RU

Kamran Əsədov məhkəmə zalında həbs olunub

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Ramin Abdullayev ifadəsində bildirib ki, Əfsanə adlı müəllimin vasitəsilə Gündüz Abbasovu tanıyıb: “Əfsanə müəllim övladımın təhsildə zəif olduğunu bilirdi. Mənə Gündüzün nömrəsini verərək dedi ki, belə adam var, imtahandan keçməyə kömək edəcək. Gündüzlə görüşdüm. O, mənə övladımın imtahandan keçməsinə kömək edəcəyini söylədiyi balaca bir şey, yəni qulaqlıq göstərdi. Mən də razılaşdım. Əvvəlcə 18 min manat istədilər. Onlara 9 min ödədim. Övladım Gəncədə verdiyi imtahandan kəsildi. Hələ də pulu geri almamışam”.

Prosesdə çıxış edən DİM-in nümayəndəsi bildirib ki, bu vasitələr ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetində imtahan verən iki abituriyentdən tutulub. İşin üstü isə bundan sonra açılıb.

Digər şahid, imtahanlarda iştirak edən abituriyent Fərid Abdullayev ifadəsində deyib ki, Gündüz Abbasovu hazırlıq keçən müəllim kimi tanıyıb: “Gündüz Abbasovun imtahanda mənə kömək edəcəsyini atama dedim. Daha sonra biz Gündüz Abbasova müraciət etdik. İmtahana girməzdən öncə qulaqlıq taxmalı idim”.

İş üzrə şahid qismində tanınan Ruslan Çobanov məhkəmədə təqsirləndirilən şəxsləri tanımadığnı bildirib: “Mənə Anar adlı tanışım zəng etdi. İmtahanda qızına köməklik istədi. Mən də Gəncədən olan Namiq adlı tələbə yoldaşıma vəziyyəti dedim. Namiq məni Gündüzlə əlaqələndirdi. Bu iş üçün mənə 125 min dollar pulun lazım olduğunu dedilər. Mən bu məbləği valideynə dedim və o razılaşdı, məbləği mənə verdi. Mən həmin məbləğdən 77 min manatı onlara verdim və qalan pulu özümdə saxladım. İşin üstü açıldıqdan sonra bütün məbləğ qarşı tərəfə ödənilib”.

Daha sonra məhkəmədə iş üzrə təqsirləndirilən Kamran Əsədovun köməkçisi, qohumu Bəhman Hüseynli ifadə verib. O bildiriib ki, təqsirləndirilən Gündüz Abbasov Kamran Əsədovun tələbə yoldaşıdır: “Gültən adlı valideyn bizim yanımza gəldi. Kamran müəllimdən xahiş etdi ki, oğlunun imtahandan keçməsi üçün ona köməklik etsin. Kamran müəllim ona dedi ki, bununla məşğul olan insanlar var. Kamran müəllim Gültən xanımı Gündüz Abbasovun yanına göndərdi. Bir dəfə də Gündüz bizim otağa qulaqlıqlar gətirdi. Gündüz Abbasov orada məşqlər edirdi. Sonra Gündüz tutuldu. Kamran müəllim də mənə otaqda olan qulaqlıqları istintaqa aparmağımı tapşırdı. Mən tapşırığı yerinə yetirdim”.

Prosesə sədrlik edən hakim deyib ki, Naftalan şəhər Polis Şöbəsinə müraciət edən Mehman Cəfərov adlı şəxs də eyni hallarla bağlı Kamran Əsədov və Gündüz Abbasovdan şikayətçi olub.

Hakim, qarşıdan gələn imtahanlarda da eyni halın baş verə biləcəyini deyib.

Dövlət ittihamçısı isə Kamran Əsədovun barəsində olan polis nəzarəti altında olma qətimkan tədbirinin tələblərini pozduğunu, ona görə də onun barəsində həbs qərarı çıxarılmasını istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Избранный
22
4
aznews.az

10Источники