RU

Nazir Əraqçı: "Azərbaycana qarşı dronların buraxılması üçün heç bir səbəb yoxdur"

İranın xarici işlər naziri Abbas Əraqçı Naxçıvan istiqamətində baş verən dron terroru ilə bağlı növbəti açıqlama verərək Tehranın bu hadisədə iştirakını yenidən inkar edib.

 

Əraqçı NBC News telekanalına müsahibəsində bildirib ki, İran Naxçıvana yönələn dron hücumunun səbəblərini araşdırır və Azərbaycanın hədəf alınması ilə bağlı iddiaları qəbul etmir.

 

Nazirin sözlərinə görə, hadisənin müxtəlif ehtimalları nəzərdən keçirilir və dronların başqa ərazilərdən buraxılması ehtimalı da istisna edilmir.

 

“İran Naxçıvana dron hücumunun səbəblərini araşdırır. Azərbaycana qarşı dronların buraxılması üçün heç bir səbəb yoxdur. Ola bilsin ki, dron başqa yerlərdən buraxılıb və ya texniki problem olub. Türkiyəyə, Azərbaycana və digər qonşularımıza hücum etmək niyyətimiz yoxdur”, – deyə Əraqçı bildirib.

 

Lakin İran rəsmisinin bu açıqlaması rəsmi Tehranın informasiya siyasətindəki ziddiyyətləri bir daha ortaya qoyur. Belə ki, SEPAH-a bağlı bütün telegram və media kanalları Naxçıvan istiqamətində hücumun İran tərəfindən həyata keçirildiyini açıq şəkildə yazıb və bunu fakt kimi təqdim ediblər.

 

Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyi və müxtəlif ölkələrdəki səfirlikləri hadisədə Tehran amilini inkar edir. Hətta İranın Moskvadakı səfiri daha irəli gedərək iddia edib ki, hücumu guya İsrail həyata keçirmiş ola bilər.

 

Bu versiya isə bir çox ekspertlər tərəfindən absurd hesab olunur. Çünki İsrailin Naxçıvana dron zərbəsi endirməsi üçün minlərlə kilometr məsafəni keçməsi lazım gələrdi və bu, nə hərbi, nə də siyasi baxımdan İsrail üçün məntiqli addım sayılır. Üstəlik, İsrail ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur.

 

Beləliklə, hadisə ilə bağlı ortada maddi və texniki sübutların olmasına rəğmən İran rəsmiləri məsuliyyəti qəbul etmək əvəzinə məsələni müxtəlif ehtimallarla izah etməyə çalışırlar. Bu isə Tehran rəsmilərinin açıqlamaları ilə SEPAH-a bağlı mənbələrin məlumatları arasında ciddi ziddiyyət olduğunu göstərir.

 

Musavat.com

Tarix: 6 Mart 2026, 01:09   
Избранный
73
1
pravda.az

10Источники