ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müharibənin ilk günlərində İran yüzlərlə ballistik raket buraxaraq ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərini üstələməyə çalışırdı. Lakin həmin mərhələdə raketlərin böyük hissəsi zərərsizləşdirilirdi.
Martın 28-dən etibarən isə Tehran taktikasını dəyişib. Artıq daha az sayda – yaxın və uzaqmənzilli raketlər buraxılır. Buna baxmayaraq, gündə orta hesabla 20-30 raketin hədəfi vurma ehtimalı artıb. Bu barədə açıq mənbələrlə işləyən hərbi təhlilçilər məlumat verirlər.
Ekspertlərin fikrincə, bunun bir neçə səbəbi var. Əsas amillərdən biri ABŞ və İsrailin İranın hərbi imkanlarına ciddi zərbələr endirməsidir. Bunun fonunda Tehran qalan arsenalını qorumağa çalışır və hədəflərə daha seçkili yanaşır.
Vaşinqtonda yerləşən Stimson Mərkəzinin baş elmi işçisi Kelli Qrieko bildirir ki, ABŞ və İsrailin zərbələri İranın raket buraxma infrastrukturuna ciddi ziyan vurub. Onun sözlərinə görə, İran məqsədli şəkildə strategiyasını dəyişərək daha kiçik, lakin daha dəqiq zərbələrə üstünlük verir və əsasən “bahalı” hədəfləri seçir. Bu hədəflər sırasında ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektləri və radar sistemləri, Fars körfəzindəki ərəb müttəfiqlərin neft-qaz infrastrukturu, eləcə də İsraildə sənaye və enerji obyektləri yer alır.
Ekspertlər hesab edir ki, İran daha az raket istifadə etməklə belə müharibədə əsas məqsədlərinə qismən nail olur – cəbhəni genişləndirir, qlobal iqtisadiyyata təsir göstərir və ABŞ ilə müttəfiqlərinə birbaşa zərər vurur.
İranın geniş ballistik raket arsenalının məhv edilməsi müharibənin əsas məqsədlərindən biri sayılır. ABŞ və İsrail bu məqsədlə İranın raket buraxılış qurğularına, ehtiyatlarına və yeraltı zavodlarına zərbələr endirir.
ABŞ Prezidenti Donald Tramp martın 26-da bildirib ki, İranın “çox az raketi qalıb”. İsrail tərəfi isə raket ehtiyatlarının və buraxılış qurğularının ən azı 70%-nin məhv edildiyini iddia edir.
Buna baxmayaraq, regionda hər gün hava həyəcanı siqnalları verilir. Hərbi təhlilçilərin sözlərinə görə, İran gündə orta hesabla 20-30 ballistik raket buraxmağa davam edir. Bundan əlavə, Tehran hər gün onlarla ucuz, lakin dağıdıcı dronlardan da istifadə edir və getdikcə mobil buraxılış qurğularına üstünlük verir.
“Reuters” agentliyinin məlumatı isə bu iddialarla ziddiyyət təşkil edir. Agentlik martın 17-də mənbələrə istinadən yazıb ki, ABŞ yalnız İranın raket arsenalının təxminən üçdə birinin məhv edildiyini dəqiq deyə bilər.
Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Fərzan Sabet bildirir ki, İran uzun illərdir kütləvi raket və dron istehsalına böyük sərmayə yatırıb və bu silahları ölkənin mürəkkəb coğrafiyasında gizlədib:
“Görünür, Tramp administrasiyası və İsrail İranın raket və dron potensialının zəiflədilməsi ilə bağlı şişirdilmiş bəyanatlar veriblər”.
Məlumatlara görə, İranın yalnız yaxınmənzilli ballistik raketlərinin sayı 2 mindən 8 minədək dəyişə bilər.
Ekspertlər həmçinin bildirirlər ki, ABŞ və İsrail İranın yeraltı “raket şəhərləri”nin girişlərinə zərbə endirməklə onları sıradan çıxarmağa çalışır. Lakin İran ordusu bu obyektlərin girişlərini sürətlə bərpa etmək üzrə təlim keçib və bu, itirilmiş hesab edilən imkanların yenidən istifadəsinə şərait yaradır.
Arsenalın azalmasına baxmayaraq, İranın zərbələrinin effektivliyi artır. ABŞ və onun müttəfiqləri İran raketlərini zərərsizləşdirmək üçün tutucu-raketlərdən istifadə edir.
“The Wall Street Journal” yazır ki, İsrail artıq ən güclü hava müdafiə sistemlərini növbə ilə işə salmağa məcbur qalır və bu da onu daha həssas vəziyyətə salır.
“The Washington Post” isə qeyd edir ki, ABŞ bu müharibədə azı 850 “Tomahawk” qanadlı raketindən istifadə edib. Halbuki bu raketlərdən ildə cəmi bir neçə yüz istehsal olunur ki, bu da təchizatla bağlı narahatlıqları artırır.
Ekspertlərə görə, İran artıq raketlərini nə vaxt, harada və hansı hədəfə atacağına daha diqqətlə qərar verir və qalan arsenalını daha “bahalı” hədəflər üçün saxlayır.
Məsələn, martın 27-də İran raket və dronları ABŞ-nin hava müdafiə sistemlərini yararaq Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” hava bazasına zərbə endirib. Nəticədə azı 12 amerikalı hərbçi yaralanıb, iki “KC-135” təyyarəsinə ciddi ziyan dəyib.
Martın 21-də isə İran raketləri ilk dəfə İsrailin cənubundakı Arad və Dimona şəhərlərini hədəf alıb. Onlarla insan yaralanıb. Bu şəhərlər İsrailin əsas nüvə obyektlərinə yaxın yerləşir və yüksək səviyyədə qorunur.
Kelli Qrieko hesab edir ki, atəşkəs və ya müharibənin gedişində ciddi dəyişiklik baş verməsə, İranın zərbələrinin effektivliyi sabit qalacaq, hətta tədricən arta bilər.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.