RU

Bağlı qapılar kilidi Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rafael HÜSEYNOVAkademik

O, xan qızı idi və əsil-nəsildən gələn kübarlıq onunla həmişəlik qaldı. Həyatının sıxıntılı, ehtiyac içərisində yaşadığı günlər də az olmamışdı. Rahat həyata alışmış insanın məişət müşküllərinə dözməsi həmişə ağrılı keçir və belə məqamlarda onların bir çoxu müvazinətini itirir, ömür nahamvarlıqları onların xasiyyətini, təhər-tövrünü də dəyişə bilir. Ancaq Heyran xanım kübarlığını, alicənablığını ömrün sonunadək hifz etməyi bacaranlardan oldu. Yəni yalnız şeirində deyil, elə həyatda da öz ləyaqətli sifətini daim qoruya bildi.

Unudulmaz Qulam Məmmədli XX yüzilin qırxıncı illərində, Təbrizdə işlədiyi vaxtlarda onu Heyran xanımın söz aləminə aşina etmiş Hacı Məhəmməd Naxçıvaninin bir dəfə şairənin həyatından ibrətli hekayət söylədiyini xatırlayırdı və bu haqda mənə 1990-cı illərin əvvəllərində hazırladığım radio verilişində söz açmışdı. Bu əhvalatı Hacı Məhəmməd Naxçıvaniyə Heyran xanımın qohumlarından biri nağıl edibmiş.

Zəlzələ Heyran xanımın özünün yaşadığı mülkə də ciddi ziyan vurubmuş, əqrəbasından da ona ümid bağlayan bir neçəsinin də ev-eşiyini yerlə-yeksan edibmiş. Başqa ağız açacaqları kimsə olmadığından o qohumları, heç olmazsa, qışdan çıxmaqçün yüngülvari də olsa bir ev tikməkdə maddi köməklik göstərməsindən ötrü Heyranın qapısını döyüblərmiş. O çağlar özünün də güzəranı sən deyən fərli olmayan Heyranın əlində vəsait olmasa da, alacaqları varmış. Ona görə də yardım təvəqqesi ilə onun yanına gələn qohumlarını arxayın etmişdi ki, yaxın günlərdə istədiyinizi verəcəyəm. Lakin Heyrana borc qaytarmalı olan və yetərincə sözübütöv şəxs İstanbula səfərində özündən asılı olmayan səbəblərdən ləngiyir, üzrxahlıq məktubu yazaraq İrana vəd etdiyi vaxtda gəlib çıxa bilmədiyini xəbər verir.

Heyran bu izahla ondan kömək uman qohumlarına bir az gözləməyi təklif etməyi şəxsiyyətinə sığışdırmır, imkanlı bir qonşu ərbabdan tezliklə qaytaracağı şərti ilə borc istəyir. Var-dövlətin harınlaşdırdığı o adam "verməyinə verərəm, amma gərək girov qoyasan" deyir. Heyranın evində qır-qızılı, xalı-xalçası, həyətində mal-qarası varmış, ancaq onları deyil, öz əliylə yazdığı və ən dəyərli sərvəti hesab etdiyi "Divan"ını gətirir ki, "mənim bundan əziz, bundan ziqiymət yatırım yoxdur. Bunu bir başqasına etibar etmək ürəyimi orada qoymaq kimidir. İki-üç həftəyə aparacağım borcu qaytarıb bunu geri götürərəm".

Ərbab rişxənd edir ki, "bu nə girovdur? Mən sənə bir ətək pul verirəm, sən mənə kağız-kuğuz. Başqa nəyin var?"

Vüqarlı Heyran xanım kəlmə kəsmədən qalxır, evinə qayıdaraq zinət əşyalarını bir tanışa verir ki, aparıb dəyər-dəyməzinə satsın, sonra da həmin pulları ev tikdirmək istəyən qohumlarına göndərir.

Və bu, fələyin dərslər verən gərdişidir. Aylar ötür, illər dolanır, axşamlardan birində həmin ərbab Heyran xanımgilə təşrif gətirir. Deyir ki, qonşu, eşitmişəm sizin şah ailəsi ilə yaxınlığınız var, mənim dərbardan keçən bir mühüm işim var, bircə kəlmə ağız açsanız, həll olunar.

Heyran qayıdır ki, deməyinə deyərəm, ancaq ondan əvvəl sizi bir mətləbdən hali edim. Onu deyim ki, mənim şah ailəsi ilə yaxınlığıma səbəb nədir, niyə mənim sözüm oralarda keçə bilər.

