RU

Yeni milli, yeni məşqçi nə istəyirik?

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan 2027-ci ildə Özbəkistanla birlikdə U-20 dünya çempionatına ev sahibliyi edəcək. Yarışın təqvimi və oyunların keçiriləcəyi stadionlar hələlik açıqlanmayıb.

Qarşıda bir il vaxt var və hazırda ilk növbədə U-20 komandasının formalaşdırılması vacibdir. AFFA bu istiqamətdə artıq işlərə də başlayıb. Yeni yığmanın baş məşqçisi postuna Rui Jorje gətirilib. Portuqaliyalı mütəxəssislə anlaşmanın detalları hələlik məlum deyil.

Yeni formalaşdıracaq yığmaya əcnəbinin təyinatı birmənalı qarşılanmadı. Tərəfdarı olanlar da var, olmayanlar da. Əksəriyyət ikincilərin siyahısındadır.

Jorje ölkəsində kifayət qədər tanınan məşqçidir. O, 2010-2025-ci illərdə Portuqaliyanın U-21 yığmasına rəhbərlik edib. Komanda onun başçılığı altında beynəlxalq arenada yaxşı nəticələrlə yadda qalıb.

Jorjenin CV-si yaxşıdır, işi, nəticələri var. Lakin bizim üçün acı reallıq Portuqaliya kimi futbol ölkəsi olmamağımızdır.

Nə üçün?

Portuqaliyada klubların aşağı yaş komandaları, əvəzedicilərin çempionatları, U-20, U-21, U-23 komandaların liqalarına qədər var. Burda özlərini göstərənlər həm klubların əsas komandalarına yüksəlir, həm milli komandaların üzvlərinə çevrilir. Lakin bizdə bu baxımdan boşluqlar var. U-20 və U-21-lərin xüsusi çempionatı yoxdur. Olanımız Əvəzedicilər Liqasıdır ki, onun da ləğvi gündəmdədir. U-19 liqasının səviyyəsi isə ürəkaçan deyil. Bu çempionatda oynayan cəmi 2-3 oyunçu klublarının əsas komandalarına da cəlb olunur. Belə halda, U-20 yığmasına əcnəbi gətirməklə nəyə nail olunacaq?

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov təyinatla bağlı çox danışmaq istəmədi. Mütəxəssis həmkarını yaxşı tanımadığını, zaman keçdikdən sonra hansısa fikir bildirə biləcəyini qeyd etdi. Onunla yanaşı, millinin keçmiş məşqçisi Arif Əsədov da düşüncələrini bölüşmək istəmədi. Hər bir halda, başa düşüləndir.

Ağasəlim Mircavadov: 

“İşləsin, sonra biləcəyik. Yerli futbolçuların durumu göz qabağındadır. Uzun müddət Portuqaliyanın U-21 yığmasına rəhbərlik edibsə, deməli, nəsə yaxşı iş görə bilir”.

Arif Əsədov:

“Təyinatla bağlı çox fikir bildirə bilmərəm. Xeyirli olsun. Necə olacağını zaman göstərəcək”

U-20 yoxdur, yeni formalaşdırılacaq, baş məşqçi əcnəbidir və təbii ki, yerli məşqçilər bunu birmənalı qarşılamayacaq.

Jorjenin komanda formalaşdırmaq üçün qarşıda bir ilə yaxın vaxtıdır. Bu müddətdə U-20 səviyyəsində futbolçu hardan, necə hazırlanacaq, maraqlıdır. Material olmadan Jorje burda nələr icad edəcək? Bizim görmədiyimiz, onun görəcəyi nələr olacaq, bunu zaman göstərəcək. İndiki məqamda isə təyinatla bağlı yalnız zaman vermək lazımdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
27
futbolpress.az

10Источники