Ağcabədi rayonunda bir neçə gündür davam edən fasiləsiz yağıntılar nəticəsində bir sıra ərazilərdə daşqınlar qeydə alınıb.
Güclü yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın Kürə qovuşduğu sahədə mühafizə bəndinin uçması müşahidə olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, Zərdab rayonunun Şıxbağı, Əlibəyli və digər kəndlərinin ərazisindən keçən Kür sahillərində də suyun səviyyəsinin artması nəticəsində birinci mühafizə bəndi yarılıb. Nəticədə bir neçə yaşayış evi və əkin sahələri su altında qalıb.
Qurum bildirir ki, su basmalar əsasən çayın mühafizə zonasına yaxın inşa edilmiş fərdi evlərin həyətyanı sahələrini əhatə edib. Bu vəziyyət son günlər intensiv yağıntılar fonunda Türyançay, Girdmançay, Qarqarçay və digər qollar vasitəsilə Kürə daxil olan suyun həcminin artması ilə əlaqələndirilir.
Bu isə əhalidə 2010-cu ildə Kürün səviyyəsindəki artımla əlaqədar subasmaların təkrarlanacağı barədə narahatlıq yaradıb. Həmin ildə bəzi məntəqələrdə Kürün səviyyəsi təhlükəli həddi təxminən 1,5–2 metr və daha çox keçmişdi.
Bu isə çayın sahillərini aşmasına, geniş ərazilərin su altında qalmasına səbəb olmuşdu. Xüsusilə Sabirabad, Salyan, Saatlı və Zərdab kimi Kür sahili rayonlarda kəndlər, evlər və böyük əkin sahələri uzun müddət su altında qalmışdı.
Minlərlə insan təxliyə olunmuş, bəzi yerlərdə müvəqqəti məskunlaşma düşərgələri yaradılmışdı.
Kür çayının səviyyəsinin 2010-cu ildə qeydə alınmış kritik həddə yenidən yüksəlməsi ehtimalı varmı?
Mövzu ilə bağlı Regional Su Meliorasiya Xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, Kürdə su səviyyəsininkritik həddə çatması ilə bağlı hər hansı təsdiqlənmiş proqnoz mövcud deyil:
“Son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda sululuq artmışdır. Hazırda müşahidə olunan su səviyyəsi artımı hidrometeoroloji şəraitlə bağlı olub, lokal xarakter daşıyır və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunur.
Bununla yanaşı, mövcud məlumatlara əsasən su səviyyəsinin 2010-cu il Kür daşqınları zamanı qeydə alınmış kritik həddə çatması ilə bağlı hər hansı təsdiqlənmiş proqnoz mövcud deyil.
Hazırda vəziyyət Regional Su Meliorasiya Xidməti və aidiyyəti qurumlar tərəfindən davamlı monitorinq edilir, su anbarlarının rejimi tənzimlənir və qabaqlayıcı tədbirlər həyata keçirilir”.