Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” ötən gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya Super Kuboku uğrunda görüşdə Tirana “Dinamo”su ilə qarşılaşıb.
Dörd qolun qeydə alındığı oyunda hesabı “Eqnatiya” açıb. Amma qalan dəqiqələrdə 3 qol vurmuş “Dinamo” yekunda 3:1 hesablı əzmkar və inamlı qələbə sayəsində super kuboku qazanıb.
Əliyev bu oyunun iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsində də yer almayıb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
