RU

Azərbaycan Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir - Qüdrət Həsənquliyev

Azərbaycan Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dünən xalqımız böyük hüznlə Xocalı soyqırımı qurbanlarını yad etdi: "Ermənistanın prezidentləri olmuş Robert Koçaryan və Serj Sarkisyanın rəhbərliyi ilə 34 il öncə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalının dinc sakinlərinə uşaq, qadın, qoca demədən divan tutub. Xocalı işğaldan azad olunsa da, həmin cinayəti törətmiş şəxslər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahat ola bilməz. İsrail müharibədən sonra nasist cinayətkarlarını taparaq ədalət məhkəməsi qarşısına çıxarırdı, mümkün olmadıqda isə onların məsuliyyətə cəlb olunması üçün digər yollar axtarırdı. Azərbaycanın müvafiq dövlət orqanları da Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılması üçün bütün hüquqi mexanizmlərdən istifadə etməlidir.

Bu gün həmin şəxslər Ermənistanda yenidən hakimiyyətə qayıtmaq niyyətindədirlər. Ermənistanda sülh tərəfdarları açıq şəkildə bəyan edirlər ki, qarşıdan gələn 7 iyun seçkiləri müharibə ilə sülh arasında seçim olacaq. İndi zaman çatıb ki, Azərbaycan da Ermənistan xalqına açıq mesaj versin: Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsi Ermənistan üçün ağır nəticələr doğura bilər. Revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda mümkün təxribatların qarşısını almaq məqsədilə sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi məsələsi də nəzərdən keçirilməlidir. Azərbaycan eyni zamanda, Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir.

Избранный
8
3
aznews.az

4Источники