RU

Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib

Azərbaycan Mətbuat Şurasında (MŞ) Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və səlahiyyətli sədri Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib.

"Far.Az" xəbər verir ki, MŞ sədri Rəşad Məcid Umud Mirzəyevin həyat yolu haqqında məlumat verib.

O, dövlət və ictimaiyyət nümayəndələrinin BAMF sədrinə təbrik məktubları ünvanladığını qeyd edib.

Daha sonra Umud Mirzəyevə Mətbuat Şurası adından 65 illik yubiley medalı təqdim edilib.

Çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AzərTAc-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov Umud Mirzəyevi təbrik edib, ona hədiyyə təqdim edib.

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, Umud Mirzəyev Azərbaycan dövlətinə müstəsna xidmətləri olan adamdır:

"Bizim gənclik dönəmimiz elə bir dövrə təsadüf etdi ki, Umud Mirzəyev də evdə oturub, şair olmaqla kifayətlənə bilmədi. İctimai-siyasi proseslərdə, vətənin çətin günlərində üzərinə düşənin ən yaxşısını etməyə çalışdı. Onun xidmətləri danılmazdır.

Umud Mirzəyev bütün dostları üçün doğmadır. Qarabağda quruculuq işləri aparılır və inanıram ki, Umud Mirzəyevin xidmətləri daha sürətlə davam edəcək".

Mili Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Umud Mirzəyevin vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında böyük xidmətləri var:

"O, Azərbaycanın haqq işinin dünyada tanıdılması yolunda aktiv iştirak edib. Bütün proseslərdə onunla birlikdə iştirak etmişik. 35 yaşından Umud Mirzəyevi tanıyıram və o vaxtdan indiyə qədər onun həvəsi, enerjisi, fəaliyyəti hələ də yüksəkdir".

Umud Mirzəyevlə minatəmizləmə sahəsində çoxsaylı işlərə imza atdığını vurğulayan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev birgə fəaliyyətin davam etdiyini vurğulayıb:

"Birgə hazırladığımız qlobal mina təhlükəsi haqqında sənədli film yaxınlarda işıq üzü görəcək. Oradakı əsas qəhrəmanlardan biri olan əcnəbi xanım məhz Umud müəllimin təklifi ilə filmdə yer alıb".

Fondun rəhbəri BAMF sədrinə "Qarabağın dirçəlişi" kitabını hədiyyə edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə yubilyarın xeyirxahlıq nümunəsi olduğunu vurğulayıb. N.Məmmədli deyib ki, Umud Mirzəyevin rəhbərliyi ilə Beynəlxalq Avrasiya Fondunda Azərbaycanın onlarla politoloqu, jurnalisti yetişib.

BAMF sədrini təbrik edənlər sırasında Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir də yer alıb. O çıxışında söyləyib ki, Umud Mirzəyev həm qələm, həm kəlam, həm də sülh adamıdır:

"O, Azərbaycan həqiqətlərini dünyaya çatdıran bir diplomatdır. Umud Mirzəyevin "Təmənnasız missiya" kitabı da fəaliyyətinə işıq saçır. O, vəzifəsini hər şeyin önünə qoyduğunu hər zaman sübut edib".

Избранный
70
12
far.az

10Источники