RU

Ben Deyvis mövsümü erkən başa vurdu – ARENA.AZ

Futbol üzrə Uels yığma komandasının və İngiltərənin “Tottenhem” klubunun mərkəz müdafiəçisi Ben Deyvis uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu Premyer Liqada “Vest Hem”ə məğlub olduqları (1:2) görüşdə sıradan çıxıb. Müdafiəçi sol topuğundan ağır zədə alıb. Klubun yaydığı məlumata görə, futbolçu əməliyyat olunacaq. Bu üzdən də onun cari mövsümdə meydana çıxması gözlənilmir.

Xatırladaq ki, bu zədə Uels millisi üçün də böyük itki hesab olunur. Belə ki, yığma martın sonunda DÇ-2026-nın seçmə mərhələsinin pley-offunun yarımfinalında Bosniya və Herseqovina ilə həlledici görüşə çıxacaq. Millinin müdafiəçisi komandasına kömək edə bilməyəcək.

Ben Deyvis 2014-cü ildən “Tottenhem”də çıxış edir. Mərkəz müdafiəçisi London təmsilçisində keçirdiyi 12 mövsüm ərzində 363 oyuna çıxıb, 10 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub.

Deyvis daha öncə yetirməsi olduğu “Suonsi Siti”də də oynayıb.

Uelsin U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi 2012-ci ilin oktyabr ayında əsas millidə debüt edib. O, indiyə qədər kapitanı olduğu Uels millisində 100 oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Ben 2013-cü ildə “Suonsi Siti” ilə İngiltərə Liqa Kubokunun qalibi olub. 2024/2025-ci illər mövsümündə isə müdafiəçi “Tottenhem”lə Avropa Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
29
24
arena.az

10Источники