RU

Müharibə genişlənir: İranın yeni DƏHŞƏTLİ hücum planı – Nələr var? 

Son günlər Yaxın Şərqdə gərginliyin daha da artdığı barədə məlumatlar yayılmaqdadır. İranın hərbi rəhbərliyi qarşıdakı dövrdə əməliyyatların genişlənəcəyini və hücumların intensivləşdiriləcəyini açıqlayıb. Bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı Mərkəzi Qərargahının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, yaxın günlərdə İranın düşmən mövqelərinə qarşı həyata keçirdiyi əməliyyatlar daha geniş miqyas alacaq və hücumlar müxtəlif istiqamətlər üzrə aparılacaq. İran tərəfi ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı bir neçə cəbhədə – hava, dəniz və quru istiqamətlərində əməliyyatların intensivliyinin artırılmasının planlaşdırıldığını bəyan edib. Rəsmi məlumatlarda qeyd olunur ki, İsrail ərazisində yerləşən bəzi hərbi obyektlər də potensial hədəflər sırasındadır. Xüsusilə İsrailin mühüm hərbi infrastrukturu hesab edilən Ramat David Hərbi Hava Bazası və Meron Hərbi Hava Bazası istiqamətində hücumların mümkün olduğu bildirilib.

Bununla yanaşı, İran tərəfi regionda yerləşən ABŞ hərbi obyektlərinin də hədəfə alındığını iddia edib və xüsusilə Küveyt ərazisində yerləşən ABŞ bazalarına hücumların həyata keçirildiyini vurğulayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Vasif Həsənli bildirib ki, Yaxın Şərqdə yaranmış vəziyyət artıq lokal qarşıdurma mərhələsini geridə qoyaraq daha geniş geosiyasi böhrana çevrilmək təhlükəsi ilə üz-üzədir.

Vasif Həsənli

Onun sözlərinə görə, regionda gərginliyin kəskin artmasına səbəb olan əsas hadisələrdən biri fevralın sonunda baş verən qarşılıqlı hərbi əməliyyatlardır:

“Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail ordusunun İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı. Bundan sonra vəziyyət daha da gərginləşdi və bir sıra ölkələr prosesə cəlb olundu. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak etdiyini bəyan etdi.

Bu açıqlamalar regionda hərbi qarşıdurmanın miqyasının genişlənəcəyini göstərən ciddi siqnallar idi.

İran isə öz növbəsində buna cavab olaraq İsrail istiqamətində onlarla ballistik raket buraxdı. İsrail tərəfi raket hücumlarını təsdiqlədi və ölkə daxilində hava hücumu siqnalları verildi. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqladı və bir sıra ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi.

Regionda gərginliyi daha da artıran hadisələrdən biri martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürülməsi oldu. Bu nüans regiondakı siyasi və hərbi vəziyyətə ciddi təsir göstərmək potensialına malikdir. Çünki İranın siyasi sistemi Ali Lider institutuna əsaslandığı üçün belə bir hadisə ölkə daxilində və regionda böyük geosiyasi dəyişikliklərə səbəb ola bilər”.

Ekspert bildirir ki, İranın ABŞ hərbi bazalarının yerləşdiyi qonşu ölkələrə raket zərbələri endirməsi də münaqişənin coğrafiyasını genişləndirən əsas faktorlardan biridir:

“İran müxtəlif ölkələrdə yerləşən ABŞ hərbi infrastrukturlarını hədəf almaqla Vaşinqtona mesaj göndərməyə çalışır və bununla ABŞ-nin regiondakı hərbi mövcudluğuna təzyiq göstərmək istəyir. Bu hücumlar nəticəsində bir sıra Yaxın Şərq ölkələrində hava məkanının müvəqqəti bağlanması barədə qərarlar qəbul edilib. Belə addımlar regionun mülki aviasiya təhlükəsizliyinə və iqtisadi sabitliyinə də ciddi təsir göstərir. Yaxın Şərqdə yerləşən bir çox ölkələr hazırda münaqişənin genişlənməsindən narahatdır və bu səbəbdən təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırırlar”.

Ekspert hesab edir ki, İranın əməliyyatları genişləndirəcəyini bəyan etməsi təkcə hərbi plan deyil, eyni zamanda siyasi və psixoloji təzyiq strategiyasının bir hissəsidir:

“Tehran bu cür açıqlamalarla həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, münaqişə davam edəcəyi təqdirdə qarşı tərəf daha böyük risklərlə üzləşə bilər.

Yaxın Şərqdəki hazırkı vəziyyət bir neçə böyük gücün maraqlarının toqquşduğu mürəkkəb geosiyasi mühit formalaşdırıb. Bu səbəbdən hər hansı lokal hərbi əməliyyat çox qısa müddətdə daha geniş regional qarşıdurmaya çevrilə bilər”.

Onun fikrincə, qarşıdakı günlərdə baş verəcək hadisələr regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər və münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi böyük ölçüdə diplomatik proseslərin nəticəsindən asılı olacaq:

“Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq vasitəçilik təşəbbüsləri və diplomatik kanalların aktiv saxlanılması mühüm əhəmiyyət daşıyır. Əks halda Yaxın Şərqdə baş verən bu qarşıdurma daha geniş miqyas alaraq regionun təhlükəsizlik sistemini uzun müddət qeyri-sabit vəziyyətə sala bilər”.

Tunar
NOCOMMENT.az

Избранный
67
50
nocomment.az

10Источники