RU

Bolnisidə Səməd Vurğunun 120 illiyi qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların kompakt yaşadığı Faxralı kənd orta məktəbində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə, yerli ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Poeziya gecəsində ziyalılar şairin zəngin ədəbi irsi, Azərbaycan poeziyasına verdiyi töhfələr və onun yaradıcılığının bu gün də aktuallığını qoruduğu barədə çıxış ediblər. Qeyd olunub ki, Səməd Vurğun vaxtilə iki dəfə Faxralı kəndində olub və kənd sakinləri ilə görüşlər keçirib. Bu səbəbdən şairin xatirəsi kənddə xüsusi ehtiramla yad edilir. Faxralı sakinləri onu xoş xatirələrlə xatırlayır, yaradıcılığını daim əziz tutur və gələcək nəsillərə tanıtmağa çalışırlar.

Tədbir çərçivəsində məktəblilər arasında şairin yaradıcılığına həsr olunan şeir müsabiqəsi keçirilib. Çıxış edənlər bu cür təşəbbüslərin Gürcüstanda ana dilinin qorunması, yaşadılması və gənc nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Şeir müsabiqəsində Faxralı (Talaveri) Arif Əliyev adına 1 nömrəli məktəbin şagirdləri iştirak edərək şairin yaradıcılığından nümunələr səsləndiriblər. Şagirdlərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin sonunda müsabiqənin qalibləri Fəxri Fərmanla təltif olunublar.

Mərasim bədii hissə ilə davam edib. Məktəblilər tərəfindən şairin dram əsərlərindən səhnələşdirilmiş səhnəciklər təqdim olunub.

Избранный
26
1
far.az

2Источники