RU

İntizam Komitəsi gündəm yaradan məsələyə yenidən baxacaq (AÇIQLAMA)

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyununda (3:3) “bayquşlar”ın məşqçisi Valerio Zuddasın qeyri-etik jesti gərginliyə səbəb olmuşdu. AFFA İntizam Komitəsinin bu gün açıqlanan qərarlarında Zuddasın cəzalanmadığı görünür.

Mütəxəssisin hansısa cəza almaması gündəm yaradıb. Cəzanın olmamasının səbəbi hakimlər və AFFA nümayəndəsinin bununla bağlı oyun protokolunda qeydlər aparmaması olub.

Qərar açıqlanandan sonra epizodun videosu yayılıb. AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov “Futbolpress.az“a açıqlamasında məsələyə yenidən baxılacağını bildirdi:

“Qarabağ” – “Sabah” oyununun 84-cü dəqiqəsində baş vermiş epizodla bağlı qeyd etmək lazımdır ki, oyun zamanı nə hakimlər briqadası, nə də AFFA nümayəndəsi münaqişənin hansı səbəbdən yarandığını birbaşa müşahidə etməmişdir. Bu səbəbdən də rəsmi oyun protokolunda yalnız münaqişə faktının baş verməsi qeyd olunmuş, hadisənin mahiyyəti barədə əlavə hüquqi qiymətləndirmə aparılması üçün zəruri məlumatlar protokolda əksini tapmamışdır.

Eyni zamanda, matçın rəsmi yayım görüntülərində də sözügedən epizod tam və aydın şəkildə qeydə alınmamışdır ki, bu da ilkin mərhələdə hadisənin bütün halları üzrə obyektiv qiymətləndirmə aparılmasını məhdudlaşdırmışdır.

Lakin AFFA İntizam Komitəsinin qərarları ictimaiyyətə açıqlanandan təxminən 10 dəqiqə sonra həmin epizodu əks etdirən əlavə texniki video görüntülər mediada və ictimai platformalarda yayılmışdır. Məsələnin obyektiv araşdırılması və faktiki halların tam müəyyən olunması məqsədilə AFFA İntizam Komitəsi həmin görüntüləri də nəzərə almaqla əlavə hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandığı halda müvafiq qərar qəbul edəcəkdir.

Qeyd etmək vacibdir ki, AFFA İntizam Komitəsi öz fəaliyyətində AFFA-nın müvafiq normativ-hüquqi aktlarını, İntizam Məcəlləsinin tələblərini və ədalətli araşdırmanın fundamental prinsiplərini rəhbər tutur. Komitə hər bir işi mövcud sübutlar, rəsmi sənədlər və mümkün olan bütün informasiya mənbələri əsasında araşdıraraq obyektiv və ədalətli qərar qəbul etməyə çalışır.

Bu baxımdan belə texniki çəkilişlərin və hadisəni tam əks etdirən materialların vaxtında və rəsmi qaydada AFFA İntizam Komitəsinə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür materialların operativ şəkildə təqdim edilməsi hadisələrin daha dolğun araşdırılmasına və hüquqi baxımdan əsaslandırılmış qərarların qəbul edilməsinə mühüm töhfə verir”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
91
31
futbolpress.az

10Источники