RU

AYİB Azərbaycanı da “Yaxın Şərq təsiri”ndən qoruyacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdə davam edən münaqişələrin təsirlərinə məruz qalan iqtisadiyyatlara dəstək məqsədilə yeni proqram qəbul edib. Sənədə əsasən, bank 2026-cı ildə bu məqsədlə 5 milyard avro investisiya yatırmağı planlaşdırır. Yeni proqram birbaşa və dolayı təsirlər görmüş ölkələri əhatə edir.

AYİB-in diqqəti əsasən İraq, İordaniya, Livan, Qərb Sahili və Qəzzaya yönəlsə də, təsirin yayıldığı qonşu ölkələr, o cümlədən Azərbaycan, Misir, Türkiyə və Ermənistan da proqramın əhatə dairəsinə daxildir. Bankdan verilən məlumata əsasən, dəstək proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iqtisadi fəallığın dəstəklənməsi, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsizliyinin təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə dayanıqlı bərpa və iqtisadi artım üçün əsasların yaradılması hədəflənir.

Məlumatda qeyd olunub ki, Yaxın Şərqdə davam edən münaqişə artıq bir sıra iqtisadiyyatlara təsir göstərir. Həmin təsirlər ticarət marşrutlarının pozulması, enerji və əmtəə bazarlarında şoklar, investor inamının zəifləməsi və əhali üçün əlavə xərclərin yaranması ilə müşayiət olunur. Vəziyyətin yaxın aylarda necə inkişaf edəcəyi isə təsirin miqyasından asılı olacaq. Bununla belə, AYİB hesab edir ki, investisiyaların həcmi sabit olmayacaq və vəziyyətin dinamikasına uyğun olaraq formalaşacaq. Bank, eyni zamanda, iqtisadi təhlükəsizlik risklərindən və makroiqtisadi təsirlərdən zərər görən digər fəaliyyət ölkələrinə də dəstək göstərməyə hazırdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso məsələ ilə əlaqədar bildirib ki, qurum qeyri-müəyyənlik dövründə əks-tsiklik dəstək göstərmək imkanına malikdir və digər maliyyə institutlarının geri çəkildiyi şəraitdə fəaliyyətini genişləndirir.

Enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qısa müddətdə enerji şirkətlərinə likvidlik dəstəyi veriləcək, uzunmüddətli perspektivdə isə daha şaxələndirilmiş və dayanıqlı enerji sistemlərinə keçid sürətləndiriləcək. Dövlət müəssisələrinə dəstək əsas xidmətlərin davamlılığını təmin etməklə yanaşı, uzunmüddətli islahatlara töhfə verəcək.

Özəl sektorda isə enerji bazarlarında və aqrar-ərzaq zəncirlərində yaranan pozuntuların təsirini azaltmaq üçün şirkətlərə dövriyyə kapitalı və likvidlik dəstəyi təqdim ediləcək. Uzunmüddətli dövrdə infrastruktur, ticarət marşrutları, ərzaq təhlükəsizliyi və rəqəmsal həllər üzrə investisiyalar genişləndiriləcək.

AYİB-in investisiya fəaliyyəti siyasət dialoqu, texniki yardım və məsləhət xidmətləri ilə müşayiət olunacaq. Bank hökumətlər, donorlar və beynəlxalq maliyyə institutları ilə koordinasiyalı şəkildə çalışaraq əlavə maliyyə resurslarının səfərbər edilməsinə də çalışacaq.

Yeri gəlmişkən, ekspertlərin Yaxın Şərqdəki müharibənin regional və qlobal iqtisadiyyata ciddi mənfi təsirləri ilə bağlı açıqlamaları ciddi narahatlıq doğurur. Onların fikrincə, münaqişənin davam etməsi enerji qiymətlərinin kəskin artmasına səbəb olur. Belə ki, müharibə şəraiti neft və qaz hasilatı bölgəsində olduğu üçün qiymətlərin 100 dollardan yuxarı qalxması riski qlobal iqtisadiyyatı sarsıdır. Ümumilikdə, neftin bahalaşması neft ixrac edən ölkələr üçün müsbət olsa da, idxaldan asılı ölkələr üçün inflyasiya təzyiqini artırır.

Digər tərəfdən, logistika zəncirlərinin, xüsusən də gəmiçilik yollarının təhlükəsizliyinin pozulması nəqliyyat xərclərini artırır. Bu da idxal-ixrac əməliyyatlarını çətinləşdirməklə yanaşı, ölkələrdə inflyasiyanın yüksəlməsinə səbəb olur. Bununla yanaşı, infrastrukturun dağılması və investisiyaların azalması ilə yanaşı, qlobal artım tempini 0,3-1 faiz bəndi azalda biləcək qeyri-müəyyənlik yaradır. Müharibənin uzun müddət davam etməsi isə qlobal bazarlarda qeyri-müəyyənliyi artıraraq maliyyə sistemlərinə də mənfi təsir göstərir.

Yaxın Şərqdəki mövcud vəziyyətin Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə isə ekspertlər hesab edirlər ki, münaqişə səbəbindən neft və qaz qiymətlərinin yüksəlməsi ilə bağlı ölkənin valyuta gəlirləri artsa da, məsələnin mənfi tərəfi də az deyil. Bu baxımdan müharibənin doğurduğu qlobal inflyasiya, ərzaq qiymətlərinin bahalaşması, logistik çətinliklər və regional qeyri-sabitlik riski xüsusi qeyd edilməlidir.

İlk növbədə, qlobal ərzaq və enerji qiymətlərindəki artım Azərbaycanda da qiymətlərin bahalaşmasına səbəb olur. Digər tərəfdən, regionda gərginliyin artmasının ticarət yollarını risk altına salması bir çox ölkələrlə idxal-ixrac əməliyyatlarının aparılmasında, xüsusən də qonşu İranla ticarətdə çətinliklər yaradır. Eyni zamanda, münaqişənin uzanması regiona yaxın olan Azərbaycanda investisiya mühitinə və iqtisadi gözləntilərə mənfi təsir göstərir.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2012-ci ildən bəri cənub və şərqi Aralıq dənizi regionunda 489 layihə üzrə 26,5 milyard avrodan çox investisiya ayırıb. Azərbaycana gəldikdə isə, ötən müddətdə bank ölkəmizdə 202 layihənin həyata keçirilməsinə 3 milyard 629 milyon avro investisiya yatırıb.

Mirbağır YAQUBZADƏ
XQ

Избранный
3
8
xalqqazeti.az

10Источники