RU

Zərifə Əliyeva- Xatirələrdə əbədi yaşayan örnək şəxsiyyət



Aprelin 15-i görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun zəngin elmi irsi, insanpərvər fəaliyyəti və fədakar həyatı xalqımızın yaddaşında dərin iz buraxmışdır. Onun həyat yolu yalnız elmə xidmət nümunəsi deyil, eyni zamanda insanlara sevgi, qayğı və mərhəmət rəmzidir.

Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, xüsusilə oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə adını tarixə yazdırmışdır. Onun apardığı elmi tədqiqatlar göz xəstəliklərinin müalicəsi və profilaktikasında yeni mərhələnin başlanğıcını qoymuş, istehsalatla bağlı yaranan peşə xəstəliklərinin öyrənilməsi istiqamətində mühüm nəticələr vermişdir. Bu sahədə qazandığı uğurlar yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir.
Zərifə Əliyevanın elmi araşdırmaları əsasən traxoma, qlaukoma və digər göz xəstəliklərinin müalicəsinə yönəlmişdir. Xüsusilə XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə Azərbaycan səhiyyəsi üçün mühüm dönüş nöqtəsi olmuşdur. Alimin təklif etdiyi müalicə üsulları qısa zamanda bütün respublikada tətbiq edilmiş və bu xəstəliyin aradan qaldırılmasına böyük töhfə vermişdir.

Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınırdı. O, kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı müalicə-profilaktik tədbirlərlə insanların sevgisini qazanmışdır. Onun fəaliyyəti birbaşa insanların sağlamlığına xidmət edirdi.
Ulu Öndər Heydər Əliyev vəfalı ömür-gün yoldaşı haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

150-yə yaxın elmi əsərin, monoqrafiya və dərsliklərin müəllifi kimi Zərifə Əliyeva oftalmologiyanın inkişafına böyük töhfələr vermişdir.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülən Zərifə Əliyeva Azərbaycan qadınının elm və cəmiyyət həyatında tutduğu yüksək mövqenin ən uğurlu nümunəsinə çevrilmişdir.
Cənab Prezident İlham Əliyev Zərifə xanım Əliyeva ilə bağlı deyib: “Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar - siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların “şəxsi sirri”dir”

Zərifə Əliyeva elmi fəaliyyətlə yanaşı, ailə dəyərlərinə böyük önəm verən, qayğıkeş və mehriban ana və həyat yoldaşı olmuşdur. Onun ailəyə bağlılığı, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri onu cəmiyyət arasında daha da sevilən bir şəxsiyyətə çevirmişdir. O, ailə dəyərlərinə sadiqliyi, sadəliyi və zəngin daxili dünyası ilə seçilmişdir.
Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunan görkəmli alimin adı Azərbaycan tibb tarixində əbədi yaşayır.
Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya elminin inkişafında mühüm rol oynayır və alimin zəngin irsini davam etdirir.
Zərifə Əliyevanın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini



Избранный
22
2
aia.az

10Источники