Məşhur reper və prodüser Şon Kombsun (P.Diddi) istintaqı ilə bağlı yeni iddialar ortaya çıxıb.
Publika.az xəbər verir ki, reperə qarşı qaldırılan yeni mülki iddiada o, Tupak Şakurun (Tupac Shakur) qətlini misal çəkərək, zərərçəkmiş şəxsi qorxudub və susmağa məcbur etməyə çalışdığı bildirilib.
İddiaçı Stiv Otisin sözlərinə görə, 2012-ci ildə eskort kimi çalışdığı dövrdə P. Diddi Manhettendəki hotellərdən birində ona qarşı seksual zorakılıq törədib. İddia materiallarında qeyd olunur ki, hadisədən sonra reper Otisi hədələyib və 1996-cı ildə qətlə yetirilmiş Tupak Şakurun adını çəkib.
İddiaçının açıqlamasına əsasən, Diddi bildirib ki, əgər Stiv Otis baş verənlər barədə danışarsa, Tupakı "aradan götürdüyü" kimi, onun da başına eyni hadisə gələ bilər.
Sənəddə həmçinin qeyd olunur ki, 2014-cü ildə Otisin P.Diddinin "Instagram" paylaşımına yazdığı şərhdən sonra təhdidlər guya vasitəçilərlə yenidən davam etdirilib. Otisin sözlərinə görə, ona reperlə münaqişə yaşayan insanların "yoxa çıxa biləcəyi" mesajı verilib.