Amerika Birləşmiş Ştatları yeraltı bunkerləri və digər möhkəmləndirilmiş strateji obyektləri sıradan çıxarmaq üçün yüksək gücə malik yeni atom aviabombası hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ABŞ Energetika Nazirliyinin 2027-ci maliyyə ili üçün büdcə sorğusunu araşdıran "The War Zone" nəşrində yer alıb.
Söhbət "Nuclear Deterrent System-Air-delivered" (NDS-A) layihəsindən - təyyarə vasitəsilə hədəfə çatdırılacaq nüvə döyüş sursatından gedir. Bu bombalar torpaq qatı və ya betonla qorunan komanda məntəqələrini, anbarları, şaxta komplekslərini və digər müdafiə obyektlərini məhv etmək üçün nəzərdə tutulub.
Nəşrin məlumatına görə, NDS-A ABŞ strateji qüvvələrinin əsas nüvə silahlarından sayılan "B61-11" termonüvə bombasının varisi ola bilər. Qeyd edək ki, "B61-11" bombası daha əvvəlki "B61-7" modelinin bazasında yaradılıb və partlayışdan öncə qruntun dərinliyinə nüfuz etməyə imkan verən möhkəmləndirilmiş korpusa malikdir.
Yeni bombanın konstruksiyası hələlik gizli saxlanılır. Onun sərbəst düşən sursat olacağı, yoxsa daha uzaq məsafədən tətbiq edilməsinə imkan verən mühərriklə təchiz ediləcəyi barədə məlumat verilmir.
Musavat.com