Bakı, 29 aprel, AZƏRTAC
20 illik əmək fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün həm böyük motivasiya, həm də ciddi məsuliyyətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Karvan L” MMC-nin icraçı direktoru, Azərbaycan–Afrika Ticarət Əlaqələri Assosiasiyasının təsisçisi və sədri Rəna Qəfərova deyib.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlığa, xüsusilə qadın sahibkarlara göstərilən diqqət ildən-ilə artır. O əlavə edib ki, ölkədə sahibkarlığın inkişafı üçün əlverişli şərait mövcuddur.
“Bu məndə böyük məsuliyyət hissi yaradır ki, fəaliyyətimi daha da genişləndirim və işimi daha məsuliyyətlə davam etdirim. Son 5 ildə gömrük və vergi sahəsində aparılan islahatlar, vergi yoxlamalarının dayandırılması sahibkarlar üçün böyük dəstəkdir”, - deyə Rəna Qəfərova əlavə edib.
R.Qəfərova rəhbərlik etdiyi şirkət barədə də məlumat verib. Qeyd edib ki, “Karvan L” MMC yerli şirkət olaraq müxtəlif məhsulların istehsalı və ixracı ilə məşğuldur: “Hazırda məhsullarımız dünyanın 20 ölkəsinə ixrac olunur. Eyni zamanda, əsas fəaliyyət istiqamətlərimdən biri Azərbaycan məhsullarının Afrika bazarına çıxarılmasıdır”.