RU

31 Mart tarixin unudulmayan qanlı səhifəsidir – ŞƏRH

Bakı, 31 mart, AZƏRTAC

Hər il martın 31-nin Azərbaycan xalqı tərəfindən Soyqırımı Günü kimi qeyd olunması təkcə keçmişin acı xatirələrinin anılması deyil, həmçinin tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır. Martın 31-i xalqımıza qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə və soyqırımı siyasətinin açıq təzahürlərindən biri kimi yadda qalıb. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində (Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə) erməni silahlı dəstələri tərəfindən minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Tarixi mənbələr və arxiv sənədləri göstərir ki, bu hadisələr təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktı idi. Qadınlar, uşaqlar, qocalar amansızcasına öldürülüb, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, xalqımızın maddi və mənəvi irsi məhv edilib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O vurğulayıb ki, erməni millətçi dairələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi düşmənçilik siyasəti təkcə 1918-ci il hadisələri ilə məhdudlaşmayıb: “XX əsr ərzində xalqımız dörd dəfə kütləvi deportasiyaya məruz qalıb. Xüsusilə Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən azərbaycanlıların zorla çıxarılması, onların ata-baba yurdlarından vəhşicəsinə qovulması, evlərinin talan edilməsi, tarixi izlərinin silinməsi bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Bu deportasiyalar nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarından didərgin düşüb, ağır humanitar faciələrlə üzləşib. Azərbaycanın müxtəlif bölgələrində törədilən qırğınlar və etnik təmizləmə siyasəti əsrin sonlarında daha bir dəhşətli faciə ilə davam etdirilib. 1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırımı müasir dövrün ən ağır cinayətlərindən biri kimi tarixə düşüb. Dinc əhaliyə qarşı həyata keçirilən bu vəhşilik nəticəsində yüzlərlə insan, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı faciəsi erməni vəhşiliyinin kulminasiya nöqtəsi olmaqla yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasının da aşkar nümunəsidir”.

Mehriban Vəliyeva bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi həqiqətlərin üzə çıxarılması və hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atıb: “Onun təşəbbüsü ilə 1998-ci ildə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən elan edilib, bu faciələrin dövlət səviyyəsində anılması təmin olunub. Eyni zamanda, Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl və sistemli fəaliyyətin əsası qoyulub. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılır. Tarixi ədalətin bərpası istiqamətində ən mühüm mərhələlərdən biri isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə olunan Zəfər oldu. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu Qələbə həm də illər boyu xalqımıza qarşı törədilmiş cinayətlərin, o cümlədən soyqırımı və deportasiya siyasətinin cavabı, şəhidlərimizin qanının yerdə qalmadığının sübutu oldu. Bu gün 31 mart faciəsini anarkən, biz təkcə keçmişin ağrılarını xatırlamırıq. Eyni zamanda, milli birliyimizi, tarixi yaddaşımızı və dövlətçilik iradəmizi nümayiş etdiririk. Azərbaycan xalqı başına gətirilən faciələri unutmur, lakin eyni zamanda, güclü dövlət və qüdrətli ordu sayəsində öz gələcəyini daha inamla qurur. Tarixi ədalətin bərpası uğrunda mübarizə isə bundan sonra da davam edəcək”.

Избранный
18
1
azertag.az

10Источники