RU

İran əlindəki ən böyük “silahını” işə salır-Tramp “20 qat güclü zərbə endirəcəyik” deyir  

ABŞ Prezidenti Donald Tramp “Thuth Social” sosial şəbəkəsində yazıb ki, əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək.

O, bunun ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyə olacağını söyləyib: "Ümid edirəm ki, bu jest təqdir olunacaq".

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında deyib ki, Hörmüz boğazında yaranan problemlərdən əsasən neft tankerləri zərər görüb: “Qlobal neft və LNG daşımalarının təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir. Bundan əlavə, Hörmüz boğazından keçidin azalması mədən sənayesi malları və gübrələrin daşınmasında da azalmaya səbəb olub. Bu vəziyyətdən ən çox Körfəz və Afrika ölkələri təsirlənir.

“Bloomberg”in araşdırmasına görə, bu bölgədəki hadisələr nəticəsində Hindistanda alüminium və sement, Avstraliya və Cənubi Afrikada gübrə idxalçıları, həmçinin Hindistan, Türkiyə və Cənubi Afrikada qiymətli metal ixracatçıları risklə üzləşiblər. Körfəz boyu limanları olan ölkələr və qonşu limanlardan tranzit kimi istifadə edən digər Yaxın Şərq dövlətləri, eləcə də Körfəz regionu ilə ticarət aparan ölkələr Hörmüz boğazının bağlanmasından birbaşa zərər görürlər.

Eyni zamanda bu hadisələr qeyri-neft ticarətinin təxminən 2,4 faizini də risk altına alır. Körfəz dövlətləri gübrə, qiymətli metallar, alüminium və sementin böyük ixracatçısı olduqlarından qlobal idxalçıların 4–7 faizi risklə üzləşir”.

Politoloq onu da qeyd etdi ki, G20 ölkələri arasında Hindistan, Türkiyə, Cənubi Afrika və Argentinanın qeyri-neft ixracatının ən azı 4 faizi risk altındadır: “Vəziyyət hələ də qeyri-sabitdir və təsirin miqyası Hörmüz boğazının faktiki bağlı qalma müddətindən asılı olacaq.

Bəzi pozulmuş ticarət axınları alternativ marşrutlara yönləndirilə bilər ki, bu da dəniz yollarında sıxlıq yaradaraq daşımaların qiymətinə təsir edə bilər. Eyni zamanda, Qırmızı dənizdə husilərin hücumlarının təkrarlanma ehtimalı daşımalarda yaranmış problemi daha da dərinləşdirir. Hava məkanlarının bağlı qalması isə hava yükdaşımasına təsir göstərir.

İndi əsas sual budur: İran Hörmüz boğazını bağlayarsa, nələr baş verər?

Daha əvvəl İran mediası Hörmüz boğazının bağlandığını və keçməyə cəhd edən istənilən gəminin vurulacağını iddia edib. Hörmüz boğazı Oman ilə İran arasında yerləşir. Bu boğaz şimalda Fars körfəzini cənubda Oman körfəzi və daha sonra Ərəb dənizi ilə birləşdirir.

Dünya üzrə ümumi neft istehlakının təxminən beşdə biri məhz bu strateji su yolundan keçir. Boğazın ən dar nöqtəsi cəmi 33 kilometrdir. Gəmilər üçün nəzərdə tutulan hərəkət zolaqları isə hər istiqamətdə təxminən 3 kilometr təşkil edir. Bu isə onu həm strateji baxımdan həssas, həm də asanlıqla bloklana bilən nöqtəyə çevirir”.

Ekspertin sözlərinə görə, OPEC-ə üzv olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və İran xam neft ixracının böyük hissəsini məhz bu boğaz vasitəsilə həyata keçirir: “İxracın əsas istiqaməti isə Asiya ölkələridir. Təkcə neft deyil, mayeləşdirilmiş təbii qaz daşımaları da bu marşrutdan asılıdır.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərində kəskin artıma, yanacaq və enerji tariflərinin bahalaşmasına, dünya bazarlarında təşvişə səbəb ola bilər. Bu boğaz dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biri hesab olunur. Onun bağlanması isə regional addım kimi görünsə də, nəticələri qlobal iqtisadi şoka çevrilə bilər.

Bütün bunları nəzərə alsaq deyə bilərik ki, Hörmüz boğazının bağlanması ABŞ -nin maraqlarına əsla uyğun deyil. Xüsusilə Tramp kimi biznesmen, iqtisadi əlaqələri və təsir "rıçaklarını" bütün digər vasitələrdən üstün tutan siyasətçi üçün. Bu baxımdan, heç şübhəsiz, Vaşinqton bu ssenarinin qarşısını almaq üçün bütün mümkün imkanlardan istifadə edəcək.

Trampın İrana xəbərdarlığı onu bu addımdan çəkindirmək üçündür. Eyni zamanda paylaşımın məzmunundan da görünür ki, Tramp bu məsələdə Avropa dövlətlərinin dəstəyini qazanmaq istəyir. Hərçənd boğazın bağlanması onsuz da Avropaya da sərf etmir və əgər bu addım atılarsa, bütövlükdə İrana qarşı kəskin reaksiya verəcək.

İranın yaxın zamanda Hörmüz boğazını bağlayacağını düşünmürəm. Hər halda Tehran mümkün riskləri nəzərə alır. Amma, əgər bu baş verərsə, dünyada təkcə çox ciddi iqtisadi kataklizmlər və qida böhranı yaşanmayacaq. Həm də planetin təhlükəsizlik arxitekturası üçün mühüm təhdidlər meydana çıxacaq”.

Cavanşir ABBASLI

Musavat.com

Избранный
65
50
musavat.com

10Источники