Özbəkistanın qədim şəhəri Buxarada qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib.
Rekord.az xəbər verir ki, ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər şahmatçılar mübarizə aparıb.
8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə ölkəmizi şəxsi Avropa çempionatının qalibi, Azərbaycan çempionu Ülviyyə Fətəliyeva təmsil edib.
9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.
Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.