UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl Yunayted”- “Qarabağ” qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşq Bakıda baş tutacaq.
Bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Köhlən atlar”ın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, “Sent Ceyms Park” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.