RU

Səfir ilginc faktları açır: “240 kubalı Azərbaycanda insanları belə xilas etdi” MÜSAHİBƏ

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 27-də Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında münasibətlərin qurulmasının 34-cü ildönümü olacaq. 1992-ci ildən qurulan münasibətlər bu gün də uğurla davam edir.

Globalinfo.az bu münasibətlə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə söhbətləşib.

Sözügedən müsahibəni təqdim edirik:

– Cənab Səfir, müsahibəyə razılaşdığınız üçün təşəkkür edirik.

– Mən təşəkkür edirəm. Bura Kubanın Azərbaycandakı səfirliyidir. Səfirlik kiçik olsa da, müsahibə öncəsi sizə bir-iki şey göstərmək istəyirəm.

– Əlbəttə, buyurun.

Səfir bizi girişdəki fotolarla tanış edir:

– Birinci foto cənab Prezident İlham Əliyevin etimadnaməmi qəbul etdiyi andır. İkinci fotoda isə cənab Fidel Kastro (sabiq Kuba lideri – red.) ilə birlikdəyəm.

– Kubanın əfsanəvi qəhrəmanı Fidel Kastro haqda çox oxumuşam.

– Burada mən daha gəncəm. Hətta saqqalım da var (gülür).

Səfir bizə kubalı rəssamların çəkdiyi və Kubanın müxtəlif tarixi binaları və məkanlarını əks etdirən tabloları göstərir. Daha sonra müsahibəyə başlaya biləcəyimizi deyir:

– Bəzi qeydlər aparacağım üçün qarşımda bu vərəqlər olacaq. Bu müsahibə mənim üçün çox önəmlidir. Ona görə də çox ciddi hazırlaşmışam. Qeyd edim ki, mən 1978–1983-cü illərdə Ukraynanın Lvov şəhərində jurnalistika təhsili almışam. 1994-cü ildən sonra isə XİN-də işləməyə başlamışam. Həmişə Kuba XİN ilə mətbuat arasında fəaliyyət göstərmişəm. Kubada Beynəlxalq Mətbuat Mərkəzi adlanan yer var. Kubada olduğum dövrlərdə də o mərkəzin direktoru kimi məsləhətçi olmuşam. Kubadakı xarici mətbuatla işləyirəm. Kubada 100-dən çox jurnalist var və onlar daimi akkreditasiyadadırlar. Belə kiçik ölkə üçün bu say çoxdur. Elə olur ki, tranzit kimi daimi qalmaq şərti ilə 400–500 jurnalist belə gəlir. Kuba hər zaman xəbərdir. Kubaya həmişə lupa ilə baxırlar.

– Cənab Səfir, Azərbaycan və Kuba arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Kuba-Azərbaycan münasibətləri demək olar ki, Azərbaycanın tam müstəqillik əldə etdiyi dövrə təsadüf edir. 27 mart 1992-ci tarixində Kuba və Azərbaycan arasında diplomatik münasibətlər quruldu və bu yaxınlarda biz münasibətlərin qurulmasının 34-cü ilini qeyd edəcəyik.

Son illərdə səhiyyə, siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafı daha çox diqqət çəkir. 18–19 il öncə Bakıda ilk dəfə səfirliyimizi açdıq. Artıq üç ilə yaxındır ki, Azərbaycanın Havanada səfirliyi fəaliyyət göstərir. Onu da deyim ki, Azərbaycanın Kubadakı səfirliyi açılana qədər də diplomatik nümayəndəliyi var idi. Səfir isə Nyu-Yorkda BMT nümayəndəliyində idi.

Azərbaycan ilə Kuba arasında münasibətlər inkişaf etdikcə Azərbaycan Kubada səfirlik açmağa qərara gəldi. Hazırda Kubada Azərbaycanın səfiri fəaliyyət göstərir. Yeri gəlmişkən, cənab Ruslan Rzayev sizinlə eyni soyadı daşıyır (gülür).

– Maraqlı təsadüfdür.

– Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Mən düşünürəm ki, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəsi 2020-ci il, COVID-19 pandemiyasına təsadüf edir. 2020-ci ilin 13 iyul tarixində Azərbaycana 115 kubalı mütəxəssis gəldi. İşlərin çoxluğu səbəbindən Azərbaycan yeni briqadanın gəlməsini də xahiş etdi. Bu briqada isə 120 tibb işçisindən ibarət idi. Bu o deməkdir ki, il yarım ərzində 240-a yaxın tibb işçisi Azərbaycana kömək edib. Bu, Azərbaycan xalqı üçün çox önəmli hal idi. Çünki azərbaycanlıların sağlamlığına kömək edirdilər. Bizim həkimlərimiz Azərbaycanda 1000-ə yaxın həyatı xilas etməyi bacarıb. Mənim üçün bu hadisə iki ölkə arasında diplomatik və siyasi münasibətlərin pik həddidir.

Bildiyiniz kimi, 60 ildir ki, Kuba ABŞ blokadası altındadır. İqtisadi, ticari, maliyyə blokadası ilə Kuba üzləşir. Azərbaycan illərdir ki, BMT-də Kubanın blokadasının əleyhinə səs verir. Son illərdə iki ölkənin səhiyyə nazirlikləri arasında sıx işlər gedir. Havanada Azərbaycanın səhiyyə naziri Teymur Musayev tərəfindən 2023-cü ildə memorandum imzalanıb. Bu onu göstərir ki, iki ölkə səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Mən iki ölkə münasibətlərini iki sözlə ifadə edə bilərəm: qardaşlıq və əməkdaşlıq.

– Siz iki ölkə arasında hansı sahələrdə əməkdaşlığı daha real və perspektivli hesab edirsiniz?

– Tibb, biotexnologiya sahəsində ciddi perspektiv var. Söhbət həmçinin peşəkar kadrların yetişdirilməsi və mübadiləsindən gedir. Demək olar ki, il yarım–iki il öncə Azərbaycan və Kuba xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr keçirildi.

Yeni Azərbaycan Partiyası ilə Kuba hakim partiyası arasında çox yaxşı münasibətlər qurulub. Daha dəqiq desəm, keçən ilin noyabr ayında YAP-ın vitse-prezidenti Tahir Budaqovun başçılığı ilə bir nümayəndə heyəti Kubaya səfər etmişdi. Bu səfərin vacibliyi ondan ibarətdir ki, T. Budaqov Kuba Prezidenti tərəfindən qarşılandı. Prezidentlə yanaşı parlament sədri, XİN və Kuba mərkəzi administrasiyasının digər nümayəndələri də T. Budaqov ilə görüşüb. Bu səfər çərçivəsində Kuba Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında bir razılıq əldə olundu.

– Sizcə, Azərbaycan–Kuba münasibətlərində inkişaf etdirilməli və ya gücləndirilməli olan məqamlar hansılardır?

– Havana və Bakı arasında miqrasiya və konsulluq üzrə məsləhətləşmələr keçirilir. İki ölkə arasında münasibətlərdə inkişaf etdirilməli olan məqamlar da var. Turizm, biotexnologiya, elm və təhsil, idman, mədəniyyət dediyim sahələrdir. Bu sahələrdə daha böyük layihələr gözlənilir.

Səhiyyə sahəsində Kuba Azərbaycana çox böyük töhfələr verə bilər. Qeyd edim ki, Azərbaycan səhiyyə nazirinin Kubaya səfəri zamanı bizim səhiyyə naziri ölkənizə lazım ola biləcək bir sıra tibbi məhsullar göstərmişdi. Bu məhsullardan biri də Kubada patentləşdirilmiş ağciyər xərçənginə qarşı vaksindir. Bu xəstəliyin müəyyən mərhələsində vaksin sağalmaya xeyli kömək edir. Həmçinin bizdə diabet xəstələri üçün məhsullar var. Elə vaxtlar olur ki, diabetin kəskin olduğu hallarda bəzi ətrafların amputasiyası olur. Bizim bu dərmanımız o amputasiyanın qarşısını alır və yenidən dəri yaranmasına kömək edir.