İşarə eləyir divardakı taxçaya sarı. Deyir, görürsünüzmü o rəhilin üstündəki əlyazmanı. O, mənim "Divan"ımdır, bu evdəki və həyatımdakı ən ali var-dövlətim. O "Divan"ın, oradakı şeirlərin sayəsində şah ailəsi məni tanıyıb, həmin şeirlərə görə mənim xətrim əziz tutulur, həmin şeirlərə görə mənim sözüm o mərtəbədə də keçir. Onlar da bu "Divan"a quruca kağız-kuğuz, qiyməti olmayan bir şey kimi baxsaydılar, nə məni tanıyardılar, nə belə hörmət-izzətim olardı, nə də sizin kimi möhtərəm bir adam evimə gələrdi ki, onun işinin düzəlməsindən ötrü ağız açım.

Qulam müəllim bunu da danışırdı ki, Hacı Məhəmməd Naxçıvani həmin hekayəti nəql edəndən sonra sözünə belə bir düşündürücü təfərrüatı əlavə edibmiş: işləriylə əlaqədar bir gün yolu Xoya düşür və şəhərdəki vəzifə sahiblərindən olan dərin savadlı biri ilə söhbətində onun məhz həmin ərbabın nəvəsi olduğunu bilincə heyrətlənir. Söz sözü çəkir və həmin adam qayıdır ki, sizin "Ərməğan" məcəlləsində qadın şairlərimiz haqqında dərc edilmiş məqalənizi oxudum, orada Heyran xanımın da adını, şeirlərini görüb çox məmnun qaldım.

Bunu deyir, ardınca da başlayır Heyran xanımın şeirlərini ifadəli bir tərzdə əzbər söyləməyə.

Söyləyir ki, mənim atamgil dörd qardaş idilər, biz beş qardaşıq. Hamımızın evində Heyranın "Divan"ı var. Babam o "Divan"dan usta qələmli bir xəttata xeyli nüsxə köçürtdürübmüş, oğlanlarının hərəsinə bir neçə nüsxə veribmiş ki, siz də bunu balalarınıza hədiyyə edərsiniz. Xüsusi ehtiram bəslədiyi şəxslərə də həmin "Divan"ın nüsxəsini pay verər, tövsiyə edərmiş ki, hökmən mütaliə etsinlər. Oğlanlarına, nəvələrinə isə vəsiyyətiymiş ki, bu "Divan"dakı şeirləri əzbər bilsinlər.

Həmin xoylu ağsaqqal sözünü belə tamamlayıbmış ki, babamızın bütün şairlər arasından niyə məhz Heyran xanımı seçərək onun "Divan"ını üstün tutmasının, niyə bu şeirləri əzbər öyrənməyimizi məsləhət görməsinin səbəbini bilmirdik, ancaq şeirləri oxuduqca sevmişdik, yaddaşımızda qalmışdı və babamızın vəsiyyəti olduğundan mən də, qardaşlarım da bu adəti balalarımıza təlqin etmişik.

Xoylu kişi babasının Heyran xanıma niyə bunca vurğunluğunun səbəbini bilmirdi, Hacı Məhəmməd Naxçıvani isə mətləbdən hali idi.

Agah idi ki, bir nəslin övlad-övlad ötürülən Heyran sevgisinin ardında əslində haçansa buraxılmış bir səhvin üzrxahlığı, Heyran xanımın sözünə, şeirinə göstərilmiş biganəliyin günahının yuyulması dayanır.

İranda da, Osmanlı sarayında da müxtəlif vaxtlarda şeirə mail qadınlar tək-tək olmuşdusa da, Fətəli şah Qacar ailəsində şair xanımlar bütün başqa çağlara nisbətən daha çox idisə də, onların qələmə aldığı şeirlər hərəmxana ədəbiyyatı çərçivəsindən qırağa çıxmırdı. Elə Avropada da XVI-XIX əsrlər arası saray xanımları arasında şeir qoşmağa maraq göstərənlərdən qalan mənzumələr də həmin məmzumələr biçimindədir.

Ancaq Heyran xanımı onların heç biri ilə əsla müqayisə etmək olmur. Çünki onun şeirləri təkcə şəxsi hissləri kağıza tökərək ürək boşaltmaqçün yazılmamışdı. Heyran bir başqasına göstərilməyən dəftərdə sırf özü üçün yazanlardan deyildi. İçərisinin genişliyi, təsvir etdiyi gerçəklər və ağrılar baxımından bu şeirlər nəinki sıra-sıra o əsilzadə xanımın qoşduqlarından, hətta son 3-4 əsrdə hamının şair kimi tanıyıb etiraf etdiyi bir sıra başqa peşəkar şair qadınların doğurduqlarından da əhəmiyyətli dərəcədə seçilirdi. Heyran xanım həm də cəmiyyətin şairi idi.

