Avstraliyada ölkə tarixində ilk dəfə olaraq qadın ordu komandanı vəzifəsinə təyin edilib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, iyul ayından etibarən ölkə ordusuna ilk dəfə olaraq qadın rəhbərlik edəcək – hazırda Birləşmiş Qüvvələrin rəisi vəzifəsində olan general-leytenant Syuzan Koyl.
Avstraliya baş nazirinin sözlərinə görə, o, Quru Qoşunlarının rəisi vəzifəsinə keçərək general-leytenant Saymon Stüartı əvəz edəcək.
Avstraliyanın Müdafiə Naziri Riçard Marlz, S.Koylun təyinatını "dərin tarixi an" adlandırıb. Onun sözlərinə görə, bu qərar həm Avstraliya Müdafiə Qüvvələrində xidmət edən qadınlar, həm də gələcəkdə belə bir imkanı nəzərdən keçirənlər üçün böyük əhəmiyyət kəsb edəcək.
Qeyd olunur ki, təyinat Avstraliya silahlı qüvvələrinin qadın zabitlərin sayını artırmaq səyləri fonunda, həmçinin orduda mütəmadi seksual təcavüz və ayrı-seçkilik iddiaları fonunda baş verib.
Almaz Həsənli