Futbol üzrə Niderland milli komandasının və Leverkuzen “Bayer”inin (Almaniya) qapıçısı Mark Flekken uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper Almaniya Bundesliqası çərçivəsində “Hoffenhaym”a qarşı keçirdikləri və 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.
Tibbi müayinənin nəticələrinə əsasən, futbolçunun sağ dizinin yan bağlarında yırtıq aşkarlanıb. Bu səbəbdən təcrübəli qapıçının təxminən 2 ay meydanlardan kənar qalacağı bildirilir.
Xatırladaq ki, “Bayer” Mark Flekkeni 2025-ci ilin yayında 11 milyon avro müqabilində İngiltərənin “Brentford” klubundan transfer edib. Niderlandlı qolkiperin Almaniya klubu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləsi mövcuddur. O, cari mövsümdə bütün turnirlər çərçivəsində 26 oyun keçirib, 39 qol buraxıb, 8 görüşdə qapısını toxunulmaz saxlayıb.
Flekken daha öncə “Brentford”, “Frayburq”, “Duysburq”, “Qroyter Fyurt”, “Alemanniya Aaxen” kimi klublarda da çıxış edib.
Təcrübəli qolkiper 2022-ci ilin mart ayında debüt etdiyi Niderland millisinin heyətində 10 oyuna çıxıb. O, bu görüşlərdə 8 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
