həm də müharibədən sonrakı siyasi arxitekturanı müəyyən edən konkret parametrləri əhatə edir.

Mənbələr bildirir ki, Ukraynanın Avropa İttifaqına 2027-ci ildə üzv olması real perspektiv kimi qiymətləndirilir. Bu addım ticarət və investisiya imkanlarını genişləndirməklə yanaşı, dövlət sektorunda kök salmış korrupsiyaya qarşı sistemli islahatları məcburi edəcək əsas şərtlərdən biri kimi göstərilir.

ABŞ-nin Kiyevə “NATO-nun 5-ci maddəsinə oxşar” təhlükəsizlik təminatları təqdim etməsi də müzakirə mövzularındandır. Ukrayna belə bir sazişin ABŞ tərəfindən imzalanmasını və Konqres tərəfindən ratifikasiya olunmasını istəyir. Avropa ölkələrinin isə paralel olaraq ayrıca təhlükəsizlik zəmanətləri təqdim etməsi nəzərdə tutulur. Vaşinqton həmçinin Ukraynanın suverenliyinin Rusiya tərəfindən hər hansı veto cəhdi ilə məhdudlaşdırılmayacağına dair öhdəlik götürməyə hazır olduğunu bildirir.

Danışıqlarda demilitarizasiya zonası yaradılması da əsas elementlərdən biridir. Təklifə görə, Donetsk bölgəsindən başlayaraq Zaporojye və Xersona qədər uzanan atəşkəs xətti boyunca hərbi qüvvələrdən təmizlənmiş zona yaradılacaq. Bu zonanın arxasında daha geniş bir “silahsızlaşdırılmış tampon” olacaq və ora ağır silahların yerləşdirilməsi qadağan ediləcək. Nəzarət isə Koreya yarımadasındakı demilitarizasiya zonasına bənzər şəkildə həyata keçiriləcək.

Saziş paketinin ən həssas hissəsi “ərazi dəyişiklikləri” məsələsidir. Rusiya Ukraynanın hazırda nəzarətində saxladığı Donetsk vilayətinin təxminən 25%-dən imtina etməsini tələb edir. ABŞ prezidentinin komandasındakı məsləhətçilər isə iddia edirlər ki, Ukrayna yaxın altı ayda bu ərazilərin böyük hissəsini döyüşlərdə itirə bilər və yeni itkilərin qarşısını almaq üçün Kiyev güzəştə getməyə hazır olmalıdır.

Mənbələr bildirir ki, tərəflər arasında xəttin necə çəkiləcəyi ilə bağlı müzakirələr davam edir və hələlik yekun razılaşma yoxdur. Lakin qəzet yazır ki, sülh sazişinin strukturu artıq daha aydın görünməyə başlayıb və qarşıdakı həftələr həlledici ola bilər.

Poliqon.info

Избранный
109
50
poliqon.info

10Источники