RU

Xocalıdakı evinə köçən deputatdan ilginc açıqlamalar, Köçəryanla bağlı xəbərdarlıqlar

Milli Məclisin üzvü, 118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov 34 ildən sonra Xocalıdakı evinə köçüb. 

Musavat.com uzun illərdir öz yurduna qayıtmağı gözləyən millət vəkilinin təəssüratlarını öyrənib və fürsət düşmüşkən ondan müsahibə alıb. Çox maraqlı məqamların əksini tapdığı söhbətimizi təqdim edirik:

-Elman bəy, təbrik edirik, uzun illərdən sonra Xocalıya, öz evinizə qayıtmısınız. Bu günü necə həsrətlə gözlədiyinizi sizinlə çoxsaylı söhbətlərimizdə demişdiniz, həm işğal illərində, həm də torpaqlarımız azad olunduqdan sonra. Hansı hissləri keçirirsiniz?

- Çox sağ olun. Mən ailəmlə birlikdə 1992-ci il fevral ayının 25-26-sına keçən gecə Xocalıdan öz evimdən çıxmışdım, ermənilərin törətdiyi soyqırım nəticəsində. 34 il sonra, bu ilin 25 fevral gecəsi ailəmlə birlikdə Xocalıdakı evimə köçdüm və evimizdə qaldıq. Bunu cənab Prezidentimizə də dedim və təşəkkür etdim. Artıq bir ayın tamamına az qalıb ki, Xocalıdakı evimizdə yaşayırıq. Hal-hazırda ailəmlə birlikdə yol gedirəm. Birisi gün uşaqlarım da gələcək. Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda yandıracağıq.

- Nə gözəl! Ocağınız hər zaman gur yansın.

- Çox sağ olun.

- Eviniz bərpa olundu, yoxsa yenidən tikildi?

- Yox, bərpaya yaramadı, soyqırım gecəsi ermənilər evimizi dağıtmışdılar. Elə evimizin yerində, öz dədə-baba yurdumuzda dövlətimiz yenisini tikdi.

- Ailə üzvlərinizin sayı nə qədərdir? Sizinlə bir yerdə övladlarınızdan kimlər yaşayacaq?

- Mənim ailəm böyükdür, 7 övladım, 17 nəvəm, 13 nəticəm var. Ancaq mənimlə sonbeşik oğlum yaşayacaq. 6 nəfərik. Digər övladlarım da Xocalıya köçəcəklər. “Qaçqınkom”a qayıdış üçün müraciət ediblər.  

- Hazırda Xocalıda nə qədər yerli sakin yaşayır?

- Demək olar ki, qayıdış zamanı ən çox qayıdan bəlkə də Xocalı rayon əhalisidir. Xocalı şəhərinin özünə və təxminən 10-11 kəndinə qayıdış davam edir. Xocalı şəhərinin özüdür, Əskəran qəsəbəsidir, Xanabaddır, Pirlərdir, Naxçıvanlıdır, Təzəbinə, Daşbulaq, Badara, Ballıca, Xanyurdu, Şuşakənd və Seyidbəyli. Bunların hamısına vaxtaşırı, yəni dayanmadan qayıdış davam edir. Əhalimizin demək olar ki, bəlkə də üçdə birindən çoxu artıq qayıdıb və proses gedir. Bu il, 2026-cı ildə daha çox qayıdış gözlənilir.

- Xocalıda yaşamağınız Milli Məclisin iclaslarına qatılmağınıza problem yaratmır ki?

- Xocalıya köç ərəfəsində rəhbərlikdən icazə aldım. İcazə verdilər, iki-üç iclasa gələ bilmədim. Ancaq ondan sonra gəlib davam edirəm. Yox, iclaslarla bağlı problem olmur. Yəni, gedib - gəlirik. Mən tək Xocalıya yox, eyni zamanda Ağdama da gedirəm. Çünki mənim seçki dairəm 118 saylı Ağdam-Xocalı seçki dairəsidir. Ağdam şəhərinin özünə və bir neçə kəndinə də artıq qayıdış başlayıb, köç gəlib. İnşallah uğurlu, davamlı olacaq.