Həm uşaqlarda, həm də böyüklərdə olan bir çox xəstəliklərə qarşı vaksinlərimiz mövcuddur. Pandemiya dövründə Kubanın imkanları yox idi ki, hamı tərəfindən əldə olunan vaksinləri əldə edə bilsin. Buna görə də Kuba 3 vaksin icad etdi. Bir növ, ABŞ-ın blokadası Kubada bir neçə sahənin inkişafına səbəb oldu.

Müsahibənin bu yerində cənab Səfir Kuba qəhvəsi içməyi təklif edir.

– Hesab edirəm, yeni şeylər dadmaqda fayda var. Kuba qəhvəsi bizim simvollarımızdandır. Kofe içərək müsahibəyə davam edə bilərik.

– Əlbəttə, cənab Səfir. Məmnuniyyətlə.

– Biz tibbi məhsullarla yanaşı həmin insan resurslarının formalaşdırılmasını təklif etmişik. Biz bu sahədə tibb işçilərinin mübadiləsini irəli sürmüşük. Bu çox böyük potensiala malik sahədir.

Həmçinin biz iki ölkə arasında turizmin inkişafı üçün addımlar atmışıq. Hər bir ölkə özünəməxsus turistik imkanlara sahibdir. İdman sahəsində isə idmançıların, məşqçilərin Azərbaycanda iştirakı mümkündür. Hətta bildiyim qədər, kubalı idmançılar bu gün Azərbaycan millisində iştirak edirlər. Fəxrlə deyə bilərik ki, kubalı boksçular, güləşçilər, cüdoçular Azərbaycanı olimpiadalarda təmsil edir.

Azərbaycanda Kuba siqarları son illərdə çox məşhurlaşıb. Artıq 10 ildən çoxdur ki, Azərbaycanda Havana tütün klubu var. Təbii olaraq bu bir elit hobbidir. Lakin bütün Azərbaycanda Kuba siqarlarına marağın artdığını görmək olur. Havanada keçirilən festivalda Azərbaycan nümayəndələri də iştirak edir. Azərbaycanda Kuba tütününün satıldığı nöqtələr var. Eyni şəkildə Kuba romuna qarşı da maraq artıb. Bu, şəkər qamışından hazırlanan bir içkidir.

– Cənab Səfir, Kuba ilə bağlı dünyada müəyyən stereotiplər mövcuddur. Bəzən ölkənin qapalı və iqtisadi cəhətdən zəif olduğu deyilir. Reallıqda Kuba bu gün necə bir ölkədir?

– Çox maraqlı sualdır. 1959-cu ildə Kuba inqilabından sonra ABŞ Kubanı itirdiyi üçün zərər gördü. Kuba coğrafi baxımdan strateji nöqtədə yerləşir və müəyyən təbii ehtiyatları var. Biz müstəqilliyimizi əldə edəndən sonra ABŞ tərəfindən müəyyən sanksiyalara, blokadaya məruz qaldıq. Bu sanksiyaları biz maliyyə, ticarət və iqtisadi sahələrdə görürük. Bu blokada Kuba iqtisadiyyatının müəyyən sahələrində problemlərə səbəb oldu və təbii olaraq geriləmə oldu. Lakin bütün bunlara baxmayaraq biz mədəniyyətimizi, vətənpərvərliyimizi qoruyuruq.

Kuba bütün dünyaya açıq ölkədir. Yəni deyilənin əksinə qapalı deyil. Həm Latın Amerikası regionuna, həm də dünyaya böyük töhfələr verib. Bütün bu töhfələr isə çox çətinliklərlə əldə edilib. Biz bu gün dünyanın ən böyük güclərindən biri tərəfindən blokadaya məruz qalırıq. Dediyim kimi, Kubada 100 jurnalist yaşayır. Bu fakt belə onu deməyə əsas verir ki, Kubanın gizlədəcəyi heç nə yoxdur. Əgər bizim güclü internet şəbəkəmiz yoxdursa, səbəbi ABŞ-ın buna məhdudiyyət qoymasıdır.