Böyük ölçüdə bu məziyyət Azərbaycanın şair qadınına tarixin bütün dövrlərində xas olub. Eyni keyfiyyət XI-XII yüzillərdə söz meydanında olan Məhsəti Gəncəvidə, Rəziyyə Gəncəvidə, Doxtər-i Xətibdə də vardı, XIV əsrin şairəsi Doxtər-i Nəimidə də, səsləri XIX yüzilin şeir mühitində yüksəlmiş Tahirə Qürrətüleyndə (1817-1852), Qönçəbəyimdə (1827-XIX yüzilin sonları) də, Xurşidbanu Natəvanda (1832-1897) da, aşıq-şair Bəstidə (1836-1936) və onlardan sonrakı əksər qadın şairlərimizdə də.

Çərçivələrə sığmamaqlıq və dövrün cərəyanlarına biganə qalmamaqlıq Heyran xanımda da yetərincə qabarıq idi. Bu duyğular onda sonacan qaldı və hətta çox sinli əyyamlarında yazdığı bir şeirində ömrü yenidən başlayaraq təzədən yolu məhz elə həmin təhər davam etdirmək arzusunu dilə gətirirdi:

Nedim ki, istəyimin əksinə dönər dövran?!

Belim büküldü, qara saçlarım ağardı mənim,

Qocalmışam bu cəfakar çərx əlindən, aman!

Əgər vüsal nəsib olsa bir də dünyada,

Cavan olub təzədən başlar ömrünü Heyran.

1831-ci ildə Güneyə, Xoy tərəflərə ağır bəla gəlmişdi - vəba yayılmışdı və qısa zaman içərisində minlərlə insanı caynağına alıb aparmışdı. Bu bir millət dərdi, cəmiyyət nisgili idi və el təəssübkeşi bu fəlakətə necə laqeyd qalaydı?!

Həkim deyildi dava-dərman yazsın, varlı-hallı deyildi ki, bu müsibətə düçar olmuş ailələrə yardım əlini uzatsın. Gücü qələminə çatırdı və sözü ilə həmdərd olurdu, acılara şərik çıxırdı, ancaq camaat arasında yayılan yazdıqları ilə kömək göstərmək imkanı olanları səfərbər edirdi, seyrçi qalmamağa səsləyirdi.

Elə dağıdıcılığı, gətirdiyi dərd-ələmlə vəbaya tay olan ayrı bir müsibət baş vermişdi - Təbriz növbəti dəfə güclü silkələnmişdi. Zəlzələnin cavanına-qocasına məhəl qoymadan həyatını əlindən aldıqlarının arasında Heyran xanımın da qohum-əqrəbası vardı. Ancaq Heyran xanımın faciələr gətirən bu hadisədən bəhs etməsinə səbəb təkcə o dərdin öz nəslinin də taleyindən keçməsi deyil, məhz el dərdi olmasıydı. Saysız-hesabsız cəsəd çöllərdə sahibsiz qalmışdısa, can hayında olan salamat qalmışların ölüləri torpağa tapşırmağa belə macalı yoxdusa, bu qəm qana dönüb şair ürəyindən necə axmayaydı?

Oldu, ya Rəbb, həlak insanlar!

Suvarıb torpağı qızıl qanlar.

Oldu çöllər cavanlara mədfən,

Çoxlarına nə qüsl var, nə kəfən.

Sinəsi dağlı, gözləri giryan,

Minlər ilə ana edər əfqan.

Bala dərdilə cümləsi ağlar,

Nə bir ehsan, nə xətm-i "Quran" var.

Baxasan, hər tərəf cəsəd dolu,

Bağlanıb xalq üçün nicat yolu.

Söz sərrafı Məhəmmədəli Tərbiyət "Danişməndan-i Azərbaycan"da Heyran xanım haqqında yığcam bilgilər verərək onun surətini bütövlüyü ilə təqdim etmək istərkən hansısa qəzəlindən, rübaisindən, məhəbbət şeirindən yox, qələmini səciyyələndirəcək örnək olaraq məhz cəmiyyət göynərtilərini və sancılarını əks etdirən qoşqularından parçaları seçib qabardırdı. Çünki Heyran xanımın "Divan"ı ilə tanışlığın bu söz bilicisində yaratdığı ilk (və sonradan dəyişilməsi çətin olan düzgün) təəssürat bu şairin yaradıcılığının ən üzdə olan xüsusiyyətinin məhz həmdərdlik nəcibliyi, mərhəmət duyğusu olması idi. Ustad Tərbiyət Heyran xanımın Təbrizdə, Xoyda, Marağada yayılmış vəba ilə bağlı şeirindən müdhiş xəstəliyin vahiməsi saçılan misraları gətirirdi:

Ey Xoda, şiəyan həlak şodənd,

Noucəvanan be zir-e xak şodənd

Madəran delşekəste vo nalan

Borde şuyənd bəhr-e fərzəndan.

