Xəbər verdiyimiz kimi, 5 mart tarixində İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücum aktları həyata keçirilib.
“Poliqon”un məlumatına görə, hadisə nəticəsində Naxçıvan beynəlxalq hava limanı və digər mülki infrastrukur kamikadze tipli PUA-lar ilə vurulub, 4 nəfər xəsarət alıb.
Qeyd edək ki, yerli və xarici ekspertlər İranın sözügedən hücumları həyata keçirərkən “Shahed-136” deyil, “Arash-2” kamikadze PUA-larından istifadə etdiyini iddia edib.
“Arash-2”, hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq və yüksək dəqiqlikli zərbələr endirmək üçün hazırlanmış kamikadze PUA-dır. İran istehsalı digər PUA-lardan fərqli olaraq “Arash-2” həm kamikadze missiyalarını, həm də elektron müharibə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. İlk dəfə 2020-ci ildə keçirilən hərbi təlimlər zamanı təqdim olunan “Arash-2” sonrakı illərdə İran Silahlı Qüvvələrinin müxtəlif təlimlərində və sərgilərdə nümayiş etdirilib. Təlimlər zamanı və real döyüş əməliyyatlarında kamikadze PUA-nın uzaq mənzilli imkanları təsdiq olunub.
2000 kilometrə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik olan uzaq mənzilli bu PUA, kamikadze tipli pilotsuz uçuş aparatları sahəsində İranın artan imkanlarının mühüm göstəricisi hesab olunur. İranın müdafiə sənayesi tərəfindən hazırlanaraq kütləvi istehsal olunan “Arash-2”, bir sıra yerli və xarici hərbi mütəxəssislər tərəfindən dünyanın ən inkişaf etmiş kamikadze PUA-ların biri kimi qiymətləndirilir. O, yüksək dəqiqlik, radar sistemlərindən yayınma və güclü dağıdıcı imkanları ilə seçilir.
Texniki baxımdan “Arash-2”, “Arash-1”in təkmilləşdirilmiş versiyasıdır və görünüş baxımından “Kian-2” PUA-sı ilə oxşarlıq təşkil edir. Lakin “Arash-2” 50 at gücünə malik MD550 və ya MDSO-4-520 piston mühərriki ilə təchiz edilib ki, bu da ona 185 km/saat sürətə çatmağa imkan verir. Onun uzunluğu 4.5 metr, qanad açıqlığı isə 4 metrdir. Maksimum 12 min fut hündürlükdə fəaliyyət göstərə bilən PUA, yük maşınları üzərində yerləşdirilən konteyner tipli buraxılış qurğularından və ya JATO (reaktiv sürətləndirmə) sistemli start qurğularından buraxıla bilər. Bu isə müxtəlif ərazilərdə sürətli və çevik yerləşdirilməni təmin edir.
“Arash-2”ni fərqləndirən əsas xüsusiyyət onun strateji hədəfləri vurmaq qabiliyyətidir. Bu PUA hədəf məlumatlarını son zərbə öncəsi bir neçə dəfə yeniləyə bilən müasir istiqamətləndirmə sistemləri ilə təchiz olunub. Adıçəkilən xüsusiyyətlər onun dəqiqliyini və öldürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və onu İranın çəkindirmə və asimmetrik müharibə strategiyasının əsas elementlərindən birinə çevirir.