- Deputat həmkarınız Aqil Abbas da çoxdan Ağdama qayıtmaq arzusundadır. Hətta özü evini tikmək istəyirdi. İndi də tezliklə Ağdama qayıtmaq və ailəlikcə orada yaşamaq istəyir. Digər həmkarlarınızdan kimlərin azad olunmuş ərazilərə qayıtmaq istəyi var? Bu barədə söhbətiniz olurmu?

- Aqil qardaşımız vətənpərvər, Ağdamsevər, yurdsevər bir insandır, o da səbirsizliklə qayıdışı gözləyir. Həmçinin digərləri də. Kim özünün doğma yurduna qayıtmasını istəməz ki? Mən hesab edirəm ki, heç kim buna başqa cavab verməz, hamının müqəddəs arzusu idi: torpaqlarımız işğaldan azad olunsun və biz yurdumuza qayıdaq.  

- Deputatın öz yurduna qayıtması şübhəsiz ki, sadə vətəndaşlar üçün də stimula çevriləcək, elə deyilmi?

- Təbii ki. Hərə bir cür düşünə bilər. Amma mən hesab edirəm ki, siz deyən kimi, bu, bir stimula çevriləcək. Həmçinin burada mənəvi və siyasi məsələ də var. Tək deputatın yox, deputatın da, vəzifə daşıyan digər insanların da, ağsaqqalların, tanınan adamların da bu qayıdışda qabaqcıl olmaları vacibdir ki, digər vətəndaşlarımız da onlara baxıb, desinlər ki, “bax, filankəslər qayıtdı, biz də qayıtmalılıyıq”. Onsuz da imtina edən heç kim yoxdur, heç kim də qayıdışa etiraz etmir. Əksinə hamının arzusu budur, hamı səbirsizliklə gözləyir ki, ona ev verilsin, evi tikilsin, yaxud bərpa olsun və doğma yurd - yuvasına qayıtsın.

- Elman bəy, inşallah nəvə-nəticələrlə bir yerdə, Xocalıda nə əkib - becərmək arzusundasınız? Bağ-bağatınızdan əsər- əlamət qalıbmı?

- 4 aprel 1990-cı ildə Xocalıya şəhər statusu verildi. Bu gün Xocalı şəhərinin Baş Planı hazırlanıb və təsdiq olunub. Şəhərin özündə həyətyanı torpaq sahəsi 6-8 sotdur və məhduddur. Ancaq Xocalı rayonunun ərazisində kifayət qədər məhsuldar, geniş torpaq sahələrimiz var. Kim istəsə, müvafiq qurumlardan icarə müqaviləsi bağlamaqla, torpaq sahəsi alır və əkib-becərir. Artıq bizim qayıdan əhalinin xeyli hissəsi 2024-dən başlayaraq, torpaq sahələrini götürüb və kənd təsərrüfatı ilə məşğuldurlar. Əgər kənddə, rayonda yaşayırsansa... Mən hesab edirəm ki, yaxşı kəndli gedib bazardan göy göyərti, ərzaq məhsulu almamalıdır, özü becərib, istehsal edib, istifadə etməlidir.

- Xocalının hansı məhsulu üçün illər boyu darıxmışdınız?

- Bu dediklərimi xocalılar hamısı bilir və təsdiq edir. Eyni zamanda o dövrdə Ağdamın, Xankəndinin bazarlarında Xocalının kənd təsərrüfatının məhsullarının alıcıları da bunu bilirdilər. İndi onlardan kim yaşayırsa, bunu xatırlayar. Xocalının torpağı məhsuldar olduğu kimi, suyu da dağ suyudur, bulaq suyudur. Xocalının suyu Qırxqız dağından mənbəyini götürür. Ona görə də Xocalının bütün kənd təsərrüfatı məhsulları; kartofu, kələmi, xiyarı, pomidoru, lobyası, meyvəsi, bütün nemətləri dadlı idi.

- Prezident səfərlərinin birində Xocalı balından da bəhs etmişdi...

