ABŞ və İsrail İranın Xuzistan əyalətinin Mahşəhr və Bəndər İmam şəhərlərində neft-kimya zavodlarının yerləşdiyi sənaye zonasına hücum ediblər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “IRNA” agentliyi Xuzistan vilayət adminstrasiyasına istinadən məlumat yayıb.
“Fəcr”, “Rical”, “Əmir Kəbir” və “Əbu Əli” neft-kimya zavodlarına edilən hücumlar nəticəsində Bəndər İmam neft kimya kompleksinin bəzi ərazilərinə ciddi ziyan dəydiyi bildirilib. Hücumlarda ən azı 5 nəfərin yaralandığı xəbər verilir.
“Tasnim” xəbər agentliyi hücumdan sonra dəymiş ziyanın miqyasının hələlik bəlli olmadığını açıqlayıb.
Bundan başqa, ABŞ və İsrail hərbi hava qüvvələri İranın “Buşəhr” Atom Elektrik Stansiyası ərazisinə də zərbələr endirib.
Hücum nəticəsində zavoddakı təhlükəsizlik işçiləri həlak olub. Partlayışın və düşən qəlpələrin təsiri nəticəsində stansiyanın yaxınlığındakı binalarından birinin zədələndiyi bildirilir.
“Buşəhr” Atom Elektrik Stansiyası 28 fevraldan bəri dördüncü dəfə ABŞ-İsrail hücumlarına məruz qalıb.