RU

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında neft məhsulları sahəsində ilk kommersiya əməliyyatı həyata keçirildi. Dekabrın 18-də SOCAR tərəfindən istehsal edilmiş 1220 ton Aİ-95 markalı 22 vaqon benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana yola salındı. Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunmuş 1 220 ton Aİ-95 markalı benzin ixrac edilib. Yük həcmi 22 dəmir yolu sisterninə bərabərdir.

Neft məhsulunun alıcısı Ermənistanın “Mega Trade” şirkətidir. Ermənistan mediasının məlumatına görə, Azərbaycandan gətirilən benzin ölkə daxilində “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Publika.az Modern.az-a istinadən xəbər verir ki,Azərbaycan benzininin satışa çıxarılacağı “Ran Oil” Ermənistanda fəaliyyət göstərən iri yanacaqdoldurma məntəqələri şəbəkəsidir. Şirkət 2021-ci ildən etibarən “SIL Concern” holdinqinə daxildir və İrəvanda və iri şəhərlərdə,- Gümrü, Abovyan, Vanadzor və Armavir daxil olmaqla,- 24 saat fəaliyyət göstərən geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir

“Ran Oil” in sahibi kimi tanınan iş adamı Xaçatur Sukiasyan həm də aktiv siyasi fiqurdur. 1961-ci il sentyabrın 15-də İrəvanda anadan olan Sukiasyan 1994-cü ilə qədər dövlət orqanlarında çalışıb, sonradan əsas fəaliyyətini hələ 1987-ci ildə yaradılmış ailə biznesinə həsr edib. O, Ermənistan parlamentinə müxtəlif illərdə üç dəfə müstəqil namizəd kimi, 2021-ci ildə isə hakim “Mülki Müqavilə” Partiyasının üzvü kimi deputat seçilib. Sukiasyan parlamentdə maliyyə, büdcə və iqtisadi məsələlər üzrə komitələrdə çalışıb, sahibkarlıq və bazar münasibətləri ilə bağlı qanun təşəbbüsləri ilə çıxış edib.

Sukiasyan eyni zamanda “SIL Group” holdinqinin təsisçisidir və uzun illər Ermənistanın sənaye, maliyyə və ticarət sektorlarında böyük paya malik biznes strukturlarını birləşdirən fiqur kimi tanınıb. Hazırda onun biznes strukturlarında 8 min insan çalışır. Onun ailəsi ölkənin aparıcı banklarından biri olan “ARMECONOMBANK”da da nəzarət paketinə sahibdir. Ermənistanda Sukiasyan daha çox “Qrzo” ləqəbi ilə tanınır.

Избранный
58
31
publika.az

10Источники