- Bəli. Xocalının iqlimi elədir ki, dağətəyi hissəsi də var, dağlıq hissəsi də, dağətəyindən Ağdam istiqamətinə olan hissə də var. Yəni, üç iqlimimiz var. Mal-heyvan da saxlanılır, arıçılıqla da məşğul olurlar, kənd təsərrüfatı ilə də. Vaxtilə Xocalıda böyük üzümçülük sovxozu var idi. İldə 2600 ton üzüm planı verirdik. Tərəvəzçilik, üzümçülük, maldarlıq, qoyunçuluq, hər şey Xocalıda var idi. İnşallah, yenidən də bütün bunlar bərpa olunacaq.

- Həyətinizdə arı varmı?

- Yox, mən heç o dövrdə də həyətimdə arı saxlamamışam. Ancaq Allah bütün şəhidlərimizə rəhmət eləsin, soyqırım vaxtı mənim qayınatam da bütün ailəsi ilə şəhid oldu. Qayınatam arıçı idi. Keçmiş Dağlıq Qarabağda bir arıçılıq sovxozu var idi, qayınatam xeyli müddət onun rəhbəri olmuşdu. Sonra da arıçı kimi fəaliyyət göstərmişdi. Mənim həyətimdə isə arı ailələri olub, amma qohum-əqrəbamın olub, kim ki, o işlə məşğul olub, xahiş eləmişəm, ona da baxıblar.

- Elman bəy, bu mövzuya toxunmamaq olmur. Xocalı canisi Robert Köçəryan yenidən Ermənistan rəhbərliyinə iddialıdır, baş nazirliyə namizəd olub. Vaxtılə cənab Prezident Köçəryan və Sərkisyana lazımi xəbərdarlıqlarını etmişdi. Bu gün Xocalı sakini olaraq öz yurdunuzdan yenidən bölgəni qarışdırmaq istəyən Köçəryana demək istədikləriniz varmı?

- Mən son bir il ərzində bir neçə dəfə müxtəlif media vasitələri ilə Nikol Paşinyana müraciətlər eləmişəm. Demişəm ki, əgər siz Azərbaycanla dayanıqlı, etibarlı münasibət qurmaq istəyirsinizsə, əgər Ermənistan adlı bir dövlətin mövcud olub inkişaf etməsini istəyirsinizsə, erməni xalqının və sizin özünüzün, ailənizin təhlükəsizliyini təmin etmək istəyirsinizsə, Köçəryan, Sərkisyan, Balasanyan, Ohanyan, Şahramanyan və digər Qarabağdan getmiş cinayətkarların, uşaq qatillərinin həbs olunub, Azərbaycana gətirilməsini təmin edin! Onsuz da Azərbaycan onları “İnterpol” xətti ilə axtarışa verib. Siz öz təhlükəsizliyiniz, Ermənistanın mövcud olması üçün onları həbs etdirib Azərbaycana təhvil verilməsinə kömək edib. Mən hesab edirəm ki, bugünkü Ermənistan rəhbərliyi və bütövlükdə erməni xalqı əgər dinc və rahat yaşamaq istəyirlərsə, mütləq bu cinayətkarlarla bağlı tədbir görməlidirlər, onların həbs olunmasına və layiqli cəza almasına kömək etməlidirlər. Digər mühakimə olunan ermənilər kimi, onlar da gətirilsin, Azərbaycan qanunları ilə mühakimə olunsun və layiqli cəza alsınlar. Köçaryan, Sərkisyan və digərləri - bu, gizli deyil, mən bunu dəfələrlə demişəm, bugün də təkrar deyirəm - bunlar hələ sovet dövründən Moskvanın agenturasıdır, casus şəbəkəsinin üzvləridir. Bu gün də Moskva ciddi cəhdlə öz adamlarını orada hakimiyyətə gətirib, yenidən qarışıqlıq yaratmaq istəyir. Erməni xalqı ayıq başla və sağlam düşüncə ilə buna imkan verməməlidir.

- Elman bəy, təşəkkür edirəm. Xocalıya, Qarabağımıza salamlarımızı, bayram təbriklərimizi çatdırın, lütfən! Qismət olar, bir gün Xocalıda, Sizin ocağınızda görüşərik...

- Təşəkkür edirəm. İnşallah! Qonağımız olarsınız, Allahın köməkliyi ilə!

Elşad Paşasoy,
Musavat.com

Избранный
40
31
musavat.com

10Источники