Ey Xoda, in bəla şədid şode,

Əz fərəc xəlq naomid şode.

Əlini göylərə qaldırıb Tanrıya müraciət edir ki, "Ey Xuda! Şiələr, yəni əhali məhv olub getdi, cavanlar torpağa gömüldülər, qəlbi qırılmış analar ağlar qalıb, ölüb getmiş balalarından ötrü ağlayırlar".

Yerdə heç kəsdən imdad yoxdur, ona görə yenə çarəni Allaha müraciətdə görür: "Ey Pərvərdigar! Bu bəla çox şiddətli bir bəla oldu. Bu bəladan xalqa nicat yoxdur".

Heyran gözündən yaşlar daman belə hüznlü şeirlər yazırdı, ancaq misralarındakı dərd-fərəh nisbətini də dərhal tənzimləməyə cəhd edirdi. Çünki istəmirdi ki, şeirlər məcmuəsi elə qəm "Divan"ı olsun. Vəba və zəlzələ sarsıntıları, iniltiləri çökmüş şeirlərinin ardınca yaralara məlhəm olan, təsəlli gətirən, ovunduran, acıları unutduran, ümid bağışlayan mənzumələr yaradırdı.

Yarın ləbi, gör, ləl-i Bədəxşanı bəyənməz,

Dürc-i dəhəni qönçe-yi xəndani bəyənməz.

Yarın məh-i ruyini görən ruy-i zəmində,

Göydə dolanan mehr-i derəxşani bəyənməz.

...Heyran əgər tutsa vətən yar dərində,

Gəlməz gözünə, rövze-yi rizvani bəyənməz.

Bu şux ovqat, məhəbbət havası daha çox Heyran xanımın rübailərində duyulur. Vaxtilə Heyranın farsca yazdığı rübailərindən yalnız 10-u azərbaycancaya çevrilib. Lakin şairin "Divan"ının həm öz xətti ilə yazılmış, həm də katiblər tərəfindən köçürülmüş nüsxələrini qarşılaşdıranda bütövlükdə onun azı bu əlyazmalarda 31 rübaisi olduğunu görürük.

Birincisi, müşahidə olunan bu mənzərə o qənaəti yaradır ki, Heyran xanımın irsinin əksini tapdığı bəlli əlyazmaları tutuşduraraq onun irsinin bütöv mətnini tərtib etmək vacibdir və ana dilindəkilər öz yerində, amma həm də şairin farsca yazdıqları da tam halda xalqa çatsın deyə indiyədək edilməmiş tərcümələri də yerinə yetirərək hamınınkılaşdırmalıyıq. Elə çaparaq etdiyimiz bir neçə rübai tərcüməsi bu qəbil şeirlərin böyründən etinasız ötməyin insafdan olmadığını pıçıldayır.

Məndən sənə salam, yar-i vəfadar,

Ey qəlbə həm hakim, həm olan qəmxar.

Kipriyi xəncərə, qaşı qılınca

Heyrandan iki yüz dəfə salam var.

O kəs ki yönəltdi məni sən sarı,

Mənim kimi düşsün kuyindən ayrı.

Səndən ayrı düşmək qismətmiş mənə,

Görməyəydim səni əvvəldən barı.

Sən ey üzü, özü, ətri gül olan,

Çiçəklər açılar harda otursan.

Gül üzündən ayrı, ey huriçöhrə,

Gül də qumru kimi eləyər əfqan.

Nə qəm, etsə məni qəmlər ixtiyar,

Yardan ayrılıqda daha çox qəm var.

Zəmanə Yusifi oxşasa məni,

Gəncləşərəm, həyat təzədən başlar.

Könlüm o gülüzün qəmin daşıyar,

Yoxsa ki, güllərdən nə gileyim var?!

Bu odlanmış sinəm dağlarla dolu,

Hər dağ bir həmdəmdən qalıb yadigar.

Heyran xanım ədəbi ənənələrə sədaqətli qalan söz ustası idi və bunun əyani göstəricisi "Divan"ındakı səsləşmələrdir. Onun "Divan"ında həm Azərbaycan şeirindəki sələflərinə, həm də Yaxın-Orta Şərqin adıbəlli ustadlarına yazdığı silsilə nəzirələr var. Tarixin qəbul edib zirvələr ucalığına qaldırdığı böyüklərə cavablar yazmağın öz məntiqi var. Bu, şairin yetkinliyinin, hansı səviyyə ilə "oturub-durmasının" nişanəsidir. Orta çağda həm geniş ədəbi mühitdə, həm də şairlərin toplaşdığı ədəbi məclislərdə məşhur şairlərin seçmə şeirlərinə nəzirələrini oxumaq ustalıq imtahanı hesab edilirdi.