Kuba turizmə açıq ölkədir. Ölkəmiz 4–5 milyona yaxın turist qəbul edə bilir. Son illərdə bu say azalıb. Çünki sanksiyalar artıb. Blokada Kuba infrastrukturuna da zərər vurur. Bizim neft, qaz kimi təbii resurslarımız çox azdır. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Kubada çox maraqlı bir məhdudiyyət var. Misal üçün, əgər bir mikrofonun istehsalının çox hissəsi ABŞ istehsalıdırsa, biz onu ölkəyə gətirə bilmərik. Yəni bu təkcə ABŞ və Kuba arasındakı problemlərdən irəli gəlmir.

Bilirsiniz, blokadanın nə olduğunu bəzən başa düşmək çətindir. Belə izah edim ki, ABŞ-a görə bəzən banklarda köçürmələr belə çətinlik yaradır. Buna görə də dünya ölkələri ilə ticarətdə çətinlik çəkirik. ABŞ bütün bu məsələlərdə mane olur. Bütün bunlar 67 ildən çoxdur baş verir. Elə bir dövr olub ki, şəkər qamışı qiymətləri dəyişdi və Kuba həmin məhsulu yaxşı qiymətə ixrac edə bilmədi.

SSRİ vaxtilə Kubaya çox kömək edirdi. 1990-cı ildə Kuba öz iqtisadiyyatını yenidən qurmalı oldu. Turizm yönəlinən sahələrdən biri idi. Beləcə Kubada turizm inkişaf etməyə başladı. Eyni zamanda səhiyyə, biotexnologiya sahələrində də inkişaf əldə etdik.

– Kuba dünyada kommunizmlə idarə olunan azsaylı ölkələrdəndir. Çin, Şimali Koreya, Vyetnam kimi ölkələr kommunizmlə idarə edilsə də, biri-birindən çox fərqlənir. Kuba kommunizmi nə ilə seçilir?

– Kuba kommunizmi tropik ruhludur, Kuba ruhludur. Misal üçün bizim ölkəmizdə özəl mülkiyyət, şəxsi şirkətlər ola bilər. Bizim kommunizm buna qarşı deyil. Nəqliyyat, aeroport, dəmir yolları kimi strateji sahələr dövlət nəzarətindədir. Lakin özəl sektor da var. Kubada ingilis, fransız, ispan mülkləri, otellər var.

Biz təkcə kommunist ölkələrlə deyil, bu sistemdən olmayan ölkələrlə də əməkdaşlıq edirik. Misal üçün Kubada mühüm nikel ehtiyatları var və biz Kanada ilə ortaq layihələr icra edirik.

Kubada repressiya, basqı yoxdur. Marksist-leninist ideologiyanı biz Kubaya inteqrasiya etmişik. Bura özümüzdən də dəyərlər qatmışıq. Bizim öz demokratiyamız var. Hər ölkənin öz reallıqları, öz demokratik dəyərləri var. Misal üçün elə ölkələr var ki, Azərbaycan demokratiyasını tənqid edirlər. Bunu hansı haqla edirlər? Əgər bir ölkə xoşbəxtdirsə, heç kəsin haqqı yoxdur ki, onu tənqid etsin. Ölkə öz lideri ilə, partiyası ilə xoşbəxtdirsə, belə də qalmalıdır.

Mən Azərbaycana çox hörmət edirəm. 4 ildir bu ölkədə yaşayıram. Deyə bilərəm ki, Azərbaycan nümunəvi ölkədir və dünyada bir çox ölkəyə örnək ola bilər. Ölkənizin özünəməxsus xarakteristikası var.

– Son vaxtlar ABŞ-Kuba münasibətlərində gərginlik müşahidə olunur. ABŞ Prezidenti Donald Trampın Kuba ilə mümkün danışıqlar barədə açıqlamalar verib. Hazırda iki ölkə arasında rəsmi və ya qeyri-rəsmi danışıqlar aparılırmı?

(Ardı var)

Söhbətləşdi: Turan Rzayev

Fotolar: İntiqam Əhmədov

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
31
globalinfo.az

10Источники