RU

Qlobal sülhün memarı: Prezident İlham Əliyevin “Gernika” Zəfəri

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bu gün həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər Liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı. Dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda, milli mənafenin hər şeydən uca tutulması amili ona dünya diplomatiyasında müstəsnalıq qazandırdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, Prezident İlham Əliyev bütün görüşlərdəki çıxışları ilə həm məzmun, həm də ton baxımından qlobal siyasətə aydın mesajlar verirdi, Azərbaycanın beynəlxalq humanitar məsuliyyətinə əsaslanan mövqeyini ortaya qoyurdu: "Bizim baxışımız sülh və inkişaf üzərində qurulub - beynəlxalq hüquqa, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan bir dünya nizamı yaratmaq istəyirik"! Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan müharibə və qarşıdurmalardan uzaq, konstruktiv dialoqa üstünlük verən bir dövlət kimi tanınır.

Müsahibimizin sözlərinə görə, bu beynəlxalq görüşlərdə baş verənlər, əslində, Azərbaycanın diplomatik tarixində bir mərhələdir. Böyük qlobal tribuna, fərqli regionlar, amma eyni məzmunlu mesaj: ədalət, sülh, əməkdaşlıq və müstəqillik.

“Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət. Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur və elə bu məram - sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir. “Gernika mükafatı” bu mənada, bu ali əmələ verilən dəyərdir, eyni zamanda, Prezidentin özünün qeyd etdiyi kimi, “sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir”,- deyə E.Akimova fikrini yekunlaşdırıb.

Избранный
14
50
azertag.az

10Источники