RU

Uşaqlar arasında xəstəlik yayılıb- Həkimdən valideynlərə XƏBƏRDARLIQ

Son günlər ölkə ərazisində, xüsusilə uşaqlar arasında suçiçəyi xəstəliyinin yayılması müşahidə olunur. Valideynlərin sözlərinə görə, bir çox hallarda uşaqlar xəstəliyi əvvəlki dövrlərlə müqayisədə daha ağır keçirir, hərarətin uzunmüddətli olması, səpkilərin geniş yayılması və ümumi halsızlıq daha çox narahatlıq doğurur.

Mütəxəssislər bildirirlər ki, mövsümi dəyişikliklər, immun sisteminin zəifləməsi və kollektiv mühitdə sıx təmaslar xəstəliyin sürətlə yayılmasına səbəb ola bilər. Xüsusilə bağça və məktəb yaşlı uşaqlar arasında yoluxma halları daha çox qeydə alınır.

Bəziləri isə virusların artmasında son günlər müşahidə edilən qeyri-sabit və yağışlı hava şəraitinin də rol oynaya biləcəyini qeyd edir. Güclü və fasiləsiz yağıntılar nəticəsində yaranan rütubətli və dəyişkən hava immunitetə mənfi təsir göstərə bilər ki, bu da uşaqların xəstəliklərə daha həssas olmasına gətirib çıxarır.

Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova Musavat.com-un mövzu ilə bağlı suallarını cavablayıb.

– Son günlər uşaqlar arasında suçiçəyi xəstəliyinin yayılmasında artım müşahidə olunur. Sizə müraciət edən pasiyentlər arasında vəziyyət necədir? Bu mövsümlə bağlıdırmı? Yağışlı hava şəraiti buna təsir edirmi?

-Suçiçəyi (varisella) adətən qış sonu və yaz aylarında daha çox görülür. Son həftələrdə müraciətlərdə artım müşahidə olunur və bu, əsasən mövsümi dövriyyə və kollektiv mühitlərlə – xüsusilə bağça və məktəblərlə – əlaqədardır. Yağış və daşqınlar suçiçəyi üçün birbaşa risk faktoru deyil, çünki bu virus hava-damcı yolu ilə yayılır.

– Suçiçəyi xəstəliyinə qarşı hansı profilaktik tədbirlər daha effektivdir və kimlər risk qrupuna daxildir?

-Ən effektiv qorunma peyvənddir. Bundan əlavə, xəstə uşağın kollektivdən müvəqqəti uzaqlaşdırılması, otaqların havalandırılması və yaxın təmasların məhdudlaşdırılması vacibdir. Risk qruplarına bir yaşdan kiçik körpələr, immun sistemi zəif olanlar, xroniki xəstəliyi olan uşaqlar, hamilə qadınlar, eləcə də yeniyetmə və böyüklər daxildir, çünki onlarda xəstəlik daha ağır keçə bilər.

– Yoluxma olduqda müalicə necə aparılır?

-Əksər hallarda müalicə simptomatik aparılır. Qızdırma və narahatlığın azaldılması, dəridə səpkilərə qulluq, qaşınmanın nəzarətdə saxlanılması və kifayət qədər maye qəbulu əsasdır. Ağırlaşma riski olan hallarda isə həkim qərarı ilə antiviral müalicə tətbiq oluna bilər.

– Ötən illərdə ağırlaşma və ölüm halları da qeydə alınmışdı. Bunun qarşısını necə almaq olar?

-Ağırlaşmalar nadirdir, amma mümkündür. Bunun qarşısını almağın əsas yolu vaxtında peyvənddir. Eyni zamanda risk qruplarının erkən tanınması və ağırlaşma əlamətləri olduqda gecikmədən həkimə müraciət edilməsi vacibdir. Yüksək və davamlı qızdırma, tənəffüs çətinliyi, şüur dəyişiklikləri və səpkilərin irinləməsi kimi hallar ciddi xəbərdarlıq əlamətləridir.

– Peyvənd olunmayan uşaq yoluxarsa, nə etmək lazımdır?

-Belə hallarda müalicə əsasən simptomatik aparılır. Amma uşaq risk qrupundadırsa, antiviral müalicə düşünülə bilər. Evdə izolyasiya və gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Erkən mərhələdə həkim qiymətləndirməsi çox vacibdir. Suçiçəyi əksər hallarda yüngül keçsə də, risk qruplarında ağırlaşma ehtimalı var və ən effektiv qorunma üsulu peyvənddir.

Afaq Mirayiq,
Musavat.com

Избранный
39
8
musavat.com

10Источники