RU

AMEA-da staqnasiya: Mürgüləyən zal, oyaq suallar

AMEA Rəyasət Heyətinin iclasında çəkilən fotolar ictimai diqqəti akademik icmaya yönəldib. Toplantının gedişində mürgüləyən elm xadimlərinin görüntüləri sosial mediada yayılıb və akademiklərimiz hədəfə gəlib. Nəticədə müzakirələr getdikcə səthiləşir, lağlağı və laqqırtılar AMEA-da islahatlar mövzusunu gündəmdən çıxarır.

Odur ki, ilk növbədə məsələyə münasibətdə ciddiyyəti bərpa etmək lazımdır.

Əvvəlcə onu qeyd edim ki, iclaslarda insanların yorulması, yaxud yorğun insanların mürgüləməsi təbiidir. Bu, təkcə AMEA-ya xas hal deyil. Parlamentlərdə, konfranslarda, hətta böyük sammitlərdə belə oxşar görüntülər olur. Deməli, məsələ mürgüləməkdə deyil, görüntülərin yaratdığı təsəvvürlərdir. Əgər ölkənin ali elmi qurumunun toplantısında gündəliyə laqeydlik görüntüləri üzə çıxırsa, bu, həm də idarəetmə və motivasiya probleminə işarə edir. Belə nəticə hasil olur ki, ya tədbir formal xarakter daşıyır və diskussiya yoxdur, ya da AMEA dinamizmini itirib.

Akademiklərin maddi təminatlarının azlığı barədə nə qədər danışılsa da, son nəticədə qurum dövlət büdcəsindən maliyyələşir və cəmiyyət ondan intellektual liderlik gözləməyə tam haqlıdır. Odur ki, əsas sual budur: Bu görüntülər anidir, yoxsa AMEA sistemində staqnasiyanın- durğunluğun əlamətidir? Böyük məyusluqla düşünürəm ki, problem kifayət qədər dərindir. Əgər akademik mühitdə real rəqabət yoxdursa, yaş balansı pozulubsa, elmi nailiyyətlər əsas meyar deyilsə, onda belə görüntülər həm qaçılmaz olur, həm də AMEA-nın timsalında Azərbaycanda elmin reputasiya böhranını üzə çıxarır.

Elmi institutlar üçün reputasiya kapitalı çox vacibdir. Beynəlxalq təcrübə göstərir ki, akademik institutlar üçün nailiyyətlər, dəstək və etimad ən mühüm dayaqlardır. Üçüncü sütun zəifləyəndə əvvəlkilər də gec-tez risk altına düşür. Məsələni dramatikləşdirmək istəməzdim, amma fakt budur ki, əgər son iclasa qədər AMEA ilə cəmiyyət arasında bir boşluq vardısa, indi uçurum yarandı. Məlum görüntülər həmin uçurumu simvolizə edir. Sosial şəbəkələr simvollarla işləyir, konteksti çox vaxt nəzərə almır.

Bununla belə, AMEA-nın timsalında Azərbaycanda elm onsuz da cəmiyyətlə zəif kommunikasiya qururdusa, elmi nəticələr ictimai müzakirəyə çıxmırdısa, alimlər ictimai məkanda görünmürdüsə, onda yayılan fotolar problemi sadəcə vizuallaşdırır, görünən edir.

Избранный
33
50
aznews.az

10Источники