O, farsdilli şeirin nəhəngləri - "farsdilli şeirin Adəmi hesab edilən" Rudəkiyə də, Şeyx Sədi Şiraziyə də, Xacə Hafiz Şiraziyə də cavablar yazıb, türkdilli şeirdə eyni əzəmətin daşıyıcısı olan İmadəddin Nəsimiyə də, Məhəmməd Füzuliyə də, Saib Təbriziyə də.

Lakin Heyranın bu birinci dərəcəli ulduzların yanında sayrışan, amma cazibəsi ilə elə həmin siqlətdə olan kimi görsənən farslara - Vəhşi Kirmaniyə, Ürfi Şiraziyə də bənzətmələri gözəldir, özümüzünkülərdən İzzəddin Həsənoğluya da, Qövsi Təbriziyə də oxşatmaları ləzzətlidir.

Heyran xanımın bənzətmələrini səciyyələndirən bir özəllik də var. Onun nəzirələri, təxmisləri yalnız əvvəlki klassikin yaratdığı qəlibi bir başqa şəkildə, bir az da cilalayaraq təqdim etməklə bitmir, hər cavabında hökmən Heyranın öz surəti də cilvələnir, yeri düşdükcə zəmanəsi də görünür. Fəqət söz yox ki, hər nəzirə ilk növbədə qabiliyyət nümayişi, şairin qələminin nə dərəcədə yetişkənliyinin təcəssümü idi.

Ahəste ran, ey karevan, aram-e canəm mirəvəd,

Van del ke bas xod daştəm, ba delsetanəm mirəvəd.

Ahəstə get, ey karvan, aram-i canımdır gedən,

Yar könlümü almış mənim, ruhi-rəvanımdır gedən.

Sədinin bu zərif və zamansız qəzəlinə XIII yüzildən Heyran xanım dövrünədək çox bənzətmələr yazılmışdı. Bir nəzirəni də Heyran xanım qələmə aldı, ancaq onun yazdığı əvvəlkilərin hamısından seçildi. Çünki bu şeirin içərisində, əvvəlki şairlərdən fərqli olaraq, həssas bir qadın qəlbi çırpınmaqdaydı. Bu şeirdə də Heyranın sözünü kimə dediyi bəlli idi. Bu həsrətli nəzirə-qəzəlinin qəhrəmanı Naxçıvandan məcburən köç edilərkən ayrı düşdüyü nişanlısı idi:

Ey sariban, rəhm et mənə, bir bax ki, cananım gedir,

Qoy getməsin o sərvboy, səbr ilə imanım gedir.

Düşdüm o gəncdən ayrı mən, qıvrıldı canım qüssədən,

Qıvrım saçında gizlənib bu aşikar canım gedir.

Bu qəzəlində isə Heyran xanım Füzuli babası ilə üzbəüz idi. Füzuli XVI yüzildə belə yazırdısa:

Tutuşdu qəm oduna şad gördügün könlüm,

Müqəyyəd oldu ol azad gördügün könlüm.

Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,

Fəzayi-eşqdə abad gördügün könlüm.

İki əsrdən də bir az sonra Heyran özünü "qəm dağı" adlandıran ulu ustada öz qəmlərini belə açırdı və bu qəzəl də sadəcə nəzirə deyildi, Heyranın öz taleyindən keçənləri Füzuli tərzində bəyan etməsi idi:

Olubdu qəm yatağı şad gördüyün könlüm,

Dağıldı qüssədən abad gördüyün könlüm.

Diyar-i qəmdə giriftar ü dəstgir oldu,

Kəmənd-i firqətə azad gördüyün könlüm.

Fəraq dərdinə axtardı, tapmadı çarə,

Cəmi hikmətə ustad gördüyün könlüm.

Ömrün onilləri keçdikcə, yaşın üstünə yaş qalandıqca Heyran xanımın sözünün çöhrəsi də dəyişməyə başlayır. Artan yaşın bir özəlliyi olaraq da nəsihətçilik, öyrədicilik də Heyran xanımın şeirində yer almağa başlayır. Onun qitələrindən biri başdan-axıracan nəsihətdir, həm də ifşadır.

Heyran bütün yaradıcılığı boyu saf olmuşdu. Birüzlülüyü, dürüstlüyü, səmimiyyəti təbliğ etmişdi. Ancaq həyat idi, hər cür insan görürdü. Riyakarları da, qəlpləri də, saxtaları da görürdü və bu şeir elə onları nəzərdə tutaraq yazılmışdı:

Dünyada on şey ağırdır aqilin zənnincə, bil,

Gərçi mümkün olsa idi, eylərəm ərz-i hüzur.

