RU

"ABŞ və İsrail atəşkəsdən sonra heç bir hədəfinə çatmayıb" - Politoloq

"ABŞ və İsrailin İrana hərbi müdaxiləsinin konkret hədəfləri var idi. Bunların başında nüvə zənginləşdirilməsi prosesinin tamamilə ləğv olunması dururdu. İran danışıqlarda uranın zənginləşdirilməsi prosesindən tamamilə imtina etməyib və bunu beynəlxalq hüquqa görə İran dövlətinin haqqı sayır. Doğrudur. İranın nüvə zənginləşdirilməsi prosesi ABŞ, İsrail və bir çox dövlətlərə müəyyən təhlükələr yarada bilər. Sual oluna bilər ki, bir çox nüvə ölkələri var, necə olur ki, bu ölkələr kimsəyə təhlükə törətmir? İran perspektivdən nüvə silahı əldə edərsə, məsuliyyətli davranmaya bilər. Onun konkret bariz nümunələri var. Yəni bu narahatlığı doğuran konkret fəaliyyət mövcuddur".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri ABŞ-İran arasında İslamabadda keçirilən danışıqların nəticəsiz qaldığını şərh edərkən bildirdi.

Müsahibimiz İranın fəaliyyətində narahatlıq doğuran məqamalardan danışdı:

"ABŞ və İsrailin İrana hərbi müdaxiləsində İran sadəcə ABŞ-nin regiondakı hərbi bazalarına və İsrailə hücum etməyib. Bütün Körfəz ölkələrində mövcud olan ərəb ölkələrinin strateji obyektlərinə, neftayırma zavodlarına, mülki infrastrukturlara hücum etib. Böyük dağıntılar mövcuddur, insanlar həlak olub. Hətta Birləşmiş Ərəb Əmirliklərində hotellər vurulub. Bunu izah etmək beynəlxalq hüquq adına çətindir. Doğrudur, İran ayaqda qalmağa çalışarkən bütün hədəflərin legitim olduğunu bəyan edə bilər, ancaq ortada bir də beynəlxalq hüquq məsələsi var. Bu baxımdan bu qarşıdurmada nə ədalətli tərəf, nə də beynəlxalq hüquq anlayışı mövcuddur. Çünki ABŞ və İsrailin hərbi müdaxiləsini beynəlxalq hüquqla heç bir vəchlə əsaslandırmaq mümkün deyil. Eynilə İranın davranışını da beynəlxalq hüquqa görə əsaslandırmaq mümkün deyil. Yəni bir yanlış digər bir yanlışı doğurub. Ona görə də bu müharibədə ədalətli tərəf və beynəlxalq hüquq anlayışı mövcud deyil".

Siyasi şərhçi vurğuladı ki, üstəlik İran Hörmüz boğazını bağlayıb:

"Hansı ki, BMT konvensiyasına görə Hörmüz boğazı beynəlxalq status alıb. Bu o deməkdir ki, gəmilər azad şəkildə tranzit olaraq bu boğazdan keçə bilər. Yəni İranın bu boğaz üzərində heç bir hegemoniyası yoxdur. Ancaq İran bu gün bu boğazda reketlik edir və ən böyük tankerlərdən 2 milyon dollar haqq istəyir. Bu müharibə nə qədər anlamsız olmaqla bərabər, özündə də heç bir ədaləti daşımır. Baxmayaraq ki, İran hücuma məruz qalan tərəfdir, ancaq qarşılıq verilməsi sadəcə ABŞ və İsraili əhatə etmir. Bu müddət ərzində İran İsraildən daha çox Birləşmiş Ərəb Əmirliklərinə dron və ballistik raketlər atıb. Bunu nə ilə əsaslandırmaq olar? Ona görə də bu cür anormallıq və anlaşılmayan bir çox məsələlər var.

Belə olan təqdirdə ABŞ və İsrailin atəşkəsdən sonra heç bir hədəfinə çatmadığı görünür. Ona görə də ABŞ daha böyük təzyiqlə müharibədə edə bilmədiklərini, döyüş vasitəsilə, bombardman vasitəsilə edə bilmədiklərini siyasi yolla və bəzi iqtisadi stimullaşdırıcı məsələlərlə İranı bu şərtlərə razı salmaq istəyir. İqtisadi şərtlər nədən ibarətdir? İran təzminat istəyir və bu təzminatı ABŞ qəbul edəcək deyil. Çünki təzminatın verilməsinin qəbul edilməsi ABŞ-nin məğlubiyyətinin etirafı demək olar. Ancaq ABŞ İranın 250–300 milyard civarında dondurulmuş vəsaitlərinin İrana qaytarılmasına razılıq verirdi. Bunlar Qətərdə, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə dondurulub və ABŞ bunların donunun açılmasına şərait yarada bilərdi. Bu, İranın yenidən bərpası üçün çox ciddi vəsaitdir və indiki böhran vəziyyətində İran rejimi üçün mühüm əhəmiyyət daşıyırdı. Ancaq İran bunu istəmədi. Nüvə zənginləşdirilməsi prosesindən tam imtina etmədi. Bundan başqa bu məsələnin başqa tərəfi var: bu gün İran təkbaşına ABŞ və İsraillə, Körfəz ölkələri ilə qarşıdurmada deyil".

Matiq Mirinin sözlərinə görə, Hüsilər Yəməndə İranın verdiyi raket və dronlara malikdirlər:

"Bu gün İsrail ərazisi, eyni zamanda ABŞ-nin hərbi bazaları bu muzdlu qüvvələr, terrorçular tərəfindən atəşə tutulur. Bu da növbəti dəfə bir təhlükə yaradır ki, sabah İran nüvə silahına malik olduğu təqdirdə bu silahı terrorçu qruplara verməklə istənilən düşmən elan etdiyi dövlətlərə qarşı istifadə edə bilər. Bu da potensial bir təhlükə yaradır. Ən azından ABŞ-nin əlində çox böyük bir bəhanə kimi mövcuddur. Üstəlik ABŞ-nin raketlərin istehsalının məhdudlaşdırılması kimi tələbi var. Bundan başqa İranın bu cür terrorçu qrupları müxtəlif ölkələrdə dəstəkləməsindən imtina etməsi tələbləri var. Bunların heç biri yerinə yetirilməyib və İran qaldığı yerdən davam edir. Danışıqlarda da ABŞ məhz bu məsələləri tələb edib. Hörmüz boğazının açılması məsələsi də həll olunmayıb. Baxmayaraq ki, atəşkəsdə İran vəd etmişdi ki, Hörmüz boğazı açılacaq".

Həmsöhbətimiz gələcəkdə danışıqların olub-olmayacağı məsələsinə də toxundu:

"Gələcək prespevtivdə danışıqlar ola bilər, hələlik atəşkəs pozulmayıb və tərəflər hələlik atəşkəsi dərhal pozmaq fikrində deyillər. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp İranı dənizdən tamamilə blokadaya almaqla yenidən danışıqlara qaytarmaq və ABŞ-nin şərtlərini qəbul etdirmək istəyir. Artıq Şərq vaxtı ilə saat 10-dan bu blokada siyasəti başlayıb. İndi perspektivdə hansı ölkələrin bu prosesə qoşulacağı hələlik bəlli deyil, ancaq ABŞ-nin özünün donanması bunun üçün yetərlidir".

Aytəkin TOFİQQIZI

Избранный
32
50
redaktor.az

10Источники