RU

Azərbaycanın dostu dünyanın xilaskarına çevrildi - O KİMDİR? DOSYE

ABŞ, İsrail və İran arasında 39 gün davam edən savaşın IIII dünya müharibəsinə çevriləcəyi qaçılmaz görünərkən səhnəyə bir lider çıxdı. Məhz o şəxsin siyasi iradəsi və diplomatik çəkisi hadisələrin axarını bir anda dəyişdi. Bu dünyaşöhrətli lider Pakistanın baş naziri Şahbaz Şərifdir.

Şahbaz Şərif 1951-ci il 23 sentyabrda Lahor şəhərində anadan olub. Pakistanın aparıcı siyasətçilərindən biri, dövlət idarəçiliyi sahəsində uzun illər təcrübəyə malik liderdir. O, xüsusilə idarəçilik bacarığı, iqtisadi layihələrə diqqəti və inzibati sərtliyi ilə tanınır. Ailəsi biznes fəaliyyəti ilə məşğul olan varlı sənayeçilərdən olub.

Şahbaz Şərif Lahorda yerləşən universitetdə təhsil alıb və burada iqtisadiyyat sahəsini öyrənib. Gənclik illərində ailə biznesində aktiv iştirak edib və sənaye idarəçiliyi sahəsində təcrübə qazanıb. Siyasətə 1980-ci illərdə qoşulub. Onun siyasi yüksəlişi əsasən böyük qardaşı Nəvaz Şərif ilə bağlıdır.

 image_1775638854112.jpg

1988-ci ildə ilk dəfə Pəncab əyalət parlamentinə seçilib. Daha sonra milli səviyyədə siyasətdə möhkəmlənərək Pakistanın əsas siyasi fiqurlarından birinə çevrilib. Üç dəfə Pəncab əyalətinin baş naziri olub (1997–1999, 2008–2013, 2013–2018). Bu dövrdə infrastruktur layihələrini (yollar, körpülər, metro sistemləri) sürətləndirib, enerji böhranının həlli üçün layihələr həyata keçirib, dövlət idarəçiliyində intizam və sürətli qərarvermə ilə tanınıb. Onun rəhbərliyi altında Lahor şəhərində nəqliyyat və şəhərsalma sahəsində böyük dəyişikliklər edilib. 2018-ci ildə hakimiyyətə gələnə qədər Pakistanda əhalinin ən sıx məskunlaşdığı Pəncab əyalətinin baş naziri vəzifəsində çalışıb. Bu postda ən uzun müddət xidmət edən şəxs olub. O, ölkəsinin 23-cü baş naziridir.

Pakistan Müsəlman Liqasına (PMLN) rəhbərlik edən Şərif fəaliyyəti dövründə səmərəliliyi və çalışqanlığı ilə məşhur olub. O, infrastrukturun təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb.

Şahbaz Şərif 1973-cü ildə əmisi qızı ilə ailə həyatı qurub. Bu evlilikdən 4 övladları dünyaya gəlib. Bunlar Salman, Həmzə və əkiz bacılar Caveriya ilə Rabiadır. 2003-cü ildə Təhminə Durrani adlı xanımla ikinci dəfə ailə həyatı qurub.

image_1775638887051.jpg

Görünən budur ki, dünya siyasətində bəzən elə məqamlar olur ki, tarix yalnız güc sahiblərini deyil, həm də müdrikliyi ilə fırtınanı səngidən liderləri yadda saxlayır. Məhz belə bir kritik anda Pakistanın rəhbəri Şahbaz Şərif təkcə öz ölkəsinin deyil, bütövlükdə regionun və hətta qlobal təhlükəsizliyin xilaskarına çevrildi. Onun təşəbbüsləri, diplomatik manevrləri və soyuqqanlı siyasəti nəticəsində böyük müharibənin qarşısı alındı, nüvə toqquşması ehtimalı isə arxa plana keçdi. Şahbaz Şərifin bu prosesdə rolu təsadüfi deyildi. O, uzun illərin idarəçilik təcrübəsinə malik, böhran anlarında qərar verməyi bacaran, regional balansları incəliklə anlayan liderdir. Onun rəhbərlik etdiyi Pakistan bu gün təkcə hərbi gücü ilə deyil, diplomatik çəkisi ilə də seçilir. Xüsusilə Çin ilə qurulan strateji tərəfdaşlıq Pakistanı qlobal güc mərkəzləri arasında mühüm oyunçuya çevirib. Pekinlə İslamabad arasında formalaşan bu sıx əlaqələr Şahbaz Şərifin əlini daha da gücləndirərək onu beynəlxalq vasitəçi rolunda ön plana çıxardı.

image_1775638935549.jpg

Bu gün Şahbaz Şərif yalnız regionda sabitliyin təminatçısı kimi deyil, həm də dost və tərəfdaş ölkələrlə münasibətlərə xüsusi önəm verən lider kimi diqqət çəkir. Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri isə onun siyasətində xüsusi yer tutur. Azərbaycan ilə bağlı hər zaman açıq və dəstəkverici mövqe sərgiləyən Şahbaz Şərif Bakı ilə İslamabad arasında strateji yaxınlığı daha da möhkəmləndirən əsas fiqurlardan biri kimi çıxış edir.

image_1775638770876.jpg

Beləliklə, qlobal qarşıdurmaların pik həddə çatdığı bir dövrdə Şahbaz Şərif təkcə bir dövlət başçısı deyil, həm də sülhün memarı, diplomatiyanın gücünü bir daha sübut edən lider kimi tarixə düşməkdədir. Onun adı artıq təkcə Pakistanın deyil, dünya siyasətinin ən kritik anlarında səslənən açar fiqurlardan biri kimi çəkilir.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
19
50
musavat.com

10Источники