Nədən ibarət imiş aqilləri incidən bu on xüsusiyyət, bu bəd sifətlər? Bir-bir sadalayır Heyran xanım:

Naz-i aşiq, zöhd-i fasiq, bəzl-i tame, həzl-i rəzl,

Cilve-yi məşuq-i bədşəkl ü nəzərbazi-yi kur.

Bəd səsin zənguləsi, əbləhlərin alimliyi,

Bəhslə mehmannəvazlıq, həm gəda işlətsə zur.

Heyran xanımın bu qitəsini dilimizə Məmmədağa Soltan çevirib və 6 misralıq şeirin bütövlüyünü və orijinaldakı beyt sayını qoruyub saxlamaqçün ifadələri elə şeirin farscasında olduğu kimi saxlayıb. Əlbəttə ki, onları da çevirmək olardı, ancaq o halda istər-istəməz şeirin həcmi ikiqat arta bilərdi. Lakin sadə oxucunun da bu əskiləşmiş, amma mahiyyəti ilə oturuşmuş istilahlar olan deyimləri anlaması çətindir, ona görə də həmin ifadələrin açımına, yozulmasına lüzum var.

Heyranın insanda görmək istəmədiyi keyfiyyətlərdən biri "naz-i-aşiq"dir. Yəni aşiqin naz etməsi. Məşuqun naz-qəmzəli olması bir ənənədir. Ancaq aşiqin özünü məşuqun yerinə qoyaraq etdiyi neyni davranış artıq qaydadan kənara çıxmaqdır. Heyranın görmək istəmədiyi ikinci qəbahətli hərəkət "zöhd-i fasiq"dir. Fasiq - fisq ü fücur əhli, gecə-gündüz günahlara batan, ən bəd əməllərə əl atan, həlləm-qəlləm adamlardır. İbadət məqbul, hər adama yaraşan əməldir. Amma Heyran xanım fasiqin - günahı özünə adət etmişin gözdən pərdə asmaqçün yalandan ibadətə başlamasını Pərvərdigarın Özünə də kəf gəlmək sayır, bu riyakarlığı rədd edir. "Bəzm-i tame" - tamahkar bir adamın guya səxavət göstərməsidir. Xəsis və tamahkar birisi özünü guya səxavətli kimi qələmə verməkçün əlləşirsə, bu, əlbəttə ki, onun qarşısındakıların bunu hiss edib-etməməsindən asılı olmayaraq, onları aldatmaq qəsdidir. Bu, onun bir anlıq görünən zahiridir. İçərisi isə, aydındır ki, tamam başqadır. "Həzl-i rəzil"ə özü məsxərəyə layiq olanın başqalarına lağ etməsi, onları məsxərəyə qoymasıdır. Heyranın ikrah etdiyi insan naqisliklərindən biri də eybəcər olanın özünü gözəl kimi göstərərək nazlanması, yaxud korun qaş-göz oynatmasıdır. Təbii ki, bunlar hər biri məcazi mənada işlənmiş deyişlərdir və fəlsəfəsi ilə daxilini gizlədib, zahirdə başqa cür olmağa çalışanları nəzərdə tutur.

Heyran xanım dövründə də bu, bir bəla idi, ondan əvvəlki zamanlarda da, indi də və eyni mərəz bundan belə həmişə insanları narahat edəcək - "bəhslə mehmannəvazlıq". Yəni sən qəlbən bir nəfərə iltifat göstərmək istəyirsənsə, həqiqətən fitrətdən qonaqpərvərsənsə, bunu onsuz da edəcəksən. Amma batində tam əksinə olub zahirdə özünü olduğunun əksi kimi göstərməyə can atmaq, əlbəttə ki, qəlplikdir, sifət gizlətməkdir və Heyran xanım da hər bir halda həssasların duyduğu, gec-tec əsli hər kəsə də aşkar olacaq bu süni canfəşanlığı rədd edir.

Heyran şeiri rənglərlə, o rənglərin saysız çalarıyla bəzənərək əlvanlıq qazanıb. Amma onun şeirlərinə əlavə boyalar qatan bir əlamət də var. Əski şeirdə "müləmmə" deyilən mənzumələr də olub. Ərəbcədən çevirmədə bu kəlmənin mənası "rəngbərəng", yaxud "parlaq" deməkdir. Bu da şairin bir başqa şəkildə məharət göstərməsi idi. Bir şeirin içərisində şair iki, bəzənsə daha çox dili bir-birinə qataraq, bir növ beynəlmiləl qoşqular doğururdu. Cəlaləddin Ruminin də, Sədi Şirazinin də fars və türk dillərinin qovuşduğu müləmmə şeirləri var. Bu qəbildən olan 2 şeiri də Heyran yaradıb.

