AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün Qənələdə jurnalistlər üçün brifinq keçirib.
QOL.az xəbər verir ki, brifinq Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 komandaları arasında dünya çempionatına həsr olunub.
- 13 apreldən etibarən Azərbaycan U-20 milli komandası ilə Qəbələdə təlim-məşq toplanışındayıq, bu hazırlıq sabah başa çatacaq. Toplanış komanda üçün faydalı olacaq. Növbəti hazırlıq prosesi iki həftəlik nəzərdə tutulub. Hazırlıq mayın sonu, iyunun əvvəlinə qədər davam edəcək. O da Qəbələdə keçiriləcək. İlk toplanışda yoxlama oyunları nəzərdə tutulmamışdı, çünki daha çox tanışlıq xarakteri daşıyırdı. İkinci toplanış üçün isə planlar var. Hələlik detalları yoxdur. Bu hazırlıqdan sonra bunu müzakirə edəcəyik.
- 2027 FIFA U-20 dünya çempionatına hazırlıq necə gedir?
- Dövlət qurumları ilə daimi əlaqədəyik və FIFA rəhbərliyi altında hazırlıq görürük. Təbii ki, Özbəkistandan olan həmkarlarımızla da əlaqədəyik. Təşkilati məsələlərin detalları hələlik yoxdur. Turnir 2027-ci ildə, sentyabrın ortalarından oktyabrın əvvəlinə qədər keçiriləcək. Yaxın vaxtlarda bir çox məsələyə aydınlıq gələcək. Eyni zamanda, əvəzedicilər turniri ləğv edilməsə, bəlkə də başqa formatda keçiriləcək.
- Komandaya xaricdə yaşayan soydaşlarımız cəlb olunacaq?
- Belə planlar var. Bu toplanışa da bir sıra futbolçuları cəlb etmək istəyirdik, amma davam edən mövsüm səbəbindən alınmadı. Buna görə yalnız “Marseta” klubundan bir oyunçu düşərgədədir.
- Hansı ölkələrdən futbolçular dəvət etməyi planlaşdırırsınız?
- Türkiyədə, İsveçdə uşaqlar var. Bunlar əvvəllər də yığmalara cəlb olunmuş futbolçulardır. Almaniyada da soydaşlarımız var, amma hələ Azərbaycan pasportları yoxdur. Buna görə onlar barədə əlavə nəsə deyə bilmərəm.
- Yarışla bağlı FİFA-nın direktoru Elxan Məmmədovla əlaqə varmı?
- Bəzi məsələlərlə bağlı müəyyən əlaqələr var. Amma detallı məsələləri birbaşa turnirlərin keçirilməsinə cavabdeh olan FIFA departamenti ilə müzakirə edirik.
- AFFA üçün final oyununun Azərbaycanda keçirilməsi prinsipial məsələdir?
- Özbəkistan tərəfi ilə danışıqlar gedir. Amma biz finalı ölkəmizdə keçirmək istəyirik.
- Millinin qarşısına hansı vəzifə qoyulacaq?
- Komanda elə çıxış etməlidir ki, sadəcə iştirakla kifayətlənməsin. Turnirdə iz qoymaq istəyirik. Əlbəttə, reallığı nəzərə almaq lazımdır – bu, dünya çempionatıdır. Amma rəqiblərimizə asan məğlub olmamalı, layiqli çıxış etməliyik (azerisport.com).