Bunlardan birində Heyran xanım hər misranı ikiyə bölür, yarısını farsca, yarısını ana dilində deyir:

Ta getdi ol pərivəş, canəm gereft atəş

Oldum bəsi müşəvvəş, əz dəst şod qərarəm.

Çün getdi ol yeganə, tarik gəşt xane,

Mən olmuşam divanə, Məcnun-e ruzqarəm.

Ta getdi mehr-i ənvər, oldum bəsi mükəddər

Ol dilbər-i sitəmgər, borobud exteyarəm.

Çün getdi ol səmənbu, mah-e kəman əbru

Ol növcəvandan ayru, sərgəşte vo nəzarəm.

Ta getdi sərv-i mövzun, ğəmha-ye mən şod əfzun

Heyranı qıldı Məcnun, hecran-e an neqarəm.

Digər müləmməsini isə Heyran xanım başqa cür qurub. Burada farsca yazılmış hər beytdən sonra türkcə 2 misra gəlir:

Ey bad-e sobhqahi, ey əbr-e pare-pare

Ey ruy-e mehrebani, bər mən bekon nəzare.

Bir halıma nəzər qıl, ol kuyə bir güzər qıl,

Ərz eylə hal-i zarim, ol bivəfa nigarə.

Çeşəm ço rud-e Ceyhun, gərdideəst porxun,

Gəştəm ze cour-e gərdun, əz dustan kənare.

Fərhadtək bu dağı məskən qılıb oturdum,

Məcnunmisal düşdüm, həm dəşt ü kuhsarə.

Nəbvəd dər in zəmane, manənd-e mən cəfakeş,

Nəbvəd be ruy-e aləm, çun mən siyəh setare.

Çün bülbül-i şikəstə, mən bikəs ü fekarı

Saldı o güldən ayrı, lənət bu ruzigarə!

Pərvanesan besuzan, del bər fərağ-e ruyəş,

Əz eşğ-e an setəmgər, Heyran, bekəş şərare.

1940-50-ci illər Heyran xanımın bütün həyatındakı ən xoşbəxt parçalardan biri idi. Azərbaycanın bir dəstə istedadlı insanı Heyran xanımı yeni nəsillərə təqdim etmək, gərəyincə tanıtmaq yolunda çalışırdı. Haqqında ilk məqalələr yazılır, şeirləri ilk dəfə Azərbaycan oxucusu ilə görüşürdü.

1961-ci ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatının "Heyran xanım. Seçilmiş əsərləri" adı ilə buraxdığı kitab klassik irsə münasibətin və nəşrin ciddi, səriştəli və mərkəzləşmiş örnəyidir ki, belə yanaşma və icra 1950-70-ci, qismən də 1980-ci illərin birinci yarısında ənənəvi iş üslubu idi. Təəssüflər ki, dəyişən vaxt, bu başqalaşmanın özü ilə apardığı vərdiş və məsuliyyət, eləcə də belə işləri peşəkarcasına görməyə qadir olan mütəxəssislərin gedişi nəzərəçarpacaq boşluqlar yaratdı. Zahirən bu qəbil layihələri gerçəkləşdirən qurumlar yenə varsa da, əvvəlki münasibətin və icraçıların olmaması xatırlanan çağlardan azacıq da olsa irəli getməyimiz bir yana qalsın, heç o səviyyəni qoruyub saxlamağımıza imkan vermir.

Heyran xanımın farsca olan şeirlərinin tərcüməsinə Məmməd Mübariz, Məmmədağa Soltan, Cəfər Xəndan, İsmayıl Soltan, Məmməd Rahim, Ələkbər Ziyatay, Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün kimi şairlər cəlb edilmişdilər. Onların hamısı həm farscanı bilirdi, həm yaxşı şairlər idilər. Bu qədər bişkin mütəxəssisin cəlb edilməsi həm də təbii bir rəqabət müstəvisi yaradırdı, onlar bir-birinin bəhsinə tərcümələri ən üstün səviyyədə yerinə yetirməyə çalışırdılar. Amma hamısı uğurlu, orijinaldakı mənanı və ifadə gözəlliyini, həmçinin, vəzni, bir sıra hallarda hətta qafiyələri qoruyub saxlayan tərcümələr arasında, söz yox ki, farsdilli klassik ədəbiyyatın bizdəki ən qabil tərcüməçisi Mübariz Əlizadənin çevirmələri xüsusilə fərqlənir.

Ay camallım, bu gecə şuridəsər görrəm səni,

Hal ü rəftarın dönüb, başqa təhər görrəm səni.

Sanki məftun eyləmiş bir sən kimi dilbər səni,

Eşq rəmzindən odur ki, baxəbər görrəm səni.

Ey mənim qönçəsifət şux dilbərim, daş qəlbini

Qönçə ağzından kiçik, qərq-i kədər görrəm səni.

İncimiş könlün məgər öz dilbərindən, dilbərim!

Qəlbi titrək, rəngi solğun, çeşmi tər görrəm səni.

Yoxsa düşmüşdür başın sevdayə suz-i eşqdən?

Naləsi, ahi, fəqani pürəsər görrəm səni.

Ey gözəl, gizlətmə məndən gəl o pünhan eşqini,

Sanki məhbubum mənə eylər nəzər, görrəm səni.

Əzm qıl, Heyran, vəfasız bu cahandan köçməyə,

Çünki bu yolda səmimi həmsəfər görrəm səni.

Elə əvvəldən Heyran xanımın ana dilində yazması təəssüratı yaradan və onun azərbaycanca qələmə aldığı şeirlərdən seçilməyən bu qəzəli farsca olan əsli ilə tutuşduranda tərcüməçinin məharətinə bir daha əyani şəkildə şahid kəsilirsən.

Mah-e mən emşəb tora şuridetər mibinəmət

Hal o rəftar-e tora tour-e degər mibinəmət.

Quiya del borde başəd əz to çon xod delbəri

Əz romuz-e eşqbazi baxəbər mibinəmət.

...Əzm-e rəftən saz Heyran, əz cəhan-e bivəfa,

Xiştənra moxtəsər dər rəhqozər mibinəmət.

Məhz belə mükəmməl bir tərcüməçilər dəstəsinin qələmi ilə yerinə yetirildiyindən Heyran xanımın çevrilmiş şeirləri mənaca aydın, cəlbedici olmaqla yanaşı, həm də farsca mətnlərindəki musiqiliyini də qoruyub saxlamış, elə həmin səbəbdən də həm bəstəkarların, həm muğam ifaçılarının diqqətini çəkmiş, bunun sayəsində elə həmin 1960-70-ci illərdə Heyran şeirləri musiqimizdə də layiqli yerini tutmuşdur.

Elə o dövrdə ilk dəfə yeni dövrün azərbaycanlıları Heyran xanımın çöhrəsini də gördülər. Gözəl rəssamımız Maral Rəhmanzadə Heyran xanımın surətini canlandırdı və onun şeirlərinə bir-birindən qəşəng şəkillər çəkdi.

Heyran xanımın ölümündən sonrakı ömrünün və əbədi qayıdılışının bu bəxtiyar mərhələsini xatırlayarkən nigaranlıq oyadan cəhət ondan ibarətdir ki, aradan altı onildən artıq müddət keçməsinə baxmayaraq, nə şairəmizin əsərlərinə yeni illüstrasiyalar çəkməyə təşəbbüs edilib, nə musiqiyə "gəl-gəl" deyən o şeirlərə bəstəkarlarımız yeni nəğmələr bəstələyib, nə də Heyran xanımın farscadakı şeirlərinin sırasına tərcümə edilərək bir vaxtlar buraxılmış kitabı daha mükəmməl bir şəkildə millətin ixtiyarına vermək yolunda addımlar atılıb.

Cavanlıq, ahıllıq çağlarında qəriblik sızıltıları, gözü yollarda qalmaq pərişanlığı Heyran xanımı az incitməmişdi. O, tale işi idi. Ancaq qocalmaz şairəmizin bizə yeni qayıdışları ilə əlaqədar hicranlarına son qoymaq bizim öz əlimizdədir. Gücümüz çatan işi naməlum sabahlara buraxaraq Heyranımızın həsrətlərinin uzanmasına, gözünün bundan sonra da çox yol çəkməsinə yol verməyək!

...1890-cı illərin başlanğıcında artıq yaşı səksənə çatmış, illərin yorduğu Heyran kədərli bir şeir də yazmışdı:

Daha bir xoş günə yoxdur ümidim,

O bağlı qapıya yoxdur kilidim.

XIX əsr bitməkdə idi. Qarşıdan yeni zaman gəlirdi və dərdli Heyran o yeni zamana bədgüman baxırdı. Həyatında nəyinsə daha yaxşı olacağına ümidi az idi. Ona görə də belə qəmgin sətirlər yazmışdı. Ancaq yanılırmış. Xəbərsizmiş ki, gün yetişəcək, o, bütün təntənəsi ilə xalqına qayıdacaq.

Bir zamanlar onun hücrədə yaranmış, elə hücrənin içərisində, uzaqbaşı dost-tanışa səslənmiş şeirləri bütün millətinki olacaq, onları hamı oxuyacaq. Bir şair, yaradıcı insan üçün isə gələcək günlərin kilidi elə şeirinin, əsərinin insanların dilində, ürəyində gəzməsi, adının xatirəsinin məhəbbətlə millətin yaddaşında yaşamasıdır.

30 noyabr 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
50
525.az

10Источники